qurban bayrami

Fədakarlıq və sevgi bayramı

Baxış sayı: 402

İyunun 16-17-də İslam aləminin ən müqəddəs bayramlarından biri olan Qurban bayramını qeyd edəcəyik. Bu bayram hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır, bir neçə gün davam edir. Qurban bayramı qardaşlığı, dostluğu, fədakarlığı, xeyirxahlığı ehtiva edir.

 

İlahi əmr

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Elvüsal Məmmədov  bildirir ki, qurban hər şeydən əvvəl ilahi əmr, Allaha itaətin təcəssümüdür. Onun sözlərinə görə, bu bayram insanları mərhəmətə, şükür etməyə, yardımlaşmağa dəvət edir: “Biz qurban kəsməklə İbrahim peyğəmbərin oğlu İsmayılla əhvalatını xatırlayır, yad edirik. Bu hadisə ilə həmin gün müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Təsadüfi deyil ki, Qurban bayramı ərəb dilində fədakarlıq mənasını ifadə edir”.

“Qurban bayramı həm də şükür bayramıdır”

İlahiyyatçı deyir ki, Qurban bayramı həm də şükür bayramıdır: “Qurban kəsməklə bəndə həm də Allaha ona verdiyi hədsiz nemətlərə görə şükür edir. Biz bu bayramı qeyd etməklə, müsəlman olduğumuzu, “Qurani-Kərim”də Allahın buyurduqlarını qəbul etdiyimizi təsdiqləyirik. Təsdiqlə yanaşı, qurban özündə sevgini ifadə edir. Çünki insan Allahı sevmədikdə onun buyurduqlarına da əməl etmir. Əlbəttə ki, Qurban bayramı və qurban ibadətinin mənəvi tərəfləri ilə yanaşı, sosial-ictimai tərəfləri də var. Biz bu bayramda qurban kəsir, ətini kasıblara, ehtiyacı olanlarla paylamaqla qardaşlıq borcumuzu yerinə yetirir, insanlar arasında həmrəyliyin, yardımlaşmanın möhkəmlənməsinə öz töhfəmizi veririk”.

Bayramın vacib əməllərindən biri bayram namazının qılınmasıdır. Mütəxəssis deyir ki, bayram namazı iki rükətdir və günəşin çıxmasından sonra qılınır: “O, digər namazlardan hər rükətdə təkbirlərin çəkilməsi ilə fərqlənir, başqa heç bir fərqi yoxdur”.

 

Bu insanlar qurban kəsməkdən azaddır

“Bütün müsəlmanlar qurban kəsməlidirmi?” sualına gəldikdə, ilahiyyatçı bildirir ki, hansı müsəlmanın imkanı çatırsa, qurban kəsməsi bəyəniləndir: “Qurban kəsmək ilk növbədə müsəlman olmağın göstəricisidir. Amma bütün müsəlmanlara vacib deyil. Əgər insan borc içində deyilsə, gündəlik tələbatını ödəməklə yanaşı, kənarda əlavə pul toplamaq imkanı varsa, qurban kəsmək onun gündəlik, aylıq yaşayışına təsir göstərmirsə, kəsə bilər. Maddi ehtiyaclarını ödəyə bilməyən insanlar qurban kəsməkdən azaddırlar”.

 

“Heyvanın ayağı axsaq, gözü kor olmamalıdır”

Bayramda müzakirəyə səbəb olan hallardan biri də qurbanlıq heyvanın düzgün seçilməsidir. Maraqlıdır, bu seçim necə aparılmalıdır?
Həmsöhbətimiz bildirir ki, qoç, inək, dəvə, keçi qurban kəsilə bilər. Bu vaxt biz çalışmalıyıq ki, qurbanlıq heyvan gözəgəlimli olsun, heç bir fiziki qüsuru olmasın, ətli, canlı olsun: “Çünki biz qurbanı Allah adına kəsirik. Allah adına kəsilən heyvan da buna layiq olmalıdır. Biz qurban seçərkən çalışmalıyıq ki, xüsusən qoç və keçilər bir yaşına qədər olsun. Əgər bir yaşına çatmayıbsa, amma bir yaşlı heyvan kimi görünürsə, kəsə bilərik. Qoç və keçini ancaq bir nəfər kəsə bilər. İnək və dəvəni isə yeddi nəfərin şərikli kəsməsi mümkündür. Qurban kəsiləcək heyvanların ayağı axsaq, qulağının hansısa əzası əskik, gözü kor olmamalıdır”.

 

Bu halda qurban qəbul olunmur

Mütəxəssis deyir ki, bəzi insanlar qurbanın növünü ayıra bilmir: “Niyyət və İsmayıl qurbanı fərqlidir. Bayramda kəsiləcək qurban məhz İsmayıl qurbanıdır. Biz bu qurbanı kəsərkən məhz Allah üçün niyyət etməliyik, Onun yolunda kəsməliyik. Əks halda qurbanımız qəbul olunmaz”.

 

Digər məhsullarda bahalaşma gözlənilmir

Bəs Qurban bayramında bazarda bahalaşma gözlənilirmi? Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, ölkəmiz sərbəst bazar iqtisadiyyatı sistemində yaşayır. Bazar özü-özünü tənzimləyir: “Qiymətlərin dəyişməsi bazar iştirakçılarının sayından, təklif etdikləri qiymətlərdən, habelə həmin məhsula olan tələbatdan asılıdır. Təbii ki, təkcə Qurban bayramında deyil, digər bayramlarda da elə məhsullar olur ki, onlara tələbat daha da artır. Məsələn, bu bayramda tələbatın daha çox olduğu ərzaq ət və ət məhsullarıdır. Tələbata uyğun qiymət formalaşır və ət məhsulları bahalaşır. Təəssüfləndirici məqam odur ki, hər il bayram ərəfəsində artan qiymətlər psixoloji baryerlər səbəbindən bayramdan sonra da azalmır, ucuzlaşma baş vermir”.

İqtisadçı deyir ki, bu il digər məhsullarda bahalaşma gözlənilmir: “Bu bayramda digər məhsullara xüsusi tələbatın olacağı gözlənilmir. Buna görə də qiymət artımını proqnozlaşdırmırıq”.

 

“Qurban payından məhrum olan vətəndaş qalmasın”

V.Oruc sonda vurğulayır ki, bayram ərəfəsində qurumlar tərəfindən keçirilən yarmarkaların bazara müsbət təsirləri olur: “Azərbaycan sosial dövlətdir. Bu səbəbdən hər il bayram ərəfəsində yarmarkalar keçirilir, marketlərə ətlər ucuz qiymətə təklif olunur. Dövlət ya müxtəlif üsullarla sahibkarları stimullaşdırır, ya özü iştirakçı kimi daha ucuz məhsullar təklif edir. Bu, vəziyyəti stabilləşdirir. Bu addımlar olmasa, qiymət ciddi şəkildə artar və əhalinin böyük bir hissəsi bayram günlərində qurban əti əldə edə bilməz. Təbii ki, bu məsələ həm də inanca bağlıdır və əhalinin mütləq əksəriyyəti bundan kənarda qalmaq istəmir. Mən bütün imkanlı şəxsləri və xeyriyyəçiləri bu günlərdə aktiv olmağa çağırıram ki, qurban payından məhrum olan vətəndaş qalmasın”.

 

Aygün Əziz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir