Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. UNİSEF-in açıqlamasına əsasən Azərbaycanda bir il ərzində təxminən 15 yaşına çatmayan beş minə qədər qızın ailə qurması barədə informasiyalara rast gəlirik. Bu yaşda uşaqlar isə hələ ailə məfhumunun mahiyyətini anlamır. Gənc qızlar ailənin nə demək olduğunu dərk etsə də, onlar erkən yaşda ərə getmək haqda yox, uşaqlığını yaşamaq və təhsil almaq haqqında düşünürlər. Lakin, yenə də mentalitet dediyimiz adət-ənənələr hələ nikah yaşında və həvəsində olmayan bir qıza valideynlərinə etiraz etməyə imkan vermir. Beləcə, könülsüz ailə qurulur. Amma ən pis tərəfi odur ki, könülsüz ailə quranlar belə demək mümkünsə, problemlərə könüllü razılıq verir. Hansı ki, erkən yaşda evliliyə məcbur edilən xüsusən qız uşaqlarının psixoloji və ginekoloji sağlamlığında problemlər yaranır. Son olaraq təxminən 15 gün öncə Sabirabad rayonunda 12 yaşlı qızın nişanlanması bu problemi yenidən gündəmə gətirdi.
Məsələnin aktuallığını nəzərə alıb, erkən nikahla bağlı psixoloq Almara Məlikovanın fikirlərini öyrəndik.
Psixoloq ilk olaraq bildirdi ki, fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların – gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır.
Psixoloq deyir ki, istər oğlan, istərsə də qız bioloji cəhətdən daha tez ana-ata ola bilir. Amma sixoloji baxımdan isə müəyyən vaxt lazımdır ki, bir insan kimi tam formalaşsın Deməli, erkən nikahla ailə qurmağa hazır olmayan insanı faktiki bunu etməyə məcbur edirik. İkincisi, onlar hələ tam real qərar qəbul edə bilmirlər. Başqa sözlə, erkən və məcburi nikaha təhrik edilmiş uşaqların həyata baxışı müstəqil və yaradıcı deyil.Deməli, onların əvəzinə kimsə qərar qəbul edir. Bu kimsə adətən ata-ana olur. Bu qərar isə erkən nikah yönündə olanda fəsadlara yol açır.
Sonda valideynlərə də səslənən Almara Məlikova aşağıdakıları dilə gətirdi:” Erkən nikah təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur. Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur. Erkən nikahların mənfi təsirləri, cəmiyyətə vurduğu zərərlər barədə illərdir danışılır. Valideynləri övladlarını erkən nigaha məcbur etməkdənsə onlara təhsil verməyə çağırırıq”
Təqdim etdi: Məsudə Sultan
Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Bu səbəbdən belə məqalələrin çox olması yaxşıdır. Təşəkkür edirəm.
Unutmaq olmaz ki, azyaşlı uşaqları erkən nikaha və uşaq evliliyinə məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümunəsi” kimi dəyərləndirilməlidir. Maarifləndirdiyi üçün Almara xanıma minnətdaram.
Hələ də problemin olması bəzi insanların lazımi qədər maariflənmədiyini göstərir. Maarifləndirilmə sahəsində aparılan bütün tədbirlərin əsasında düzgün bilik və təşkilatçılıq dayanır. Bu prosesdə diqqəti müəllim-pedaqoqların fəaliyyətinə, həmçinin məktəb-valideyn işbirliyinin də mühim amillərdən biri olduğuna yönəltmək istərdim. Erkən nikahın qız uşaqlarının sağlamlığı üçün nə dərəcədə təhlükəli olduğunu anlamaq üçün ilk növbədə onun anatomik, fizioloji və psixoloji xüsusiyyətlərini bilmək lazımdır.
Uşaq yaşlarında yeni bir ailəyə, evə köçən qız yeni həyata psixoloji cəhətdən də hazır olmadığı üçün onda psixoloji problemlər yaranır. Bütün bu problemlər ciddi psixoloji hallara, ağır depressiya və hətta intihar cəhdinə gətirib çıxara bilər. Bu məlumatları almış valideyn göz görə-görə övladının, səbəb hər nə olursa-olsun bu cür əzab-əziyyətlərə qatlanmasına razı olmaz.
Sağlam təməllər üzərində qurulan hər bir ailə dövlətin və millətin böyük sərvətidir. Bu sərvətin artırılması və qorunub saxlanılması yolunda cəmiyyətin hər bir üzvü aktiv şəkildə iştirak etməlidir. Bu mənada psixoloq rəyi də müsbət rol oyanaya bilər. Təşəkkürlər psixoloq xanıma
Erkən nikah azyaşlı qızların kabusudur. Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri haqda nə qədər danışılsa azdır. Maarifləndirmə önəmlidir. Təşəkkürlər Almara xanım.
Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Almara xanımın vurğuladığı məqamlarla razıyam. Əslində, psixoloq çox maraqlı məqamları önə çəkib. Minnətdaram.
Bəzi hallarda azyaşlı qızlar könüllü şəkildə ailə qurmağa can atırlar. Yəni, bunu könüllülük kimi ifadə etmək də müəyyən qədər doğru olmazdı. Xüsusən bölgələrdə avtoritar ailələrin qızları ata-ana, böyük qardaş basqısı altında yaşamaqdan bezir. Yorucu və cansıxıcı həyatdan can qurtarmaq üçün nəticənin nə olacağını düşünmədən “səni sevirəm” deyən biri ilə izdivaca girir. Burada artıq “yağışdan çıxıb yağmura düşmək” faciəsi başlanır. Bunlar ya.anmasın deyə belə mütəxəssislərə daha çox tribuna vermək lazımdır.
Problemin mənəvi-psixoloji tərəfi ilə yanaşı tibbi-bioloji tərəfli də var. 13-15 yaş arası yeniyetmə qızın orqanizmi dünyaya uşaq gətirməyə, beyin analıq duyğusuna hazırdırmı?
Razılaşaq ki, təkcə dövlət tərəfindən görülən işlərlə erkən nikah hallarının qarşısının alınması mümkün deyil: “Bu problemin həllində ictimaiyyətin bütün təbəqələrinin, həm dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının, həm də cəmiyyətin bütün üzvlərinin fəal iştirakı vacibdir. Bu baxımdan psixoloqun fikirlərinin də önəmi var. Təşəkkür edirəm.
XXI əsrdə yaşamağımıza baxmayaraq təəssüflər olsun ki, hələ də erkən nikahlara yol verilir. Bunun qarşısını almağa hər birimiz çalışmalıyıq. Psixoloqa da ayrıca təşəkkürlər aydınlatdığı üçün.