USAQ BAGCASI

Evə yaxın, xəstəliyə yoluxma imkanı az, sərfəli qiymət…

Baxış sayı: 191

“Burda həm böyük bağçalar fəaliyyət göstərir, həm də ev bağçaları. Valideynlər üstünlüyü ev bağçalarına verirlər. Mən yaşadığım Alberta vilayətində 80 faiz valideyn uşaqlarını ev bağçalarına qoyur”.

Bu sözləri Kanadada yaşayan, orda ev bağçası olan Nərmin xanım söylədi.

O, ev bağçalarına üstünlük verilməsinin səbəblərini də qeyd etdi: “Bir müsbət tərəfi odur ki, valideynlər evlərinə yaxın ev bağçası tapırlar. Böyük bağçalar heç də həmişə evə yaxın olmur. Evinə yaxın böyük bağça olsa belə, yenə də çox vaxt ev bağçalarına üstünlük verirlər. Çünki 150 nəfərlik bağçada bir uşaq xəstə olursa, digərlərinə də keçmək imkanı böyükdür. Amma 5-6 nəfərlik bağçada bu risk dəfələrlə az olur. Valideyn şəhər mərkəzində işləyirsə və ofisinin binasında bağça varsa, uşağını ora aparacaq. Çünki işə gedənə aparır, gələndə götürür. Amma bəzən bunu da etmirlər. Çünki ofislər 70-100 mərtəbəli binalarda olur, bağça da həmçinin. Bağça uşağı harda gəzdirəcək? Şəhərin mərkəzində uşaqların gəzməyi üçün o qədər də yer yoxdur. Yollar maşınla dolu, hava da pis. Qiymət cəhətdən də ev bağçaları çox sərfəlidir”.

 

“Pedaqoji təhsilin olmalıdır”

Nərmin xanım deyir ki, burada iki cür sistem var: “Day home” və “Day care”. “Day home” lisenziyasız ev bağçasıdır. Şirkət kimi qeydiyyatdan keçməyin bəs edir. 2 yaşına qədər 2, 3 yaşına qədər isə ancaq 3 uşaq götürə bilərsən. Yuxarı yaşdırsa, maksimum 6 uşaq götürmək ixtiyarın var. Ancaq “Day care” lisenziyalıdır və bu zaman uşaq sayı çox ola bilər. Lisenziya olanda, dövlət subsidiya verir. Tutaq ki, bir uşaq üçün ödəniş 1000 manatdırsa, onun 500-ünü dövlət ödəyir, bağçaya müştəri də yönəldir və s. Mən lisenziyasız fəaliyyət göstərirəm. Şirkət kimi qeydiyyatdan keçmişəm, valideynlərlə müqavilə bağlayıram, vergimi ödəyirəm”.

Bəs evdə bağça fəaliyyəti ilə kimlər məşğul ola bilir və tələb olunan şərtlər nələrdir? Müsahibimiz bu haqda da məlumat verdi: “İlk olaraq pedaqoji təhsilin olmalıdır. Çünki evdə olsa da, bağçadakı proqramla işləyirsən. Dərs, oyunlar və s. Pedaqoji təhsilin varsa, bu işə məsul quruma polisdən sənin və ailə üzvlərinin kriminal vəziyyətilə bağlı arayış, “ilkin tibbi yardım” və yemək bişirilməsi və necə saxlanması ilə bağlı sertifikat təqdim etməlisən. Onlar da gəlib evinin şəraitinə baxırlar. Otaq işıqlı olmalı, uşaq sayına düzgün gəlməlidir. Otaqda hər uşağa 2,5 kvadrat ərazi hesablanır. 10 uşaq götürürsənsə, içəri 25 kvadratlıq ərazi olmalıdır. Bayırda isə 3,5 kvadrat lazımdır ki, oyun yeri olsun. Şərtlərdə bu kimi məsələlər çoxdur”.

 

“Bağça proqramı ilə iş qurulur”

Yəni evdəki bağça böyük bağçalardan heç nəyi ilə fərqlənmir: “Evin bir mərtəbəsini uşaqlara ayırmışam. Uşaqlar üçün otaq, hamam-tualet ayrıdır. Valideynlər kamera ilə uşaqlara otaqda və həyətdə oynayanda nəzarət edə bilirlər. Bu kameralar həm də polis nəzarəti altındadır. Bağça proqramı ilə iş qurulur. Bəzi ev bağçaları yemək vermir, valideyn gətirməlidir. Amma mən yeməyi də özüm hazırlayıram. Uşaqlar gələnə qədər tezdən oyanıb səhər və günorta yeməklərini hazır edirəm”.

Bu bağçaların iş rejimi isə 06:30-dan 17:30-a qədərdir. Amma evdir deyə, valideynlər daha gec saatda gəlib götürə bilməzlər. Gecikdikləri hər 15 dəqiqəyə görə 10 dollar əlavə ödəniş etməlidirlər. Düzdür, 15 dəqiqə gecikməyə görə ödənişi deyə bilmərəm, amma yuxarıda qeyd edilən sistem bağça problemi yaşanan ölkə olaraq bizim üçün də cəlbedeci gəlir. Xüsusilə Bakı şəhərində təlim-tədris ilinin əvvəlində valideynlər tək dövlət deyil, özəl bağçalarda da yer tapa bilmirlər. Bəzən yer tapılır, amma qiymət ailənin büdcəsinə uyğun gəlmir. Ev bağçalarının qiymət cəhətdən sərfəli olması da bir üstünlükdür. Bəs mütəxəssislər nə deyirlər? Bizdə buna tələb varmı?

“Evdə kamera ilə nəzarət imkanı da yaradılmalıdır”

Sosioloq Sahib Altay deyir ki, bu təcrübədən hazırda bir çox ölkədə istifadə edilir: “Amerika, Kanada, Yaponiyada, Avropanın inkişaf etmiş ölkələrində və ümumilikdə inkişaf etməkdə olan bir çox ökələrdə də xüsusi dayəçilik fəaliyyətləri yaranıb. Türkiyədə də bu təcrübə tətbiq olunur. Bu dayəçilik fəaliyyəti nədən ibarətdir? Dövlət və özəl bağçalardan əlavə, fərdi dayələr öz evlərində bağçalar yaradırlar. Dayə uşağın evinə getmir, uşaq onun evinə gəlir. Bir ailənin yox, daha çox pul qazanmaq üçün bir neçə ailənin uşağına bir yerdə baxır, bunu bağça formatına salır. Dünyada buna gedilirsə, deməli, zərurət olub. Bizdə də ehtiyac var. Yaxınlıqda qalan 5 ailənin uşağını gətirib öz evində baxır. Bu, həmin şəxs üçün evində gəlir qazanmaq deməkdir, ailələr isə evinə yaxın yerdə bağçaya uşağını qoyur”.

S.Altay deyir ki, evə bir yox, bir neçə uşaq gətirilirsə, mini bağça yaradılırsa, orda bağça şərtləri ödənilməlidir: “Bağçanın müəyyən şərtləri var. Evdə bağça açan şəxs pedaqoji biliyə sahib olmalıdır. Bu, universitet, kollec, yaxud peşə təhsili ola bilər. Həmin şəxs uşaq psixologiyasına əsasən uşaqla ünsiyyət qurma qaydalarını, tərbiyəçilik metodlarını, baxıcılığı bilməlidir. Ev çox kiçikdirsə, öz uşaqları üçün kifayət etmirsə, əlavə uşağın gətirilməsi də çətin olar. Ev şəraiti imkan verirsə, gigiyenik normalara riayət edilən evdirsə, bağça quran şəxs pedaqoji və psixoloji cəhətdən məlumatlıdırsa, psixoloji durumu yerindədirsə, bu işi qurmaq gözəl olar. Kamera ilə nəzarət imkanı da yaradılmalıdır. Yəni evdədirsə, uşaq səhər gəldi, axşam getdi prinsipi ilə yanaşılmamalıdır. Evdə bir bağça qurulmalıdır ki, valideynlər də rahatlıqla övladlarını qoya bilsinlər. Bunlar təmin olunmaqla evlərdə bağça işi qurulsa, valideynlər də maraqlı olarlar”.

“Əlaqədar qurumlar, mütəxəssislər tərəfindən araşdırılmalıdır”

Millət vəkili Jalə Əliyeva deyir ki, ev bağçaları bir nəfərin qohum-əqrəbanın, qonşunun uşaqlarına evdə baxması, onları yedirib-içirtməsi qədər sadə məsələ deyil: “Söhbət uşaqlardan gedirsə, onların təlim-tərbiyəsi, təhlükəsizliyi, qidalanması, gigiyenası və s. bir çox aspektlər əhəmiyyətli rol oynayır. Eyni zamanda, bu işi görəcək müəllimlərin psixoloji, etik durumu, sağlamlıq, sosial vəziyyəti və s. araşdırılmalıdır. Bağça olunacaq evin durumu buna imkan verirmi? Buna da baxılmalıdır. Bu proses o qədər asan deyil. Dünya təcrübəsi də belədir ki, müəyyən şərtlərə cavab verdiyi halda, həmin şəxsə bu işi evində görməyə icazə verilir. Bir xala, bibi də qohumların uşaqlarına evdə baxa, onları yedirə və s. edə bilər. Amma uşaqların professional şəkildə qurulmuş ev bağçasında təlim-tədrisindən söhbət gedirsə, bununla, qanun səviyyəsində tənzimləndikdən sonra müəyyən şərtlərə cavab verən şəxslər məşğul ola bilər”.

J.Əliyeva bildirdi ki, digər ölkələrin tətbiq edib müsbət nəticələr əldə etdikləri yaxşı nümunələr varsa, onu tədqir etmək olar. Ancaq o nümunələrin ölkədə tətbiqi üçün mütəxəssislər araşdırma etməli, müzakirə aparılmalı və tətbiqi uyğun görülərsə, qanunvericilik səviyyəsində iş görülməlidir: “Azərbaycanda məktəbəqədər tədris müəssisələri birbaşa dövlətin, yerli icra orqanlarının nəzarətindədir. Amma eyni zamanda özəl bağçalar da fəaliyyət göstərirlər. Bu məktəbəqədər tədris müəssisələri ilə bağlı da tələblər kifayət qədər ciddidir. Çünki burda söhbət uşaqlardan, onların gələcəkdə fərd kimi yetişdirilməsinin təməlinin necə qoyulmasından gedir. Ev şəraitində bağça sisteminin ölkəmizdə qurulmasından danışırıqsa, müsbət və mənfi tərəfləri tərəziyə qoyulmalı, əlaqədar qurumlar, mütəxəssislər tərəfindən araşdırılmalıdır. Sonra artıq qərar verilə bilər ki, bizdə bunu tətbiq edək, yoxsa yox”.

 

Bəs valideynlər uşaqlarını ev bağçalarına qoymaq istəyərlərmi?

Valideyn Xəyalə Əhmədova deyir ki, evinə yaxın ərazidə və güvəndiyi yer olarsa, istəyər: “Uşaq ev bağçasında həmin evin adamları ilə bir yerdə olarsa, buna razı olmaram. Çünki istər-istəməz başqa ailədə gördüyü pis-yaxşı nə varsa, onun beyninə həkk oluna bilir. Amma sırf bağça tipli olarsa, bir pedaqoq özü evində bunun üçün ayrıca şərait qurarsa, vaxtını ancaq uşaqlara həsr edərsə, mənim üçün problem olmaz. Kamera ilə nəzarət imkanının olması şərtdir”.

Digər Valideyn Gülnar Hacıyeva isə bildirdi ki, qiymət cəhətdən sərfəli olarsa, bir çox valideyn buna üstünlük verə bilər: “Bir çoxumuz bağça problemi yaşayırıq. Dövlət bağçalarında yer tapmaq çox çətin məsələdir. Özəllərin qiymətləri isə gəlirimizlə uyğun deyil. Yəni aldığın maaşı bağçaya verincə, düşünürsən ki, elə oturum evdə, uşağıma baxım. Bu cəhətdən ev bağçaları sərfəli qiymətə olarsa, çox yaxşı seçim ola bilər”.

G.Hacıyeva qeyd etdi ki, uşağın təhlükəsizliyi məsələsinin orda necə təmin olunması isə seçimə təsir edən əsas faktordur: “Ucuzdur deyə hamı ona getməz, təbii ki. Ev uşaq üçün təhlükəsiz şəkildədirmi? Yemək məsələsinə nə dərəcədə həssas yanaşma var? İstifadə etdikləri məhsullara da baxaram. Ailənin özü ilə yanaşı, o evə kimlərin gəlib-getməsini araşdıraram. Tam əmin mühit yaradılsa, niyə də olmasın”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir