reqemler

Dünyadakı inanclara görə uğursuz hesab edilən RƏQƏMLƏR

Baxış sayı: 496

Dünyanın bir çox yerində bəzi rəqəmlərin uğursuz olduğu haqqında iddialar var. Hansı rəqəmlər hansı ölkələrdə uğursuz qəbul edilir və həmin rəqəmin uğursuz qəbul edilməsinin səbəbi nədir?

Beləliklə, uğursuz qəbul edilən rəqəmlərlə bağlı yazını təqdim edirik:

 

Uzaq Şərqin uğursuz rəqəmi: 4

Yaponiya, Koreya, Çin və Tayvanda uğursuz qəbul edilən əsas rəqəm 4-dür. Bunun səbəbi isə dil olaraq bir-birinə yaxın olan bu mədəniyyətlərdə 4 rəqəminin oxunuşunun “ölüm” sözünün oxunuşu ilə olduqca oxşar olmasıdır. 4  rəqəmi  mədəniyyətlərinə o qədər təsir edib ki, bu ölkələrdə mənzillərdə, otellərdə, liftlərdə 4-dən istifadə olunmur. 3-dən sonra birbaşa 5 gəlir. Ölümü görməzliyə vurmaq, ölümün də sizi görə bilməyəcəyi mənasına gəlməsə də,  Uzaq şərqlilər yenə də “uzaq durmaqda fayda var” deyə hesab edirlər.

 

Hindistan üçün uğursuz rəqəm: 8

Hindistanın 8-i uğursuz qəbul etməsinin səbəbi isə numarelogiyaya əsaslanır. Hindistanlılar ölkənin başına gələn kiçik təbii fəlakətlərdən tutmuş böyük faciələrə qədər bütün hadisələrin tarixlərini bir şəkildə 8-lə bağlayırlar. Əgər tarixlərin içində  8 yoxdursa, hindlilər yenə də rahatlıq tapa bilmirlər. Və tarixin bütün saylarını toplayır, nəticə olaraq 8 və ya içində 8 keçən bir rəqəm əldə olunursa, bunu yenə 8-in lənətinə bağlayırlar.

 

Dünyanın bir çox yerində uğursuz qəbul edilən: 13 

Bir çox ölkələr kimi Azərbaycanda da hamı 13 rəqəminin uğursuz qəbul edildiyini eşidib. Bu,  həm də bir çox inanclarla əsaslandırılır. Xristianların bəzi inancında da 13 uğursuz hesab edilir. Səbəblərinə gəlincə isə:

Xristianlıqda 13-ün uğursuz sayılmasının səbəbləri üçün bir çox versiyalar söylənilir. Məsələn, bildirilir ki, Həzrət İsanın yaxalanıb çarmıxa çəkilməsindən əvvəlki son yemək  masasında olan 13-ci adam, yəni Yəhudə onu ələ verib. Ona görə də, bəzi xristian ölkələrində otellər və digər yerlər 13-dən imtina ediblər.

Skandinaviya mifologiyasında 13-ün uğursuz sayılmasının da bənzər bir səbəbi var. Tanrı Lokinin digər 12 tanrının qatıldığı bir mərasimə 13-cü olaraq getməsiylə əyləncə pozulmuş və bu hadisə Skandinaviya xalqlarının ən sevimli tanrısı Balderin ölümü ilə nəticələnən davaya yol açmışdır.

Yunan mifologiyasında tanrıların evi Olimp dağında 12 allah oturur. Yunan mifologiyasına görə, ən son  tanrı Dionis Olimpə gələndə Hestia adlı ilahə Olimpdən ayrılaraq insanlar arasında yaşamağa başlayır. Beləliklə, Olimpdə tanrı sayı pis qəbul edilən 13-ə çatmır.

13 rəqəmi Azərbaycanda da uğursuz rəqəm kimi qəbul edilir. Məhz buna görə Azərbaycana məxsus avtomobil seriya nömrələrində 13 rəqəmi yoxdur. 13 rəqəmi əlifba sırası ilə Cəbrayıl rayonuna uyğun gəlsə də, Cəbrayıla 14 seriyası verilib.

 

İtaliyada:  17

17 rəqəmi İtalyan mədəniyyətində uğursuzluq nişanəsidir. Digər mədəniyyətlərdəki kimi uğursuz saydan qaçmaq üçün Romanın bir çox yerində 17 rəqəmindən istifadə edilmir. (Lift, mehmanxana, qat və s). İtalyan aviaşirkəti Alitalia Hava Yolunun Boeing təyyarələrində də 17 nömrəli kreslo yoxdur. Bundan başqa, Renault-un R17 modeli İtaliyada R177 olaraq satışa təqdim edilib.

 

Əfqanıstanda: 39

Əfqan dilində 39-un oxunuşu “ölü inək” mənasına gəlir. Əsl problem “ölü inək” sözünün qadın alverçiləri üçün istifadə edilməsidir. Bu səbəbdən 39 saylı nömrə, mənzil, poçt qutusu və s. hər şey bir qadın alverçisi olduğunu işarə etdiyi üçün bu rəqəm az qala cəmiyyətdən çıxarılıb. Çünki heç kim belə xatırlanmaq istəmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir