saç tökülməsi

Saç əkimi proseduru və onun aparılma qaydası

Baxış sayı: 497

Artıq kişilər də ən azı qadınlar qədər xarici görünüşlərinə əhəmiyyət verirlər. Saç insanlarda imic yaradan və gözəl göstərən əsas amildir. Elə buna görə də kişilərin ən böyük kabusu saç tökülməsidir. 20 yaşın axırlarında 12 faizə yaxın kişi həmin problemlə üzləşir. Bəziləri buna əhəmiyyət verməsə də, bəziləri üçün ən yüngül saç azlığı iş və sosial həyatda çətinlik yaradır.

Kişilərdə müşahidə edilən saç tökülməsi səbəblərinin 90 faizə qədərini genetik faktorlar təşkil edir. Bundan başqa, insanlar yaşlanarkən və ya baş dərisi əməliyyatları, tireoid kimi bəzi xroniki xəstəliklərlə əlaqədar olaraq saç itkisi yaşaya bilərlər. Trixoloqlar bildirirlər ki, qadınlar da ən azı kişilər qədər həmin problemdən əziyyət çəkirlər.

Mövzuya dair fikirlərini açıqlayan trixoloq Cəmilə Əsgərova aşağıdakıları dedi: “Adətən saç tökülməsi əsasən genetik səbəblərlə əlaqədar olur. Kişilərdə androgenetik səbəblərdən saç tökülməsi varsa, saç əkimi həyata keçirilə bilər. Xanımlarda isə adətən hər hansısı bir əməliyyatdan sonra saç nahiyəsində, qaynaqlardan sonra saçı bərk dartmaq sayəsində, habelə digər səbəblərdən gicgah nahiyələrindən saçlar tökülür. Həmin nahiyədən tökülən tüklərin yeganə çarəsi saç əkimidir”.

Saç əkimindən əvvəl bütün əməliyyatlarda olduğu kimi qana təsir edəcək dərman məhlullarının 15 gün əvvəldən dayandırılması məsləhət görülür. Çox yaşlı, sağlamlıq vəziyyəti pis olan, xroniki xəstəliklərdən və xərçəngdən əziyyət çəkən kişilərə saç əkdirmək olmaz. “Təxminən 20-60 yaş arasında olan sağlam insanlar saç əkimi üçün qəbul edilir. Qaraciyər, ürək, böyrək çatışmazlığı, yüksək şəkər, yüksək arterial təzyiqi, qan laxtalanması problemi olanlar araşdırılır. Hətta 65, 70 yaşında olanlara da saç əkmək olar. Əkim prosesi adətən 6-9 saat vaxt aparır. Bu da keçəllik dərəcəsindən asılıdır. Əkimdən sonra 10 gün xüsusi diqqətə və qulluğa ehtiyac var. Yeni əkilmiş saçın özünün xüsusi yuyulma vasitəsi və yuyulma metodu var”, – deyə həmsöhbətimiz bildirib.

Həmin əməliyyatdan sonra bir neçə saat dincəlmək kifayət edir. İlk üç ay isə diqqətli olmaq lazımdır. Trixoloqun dediyinə görə, əkimdən sonra ilk üç ay həssas dövr sayılır. Həmin müddətdə normal və düzgün davranmaq lazımdır. Məsələn, ağır idman hərəkətləri etmək, sauna, hovuz və dənizdə çimmək kimi prosedurlar qadağandır. Üç aydan sonra əkilən tüklər çıxmağa başlayır, altı ay sonra tüklərin yarısı, bir ildən sonra hamısı çıxır.

Saçların vaxtından əvvəl tökülməməsi üçün onlara düzgün qulluq göstərmək lazımdır. Həkim məsləhəti olmadan saçlara jele və müxtəlif maskalar çəkmək tövsiyə olunmur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir