urek

Gəncləşən ürək-damar xəstəliklərinin qarşısını necə almalı?

Baxış sayı: 882
2007-ci ildə 12 218 gəncə (14-29 yaş arası) ilk dəfə qan dövranı sistemi xəstəlikləri diaqnozu qoyulubsa, 2019-cu ildə bu rəqəm 25 200 nəfər olub . 2 dəfədən çox artım. Bəli, ürək, qan-damar xəstəlikləri gəncləşir, bu, neçə illərdir statistik rəqəmlərdə də  özünü göstərir. Əvvəllər ürək, qan-damar xəstəliklərini daha çox 40-50 yaşlardan yuxarı şəxslərdə müşahidə edirdik, bu xəstəliklərdən ölüm hallarına da, əsasən, bu yaşlardan sonra rast gəlinirdi, indi artıq gənc yaşlarda həm xəstələnmə, həm ölüm halları artıb və artmaqda davam edir. COVİD-19 pandemiyası dövründə də bu cür halların sayının artdığını müşahidə etdik.

Bəs nə etməliyik, bu gəncləşmənin qarşısını necə ala bilərik?

 Daş deyil, ürəkdir bu

 

Gəncləşmə ölkələrə görə dəyişir

Almaniyanın Dillenburq Şəhər Xəstəxanasında çalışan kardioloq Firudin Qurbanovun sözlərinə görə, ürək, qan-damar xəstəliklərindəki gəncləşmə dünyanın müxtəlif ölkələrində fərqli şəkildə özünü göstərir: “İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə, inkişaf etməmiş ölkələrə nisbətən, gənc yaşlarda bu xəstəliyə  rastgəlmə tezliyi daha yüksəkdir. Bunun da səbəbi sənaye ölkələrindəki həyat tərzinə bağlıdır. Həddindən artıq stress, az hərəkətlilik, düzənsiz qida rejimi, “fast-food”lara çox üstünlük verilməsi, siqaret istifadəsi, yuxu rejiminin pozulması və s. kimi məsələlər gənc yaşda insanlarda ürək, qan-damar sistemi probleminin ortaya çıxmasını sürətləndirən faktorlardır”.

Kardioloq Üzeyir Rəhimov deyir ki, ürək, qan-damar xəstəliklərinin gəncləşdiyi müşahidə olunan ölkələrdən biri də Azərbaycandır: “Xəstəliyin gəncləşməsi bütün dünyada var. Qidalanma, oturaq həyat, idman, hərəkət etməmək, artıq kalori, stress kimi faktorlar ürək, qan-damar xəstəliklərini artırır. Gəncləşməsi üçün səbəblər də çoxdur. Ancaq digər ölkələrdə bizdəki qədər ürək, qan-damar xəstəlikləri cavanlaşmayıb. Azərbaycanda bu xəstəliklərin gəncləşmə halı daha çoxdur”.

 

Problemi böyüdən səbəb

Üzeyir Rəhimov bildirdi ki, ürək, qan-damar xəstəliklərinin ölkəmizdə daha çox gəncləşməsinin səbəbləri var: “Bizim ölkədə şəkər xəstələri hədsiz çoxdur. Əvvəllər səhiyyə sığortası olmadığına görə, insanlar həkimə getmirdilər. Təzyiq, xolesterin, çox vaxt nəzarətsiz olurdu. Digər ölkələrdə niyə azdır? Çünki sığorta sistemi var. İnsanlar heç bir qayğısız, maliyyə məsələsi düşünmədən xolesterini, təzyiqini, şəkərini  yoxlatdırır, ölçü alırlar. Əvvəldən ölçü alınanda, xəstəlik daha az olur. Nəsildə cavan yaşda ürək-damar problemindən qəflətən dünyasını dəyişən, aritmiyası olan adam varsa, digər şəxslər heç bir şikayəti olmasa belə, gedib müayinə olunmalıdırlar. Nə qədər çox yoxlansalar, problemi o qədər də tez tapa bilərlər. Yəni sığorta sistemi çox önəmlidir. Bizdə də bu ildən hər yerdə tibbi sığorta tətbiq olunacaq. Ümid edirik ki, sığortanın tətbiqi bu xəstəliklərin önlənməsinə yardımçı olacaq. Siqaret istifadə edənlər də dünya ölkələri ilə müqayisədə bizdə hədsiz çoxdur. Bu səbəblərdən ürək, qan-damar problemləri artır”.

 

Təsir edə biləcəyimiz risk faktorları

Firudin Qurbanov deyir ki, ürək, qan-damar sistemi xəstəliyi ürəyi qidalandıran tac damarlarının daxili intima qişasının tamlığının pozulması və orada trombların yaranması nəticəsində qan dövranının pozulmasıdır. Ümumilikdə isə ürək, qan-damar xəstəliklərinə səbəb olan 5 əsas risk faktoru var: “Yüksək təzyiq, artıq çəki, nikotin istifadəsi, irsi faktor, şəkərli diabet. Bunlar içərisində bizim təsir edə biləcəyimiz və edə bilməyəcəyimiz risk faktorları var. Məsələn, qida və həyat tərzimizi dəyişməklə çəkimizi aşağı salıb qan yağlarını normallaşdıraraq risk faktoruna təsir edə bilirik. Xolesterinlə zəngin qırmızı ətləri qida rasionunda azaltmaq, bol meyvə-tərəvəz qəbulu, düzənli qida rejimi, həftədə ən azı iki dəfə 45 dəqiqədən çox olmaqla idman yürüşü çox önəmlidir. Xəstənin gündəlik nə qədər nikotin qəbul etməsi və ya hansı müddətdən bəri istifadə etməsi də birbaşa ürək, qan-damar xəstəliklərinin riskinə təsir edir. Bu da təsir ediləcək faktordur. İrsi ürək, qan-damar problemi olub-olmamağına baxılmalı, kimdəsə varsa, artıq həmin şəxs müəyyən məsələlərdə ehtiyalı davranmalıdır. Şəkərli diabet də səbəb faktorlarındandır. Şəkərli diabet birincili və ikincili olmaqla bölünür. İkincili diabetin də birbaşa səbəbi az hərəkətlilik, artıq çəki və mədəaltı vəzin xəstəlikləridir. Bunu da dərman müalicəsi, qida rejimi, pəhriz, hərəkətlilik, çəki azaltmaqla normaya salmaq mümkündür”.

Firudin Qurbanovun sözlərinə görə, ürək, qan-damar xəstəliklərindən uzaq durmağın bir yolu da stressdən qaçmaqdır: “Stress həyatımızın bir parçasıdır. Bundan qaçmaq da çətindir. Mümkündürsə, stressdən, gündəlik konfliktlərdən qaçmaq lazımdır. Mümkün deyilsə, bu stressi bir şəkildə bədənimizdən atmalıyıq. Bunun ən effektiv yolu idmanla məşğul olmaqdır. Fiziki və zehni işi bir-biri ilə tənzimləyərək, bu şəkildə üzərimizdən stressi ataraq ürək, qan-damar xəstəliklərinin qarşısını gənc yaşda almış ola bilərik”.

 

COVİD-19 ürək, qan-damar xəstəliklərinin sayını artırıb

Firudin Qurbanov bildirdi ki, COVİD-19 pandemiyası ürək, qan-damar xəstəliklərinin sayının artmasına birbaşa təsir etdi: “Araşdırmalar nəticəsinə məlum oldu ki, koronavirus ürək, qan-damar xəstəliklərinə birbaşa təsir edir. O viruslar damarların daxili intima qişasında zədələr yaradaraq tromboemboliyalara səbəb olur ki, bu da ürək, qan-damar xəstəliklərini artırır. Eyni zamanda, bayıra çıxma qadağaları oldu, idman zalları fəaliyyət göstərmədi, bunlar da açıq havada zaman keçirməyə, hərəkətliliyə mənfi təsir göstərdi. Gənclər zehni stresslərini ata bilmirlər”.

Ürək, qan-damar xəstəliklərinin gəncləşməsində internet, sosial şəbəkələrin də rolu olduğunu bildirən Firudin Qurbanov qeyd etdi ki, bu aləmə aludəçilik də mənfi təsirini göstərir: “Dünyanın fərqli ölkələrində bununla bağlı uzun-uzun araşdırmalar aparılır. İnternetə, sosial şəbəkələrə aludəçilik, burda çox zaman keçirmək və gündəlik sayrışan fərqli fikirlərin qısa bir anda qəbul olması, bizim bədənimiz, beynimiz üçün artıq kənar stressdir. Ona görə də, sosial şəbəkələrdən həm azyaşlıların, həm də gənclərin müəyyən müddətdə istifadə etməsi məsləhət görülür. Bunların, birbaşa stress faktoru olaraq da ürək, qan-damar xəstəliklərinə təsiretmə rolu var”.

Ani ürək ölümlərindən danışan Firudin Qurbanov bildirdi ki, bunun bir neçə səbəbi ola bilər: “İrsi xəstəliklər, trombozlar, ürəyin ritmik xəstəliklərinə bağlılıq. Yaxud koronavirus pandemiyası dövründə gənclərin ürək problemindən dolayı ölümlərinin birbaşa səbəbləri tromboembaliya oldu. Ümumiyyətlə, ani ürək ölümləri o deməkdir ki, xəstədə öncədən hər hansı simptom olmur. Simptomlar olmadığı halda, həkimə getməmələri də təbiidir. Digər tərəfdən, gənc insanlarda xəstəliyi ciddiyə almamaq bizim kimi ölkələrdə inkişaf etmiş ölkələrə nisbətən daha genişdir. Bizdə həkimə vaxtında müraciət etmirlər. Bu da, təbii ki, qəfil ölümlərdə böyük rol oynayır”.

 

“95 faiz halda Türkiyə ilə eyni səviyyədədir”

Üzeyir Rəhimov deyir ki, Azərbaycanda ürək damarının stendlənməsi, hazırda çox yaxşı səviyyədədir: “İstər stend, istər açıq əməliyyatlarla bağlı vəziyyətin çox yaxşı olduğunu deyərdim. 95 faiz halda Türkiyə ilə eyni səviyyədədir. Çox nadir şeylər var ki, bizdə tətbiq olunmur, bu da maddi səbəblərə bağlıdır. Yoxsa Azərbaycanda ürək damarlarına müdaxilələr üst səviyyədədir. Təkcə Bakıda deyil, Gəncə və Naxçıvanda da bu əməliyyatlar edilir. Yaxın vaxtlarda başqa şəhərlərdə də bu iş qurulacaq. Sığortadan sonra artacaq və bu sahədə vəziyyət daha yaxşı olacaq. 20 il əvvəl Azərbaycanda bu sahədə 3-4 mütəxəssis var idisə, bu gün 100-dən artıq mütəxəssis var. Gənclər yetişib və yetişir”.

Üzeyir Rəhimov qeyd etdi ki, tibb bu gün çox inkişaf edib, əvvəlki dövrlərdə müdaxilə olunmayacaq problemlərə bu gün mütəxəssislər müdaxilə edə bilirlər: “İnfarkt keçirəndən sonra bu insanların ürəklərində ölü hüceyrə qrupları yaranır. O ölü hüceyrə qrupları aritmiya ocaqlarıdır və qəfləti ölüm səbəbləridir. Əvvəllər burda müdaxilə imkanı olmurdu. Amma tibb də bu arada çox inkişaf edib. İnfarkt keçirmiş adam gəlib, damarı tıxanmışdır. Orda xəstəni dəyərləndiririk. Exokardioqrafiya ilə həmin hissədə canlılıq araşdırması aparılır. İnfarkt keçirilən bölgədə canlı hüceyrələr varsa, o damarın açılması, stend qoyulması, əməliyyat edilməsini tövsiyə edirik, yoxdursa, etmirik”.

 

Aygün




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir