gender

Gender bərabər(siz)liyi: Kimdir müqəssir?

Baxış sayı: 411

Bütün dövrlərin ən aktual məsələlərindəndir gender problemidir. Qadın-kişi münasibətləri indiyədək müxtəlif kontekslərdə, müxtəlif quruluşlarda və müxtəlif dövrlərdə nəzərdən keçirilib. Qadınla kişinin bərabər hüquqları, istər sosial, istər cinsi, istər də mənəvi aspektlərdə müzakirəyə açıq məsələdir. Cinslərin qarşılıqlı münasibətləri ən çox müzakirə olunan, heç vaxt nəticəyə varılmayan mübahisəli məsələlərdəndir.

 

Vardır, yoxsa yoxdur?

“Qadın-kişi bərabərsizliyi” anlayışı XX əsrin 80-ci illərinin əvvəllərində “gender” termini ilə bərabər meydana çıxdı. Amma qədim tariximizdə qadının cəmiyyətdə və ailədə böyük rolu və mövqeyi olub. Azərbaycan qadını cəmiyyətdə dövlət başçısı, sərkərdə, diplomat kimi müxtəlif postlarda təmsil olunub, həmçinin ailədə kişi ilə bərabər hüquqlara malik olub.

Ekspertlər hesab edir ki, Azərbaycanda cins bərabərsizliyinin qabarıq şəkildə ortaya çıxması islam dininin hakim mövqeyə yüksəlməsindən sonra daha çox müşahidə olunub. Şəriət hökmlərində kişilərin qadınlar üzərində sərhədsiz hakimiyyətinin daha sərt şəkildə təsbit olunması cəmiyyətdə gender bərabərsizliyinin güclənməsinə səbəb olub. Doğrudur, hər nə qədər ilahiyyatçı alimlər bunun əksini söyləsə də islam ölkələrində tamamilə başqa vəziyyətlər müşahidə edilir. Bu dövrdə, bu əsrdə boşanmaq istədiyinə görə daşlanaraq öldürülən, saçı göründü deyə edam edilən qadınlar da var.

Qeyd edək ki, 1918-ci ildə Şərqdə yaradılan ilk respublika – Azərbaycan Demokratik Respublikası tarixdə qadınlara seçki hüququ və s. hüquqlar verilən ilk ölkələrdən sayılır. Sovetlər Birliyinin tərkibində olduğumuz zamanlarda isə qadınların cəmiyyətdə, ailədə, dövlət sistemində rolu daha sürətlə artdı və gender bərabərliyi həm hüquqi, həm də faktiki olaraq təmin olundu.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda qadın hüquqları və gender bərabərliyinə dair 142 sənəd imzalanıb. Lakin real həyatda qadın hüquqlarının pozulması, məişət zorakılığı, qadın alveri və cinsi istismar hallarının sayı artır. Elə bu günlərdə həyat yoldaşı tərəfindən qətl edilən həkim Türkan Gündüz hadisəsini xatırlamaq kifayətdir.

QADIN-KISI

Qadının ictimai-siyasi mühitdə çəkisi

Qadına seçki hüququnu bu gün ən inkişaf etmiş ölkələr belə Azərbaycandan sonra verə bilib. Seçkilərdə iştirak hüququnun rəsmi olaraq təmin olunması XX əsrin başlanğıcına təsadüf edir. Finlandiya və Norveçdə 1906-1907-ci ildə, Danimarkada 1915-ci ildə, Almaniya, İsveç və Böyük Britaniyada 1918-ci, ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü, İtaliyada 1945-ci, İsveçrədə 1971-ci ildə qadınlar səsvermə hüququ qazanıblar.

2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.

Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,2 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,1 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

Azərbaycan qadınları məşğul əhalinin ümumi sayındakı çəkisi 48,3 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, fərdi sahibkarlar arasında isə 22,0 faizdir. 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,6 faizə çatıb.

Sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2022-ci ildə 11,8 faizədək artıb. Lakin ekspertlər hazırda Azərbaycanda qadınların hakimiyyətin seçkili orqanlarında və ali icra strukturlarında təmsil olunma faizini hələ də qənaətbəxş hesab etmir.

aile davasi

“Bizim qadınlar döyülməyi sevir”

Feminist qismin fikrincə, Azərbaycanda qadınlara münasibətdə yazılmamış qanunlar və formalaşmış stereotiplər çox zaman önə çıxır. Hesab edirlər ki, ailədə və cəmiyyətdə qadının yeri kişidən sonra gəlir. Süfrənin başı kişi üçündür, xörəyin yaxşı yeri ona saxlanır, kritik məqamlarda ən son sözü o deməlidir. Bəziləri bunu mental xüsusiyyətlərlə izah etməyə çalışır. Bəzən onlara haqq verirsən. Ən sadə misal, əri tərəfindən döyülən qadın bunu ətrafından gizlədir, döyülməyə razı olur, amma qorxur ki, bunu ətrafından kimsə bilər.

Feministlər hesab edir ki, əslində, gender bərabərliyi tarixin heç bir dönəmində heç vaxt olmayıb. Feminist Aynur Həsənzadənin dedikləri: “Bərabərlik ona deyirlər ki, eyni miqdarda göstərici olsun. Adicə misal, deputatlardan neçəsi qadın, neçəsi kişidir? Parlamentdə qadınlara 16-17 faizlik çəki veriləndə böyük iş hesab edilir. Axı bu ümumi payın 6-dan, 7-dən biridir, niyə bu qədər şişirdilir?”.

Müsahibimiz deyir ki, əvvəl boşanmağa qorxan qadın indi boşanmaq istədiyini dilə gətirə bilir: “Bizim uğurumuz yalnız budur, o statistik rəqəmlər yox. Amma boşanmalarda da çox vaxt qadın əzilən tərəf olur. Ya öldürülür, uşaqları qalır zalım ər əlində, ya da əri evdən atır, baxmayaraq ki, evdə qadının və uşaqların qanuni haqqı var. Amma o “kişi” bunu əvvəlcədən fikirləşib axı, evi keçirib başqasının adına. Qadın nə təzminat ala bilir, nə də uşaqlara kəsilən aliment pulunu. Boşandıqdan sonra kişi yoxa çıxır, qadın da tək başına 2-3 uşağa baxmağa məcburdur”.

qadin-kisi

136 pilləli siyahıda 94-cü yerdəyik

Dünya İqtisadi Forumu “Qlobal Gender Bərabərliyi” hesabatında 136 ölkəni resurs və imkanların kişi və qadın əhali arasında necə bölüşdürüldüyü üzrə dəyərləndirib. Hesabat dörd sahədə gender bərabərsizliyini ölçüb: iqtisadi iştirak və imkanlar, təhsil dərəcəsi, siyasi səlahiyyət, sağlamlıq və həyatdaqalma. Həmin siyahıya görə Cənubi Qafqaz ölkələri arasında lider Gürcüstandadır, o siyahıənın 86-cı pilləsindədir. Sonra Ermənistan (94) və Azərbaycan (99) gəlir. İran (130) və Pakistan (135) aşağı səviyyəli ölkələr sırasındadır.

MDB ölkələri arasında ən yüksək nəticə Qazaxıstana (32) məxsusdur. Daha sonra Moldova (52), Rusiya (61), Qırğızıstan (63), Ukrayna (64), Azərbaycan (99) gəlir.

Beləliklə, bir tərəf Azərbaycan qadınlarını cəmiyyətimizin tamhüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak etdiyini iddia edir, başqa bir tərəf isə əksini deyir. İndi siz deyin, Azərbaycanda gender bərabər(siz)liyi varmı?

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir