is

Effektiv təqdimatı necə hazırlamalı?

Baxış sayı: 931

İş təqdimatları çox vaxt sıxıcı olur. Monoton bir səs, bir-birinin ardınca gələn slaydlar, oxunması çətin və uzun yazılar… Halbuki effektiv təqdimat üçün daha artığına ehtiyacınız var.

 

Hazırlıq

Bu mərhələdə mövzunun araşdırılması, mənimsənilməsi önəmlidir. Təqdim edəcəyiniz mövzunu dərindən öyrəndikdən sonra plan qurmalısınız. Düşüncələrinizi yazmaq da işinizə yarayacaq. Bu üsulla fikrinizi toplayacaq, mövzunun yarımçıq tərəflərini asanlıqla tapacaq, səhvlərinizi ilkin mərhələdə görəcəksiniz.

 

Slayd şou

Təqdimat həm vizual, həm də sözlü ünsiyyəti təmin etməlidir. Bu səbəbdən slaydlar vacibdir. Amma danışdığınız hər mövzuya bir slayd hazırlamaq əvəzinə, həqiqətən vacib məqamlara diqqət yetirin. Slaydda uzun-uzun yazılar yazmaq da doğru deyil. Effektiv təqdimat maraq oyada bilməlidir.

Şəkillər

Şəkillər nitqinizi daha əyləncəli hala gətirə bilər. Bu səbəbdən təqdimatınızda vizual elementlərdən istifadəyə üstünlük verin. Ancaq yaradıcılığı da unutmayın. Bəzi fikirləri üstüörtülü şəkillərlə ifadə etmək auditoriyanızın fikrinin müxtəlif istiqamətlərə yayınmasının qarşısını alır, onları oyaq saxlayır.

 

Yazılar

Təqdimatınızdakı mətnlər üçün mümkün qədər sadə, anlaşılan bir şrift istifadə edin. Yazıların oxunmayacaq qədər  kiçik olmadığından da əmin olun. Bütün deyəcəklərinizi slaydda yazmayın, çox yazı dinləyicilərinizi yora bilər.

 

Səs tonu

Monoton və darıxdırıcı bir səs tonu ilə danışmayın. Təqdimatı mümkün qədər şən və yüksək səslə davam etdirmək sizin lehinizədir. Bəzən səsinizi alçaldıb yüksəldərək diqqət cəlb etməyə və auditoriyaya sual verərək onları da təqdimata daxil etməyə çalışın.

 

Rənglər

Projektor divara yansıdılarkən otağın işığı azaldılır və ya söndürülür. Buna görə də, slaydda istifadə etdiyiniz rənglərə diqqət yetirin. Arxa fon və mətn rənglərinin kontrast olması daha aydın görünüş təmin edir.

Təcrübə

Təqdimatın harada keçiriləcəyi məlumdursa, oxşar bir məkan yaradaraq məşq edin. Bu, sizin həyəcanınızı azaldacaq. Əvvəlcədən bəzi dostlarınız və ailə üzvlərinizə təqdimatınızı göstərib rəylərini öyrənə və bunun əsasında düzəlişlər edə bilərsiniz.

Bəzən təqdimatın çox yaxşı hazırlanması kifayət etmir, çünki təqdimatı edən şəxs də bir o qədər vacibdir.

Təqdimat  başlayanda həyəcanlı ola bilərsiniz. Bu zaman diafraqmadan nəfəs alıb verin. Yumşaq, qərarlı, özünüzdən əmin səs tonu ilə danışın. Danışmaq qədər göz təması da önəmlidir, insanların gözünə baxmaqdan qorxmayın. Və nəhayət, təqdimat zamanı bütün iştirakçılara eyni uzaqlıqda yerdə dayanın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir