XESTE

Hansı xəstəliklərin müalicəsi Xidmətlər Zərfinə salınacaq?

Baxış sayı: 798

Azərbaycanda İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən tibbi xidmətlərin sayı artırılacaq. Bu barədə mətbuata İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, dəyişikliyə əsasən, Xidmətlər Zərfinə 300-ə yaxın tibbi xidmətin əlavə olunması planlaşdırılır. “Hazırda İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Ümumilikdə Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin sayının 2800-dən çox olması nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. Xidmətlər Zərfində dəyişiklik olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat verilir”, – deyə məlumatda qeyd olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilir ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən mövcud tibbi xidmətlərin əhatə dairəsi genişləndirilir. Bütün xəstəliklərlə bağlı Zərfə yeni tibbi xidmətlər əlavə olunması nəzərdə tutulub.

Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirir ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayının artırılması vacib amildir: “Hesab edirəm ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən tibbi xidmətlərin sayı artırılmalıdırr. Məsələn, cərrahiyyənin bütün növ xidmətləri İcbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə olunsa yaxşı olar. İcbari tibbi sığortanın Xidmətlər Zərfi ürək əməliyyatlarını tam təmin etməlidir. İstər invaziv kardiologiya, istər də kardioloji açıq və qapalı əməliyyatların paketə daxilinə ciddi ehtiyac var. Bu, ölkədə çox yayılmış xəstəliklər qrupudur. Xəstəliyin müalicəsi üçün rəqabət imkanları da mükəmməl deyil. Bizim kardiocərrahlarımızın sayı azdır. Ona görə də düşünürəm ki, kardiocərrahların stimullaşdırılmasına ehtiyac var”.

İ.Hüseynli deyir ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan xidmətlərin sayı artırıldıqda ölkəmizdə çox yayılmış xəstəliklər nəzərə alınmalıdır: “Elə xəstəliklər var ki, ölkəmizdə geniş yayılıb. Bu da Azərbaycanda müayinə diaqnostikasının indiyə qədər ödənişli, baha olması ilə bağlı olub. İnsanlar vaxtında gedib müayinə olunmadığından, bəzi xəstəliklər geniş yayılıb. Sığorta zərfi bu xəstəliklərlə bağlı tibbi xidmətləri əhatə etməlidir”.

İ.Hüseynlinin sözlərinə görə, stomatoloji xəstəliklərin əskik olan tibbi xidmətlərinin sayının artırılmasına ehtiyac var: “O cümlədən, Xidmətlər Zərfinə qazilərimizin ehtiyacının olmasını nəzərə alıb, indiki məqamda fizioterapiyanın vacib xidmətləri daxil edilərsə, yaxşı olar. Qazilərimiz var, onların dövlət sektorunda fizioterapiya xidmətlərini alma imkanları olmalıdır”.

Azərbaycan Həkimləri İctimai Birliyinin (AHIB) idarə heyətinin üzvü Ədalət Rüstəm bildirir ki, Xidmətlər Zərfinə 300-ə yaxın tibbi xidmətin əlavə olunması təqdirəlayiq haldır: “İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayının 2550-dən 2800-ə çatdırılması çox yaxşı haldır, sevindiricidir. Bu o deməkdir ki, ölkəmizdə icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilən tibbi xidmətlərin sayı artır. Daha çox insan xəstəliklərinin müalicəsi üçün icbari tibbi sığortadan yararlanacaq. O ki qaldı Xidmətlər Zərfinə daxil edilən xəstəliklərə, ürək cərrahiyyəsi ilə bağlı bəzi tibbi xidmətlərin əlavə olunması daha yaxşı olardı. Məsələn, ürək cərrahiyyəsində ürəyin əməliyyatı icbari tibbi sığorta tərəfindən həyata keçirilsə də, biosintetik ürək qapağının alınması xərcini xəstə özü ödəməlidir. Ürək qapaqlarının qiyməti isə 30-70-80 min avro arasında dəyişir”.

Ə.Rüstəm bildirir ki, bəzi dövlət proqramında nəzərdə tutulan xəstəliklərin də gələcəkdə icbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə olunması arzuolunandır: “Hazırda onkoloji və diabet xəstəliklərinin müalicəsi dövlət proqramına əsasən pulsuz həyata keçirilir. Yaxşı olar ki, bu xəstəliklər də gələcəkdə Xidmətlər Zərfinə salınsın”.

Həkim bildirir ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfindəki xəstəliklərin sayı ildən-ilə tədricən artacaq: “Bu gün İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayının 2550-dirsə, bir neçə ildən sonra 5 minə çatacaq. Bu da əhalinin daha keyfiyyətli tibbi xidmətlərdən istifadə etməsinə gətirib çıxardacaq”.

Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edir. Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir