2014-cü ildə əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə nikaha girənlərin statistikası açıqlanıb.
Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Modern.az saytının soğusuna cavab olaraq bildirib ki, ötən il Azərbaycan vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında 1816 nikah bağlanıb: “2014-cü ildə Azərbaycan Respublikası vətəndaşları olan qadınların əcnəbilər və vətəndaşlığı olmayanlarla 1816 nikahı dövlət qeydiyyatına alınıb. Azərbaycan Respublikası vətəndaşları olan kişilərin əcnəbilər və vətəndaşlığı olmayanlarla nikaha daxil olması isə qeydə alınmayıb”.
Nazirlik rəsmisi eyni zamanda azərbaycanlı xanımlarla nikaha girən əcnəbilərin vətəndaşı olduqları ilk 10 ölkənin siyahısını da təqdim edib: “Nikahın qeydə alınması zamanı ilk “10-luq”da Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran, Böyük Britaniya və Qırğızıstan ölkələrinin vətəndaşları yer alıb”.
Qeyd edək ki, 2013-cü ildə əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə nikaha girənlərin sayı 2780 nəfər olub. Onlardan 1652 nəfərini qadınlar, 1128 nəfərini isə kişilər təşkil edib. O zaman azərbaycanlıların izdivaca girdiyi əcnəbilər arasında Türkiyə, İran, Rusiya, Almaniya, ABŞ, İsrail, Ərəb Əmirlikləri və s. ölkələrin vətəndaşları üstünlük təşkil edib.
Həmin ildə əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahlarda 211 boşanma faktı qeydə alınıb.
2012-ci ildə Azərbaycanda 1932 nəfər məhz xarici vətəndaşlarla nikah bağlayıb. Bağlanmış nikahlardan 148 isə pozulub.