masin

Həyatımızı riskə atan sürücülər

Baxış sayı: 515

“Kim bilir nələr olacaqdı?! Ata yolu gözləyən hansı övlad atasız qalacaqdı?! Neçə can, neçə tale xilas edildi?! Bilmirik! Fakt, olacaq haqqında təsəvvür yaradır. Masallı rayonunda yol polisi “Mitsubishi” markalı avtomobili nəzarət qaydasında saxlayır. Sürücü qəti etiraz edir: “Sənədlərim var, dilimə spirtli içki dəyməyib, sərxoş deyiləm…”. Sürücü haqlı idi, düz deyirdi, spirtli içki qəbul etməmişdi. Lakin məlum olur ki, ağır dərəcəli narkotik vasitələrin təsiri altındadır”. Bu status Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyevə məxsusdur və bu hadisə 2021-ci ildə olub.

 

İnsanlar növbəti faciədən sığortalanıbmı?

Üzərindən üç ilə yaxın vaxt keçib, lakin narkotik vasitələrin təsiri altında olan sürücülər hələ də ciddi təhlükə mənbəyidirlər. DİN-nin son vaxtlarda yaydığı görüntülərdə bu sürücülərin necə “cəsarət”lə avtomobilini digər avtomobillərin üzərinə sürməsinin, əks yolda hərəkət etməsinin, işıqforun qırmızı işığında keçməsinin, polisin “dur” əmrinə tabe olmamasının, avtomobilini yolda saxlayıb qaçmasının şahidi oluruq. Məsuliyyətsiz sürücülər günahsız insanların həyatına təhlükə yaradır, dəhşət saçırlar. Yəni bu gün də qaydalara riayət edən, evinə, işinə tələsən insanlar yollarda narkotik istifadəçisi olan sürücülərlə rastlaşmaqdan sığortalanmayıblar. Amma onların hamısını aşkarlamaq mümkündürmü? İnsanlar növbəti faciədən sığortalanıbmı?

Məlumat üçün bildirək ki, DYP-nin narkotik istifadəçisi sürücülərlə mübarizəsinə mane olan əsas problemlərdən biri yol polisinin qaydanı pozmayan sürücünü saxlaya bilməməsidir. Şübhə yaradacaq hallar olduqda, qayda pozulduqda, polis sürücü ilə həmsöhbət olur və faktı aşkarlaya bilir.

Bəs narkotik istifadəçiləri qayda pozmadan, təhlükə yaratmadan avtomobil idarə edə bilərlərmi? Spirtli içki qəbul edərkən, hərəkətindən bilinməsə belə, qoxusundan hiss etmək olur, bəs narkotik istifadəçilərini necə?

Narkotik istifadəçiləri üçün pul qazanmağın yolu

Ekspert Emil Maqalov  bildirdi ki, narkotik istifadəçiləri işlədiyi yerlərdən bu vərdişlərinə görə azad olunduqları üçün pul qazanmağın yolunu sərnişindaşımada görürlər: “Onlar üçün pul qazanmağın ən rahat yolu gündəlik maşın kirayələyib taksi fəaliyyəti ilə məşğul olmaqdır. Çünki heç kim maşını verərkən onları tibbi müayinədən keçirmir. Fiziki görünüşə gəldikdə isə, narkotik istifadəçilərinin fiziki görünüşündən əksər vaxtlar bunu hiss etmək olmur. Hazırda fəaliyyət göstərən taksi şirkətlərində də narkotesterlərdən istifadə olunmadığı üçün bu işi rahatlıqla həyata keçirə bilirlər”.

 

Hər gün test götürülməlidir

Problemin həll yoluna gəldikdə isə, mütəxəssis bildirir ki, hər şəhərin, rayonun nəqliyyat departamenti tez cavab verə biləcək testlərdən istifadə etməli, sürücülərin gündəlik testlərdən keçməsini təmin etməlidir: “Narkotik istifadəçiləri üç növ narkotik vasitələrdən istifadə edirlər. Elə narkotik maddə var ki, qanda və sidikdə 24 saat, eləsi var ki, bir həftə, eləsi də var ki, bir ay qalır. Buna görə də sərnişindaşıma ilə məşğul olan sürücülərdən hər gün test götürülməlidir”.

Mütəxəssis vurğulayır ki, həmçinin DYP də qanuna əsasən, hər hansı bir sürücünü saxladıqda, eynən spirtli içki yoxlanışında istifadə olunan alətlər kimi tez cavab verə biləcək narkotesterlərdən istifadə etməlidir. Narkotik istifadəçisi bilsə ki, belə testlər mövcuddur və dərhal aşkarlanırlar, məcburi şəkildə istifadə etməyəcək, etsə belə, sükan arxasına keçməkdən çəkinəcək. Problemin həll yolu yerindəcə yoxlaya bilən narkotesterlərin tətbiqidir”.

Ən yaxşı yol ictimai mübarizədir

Millət vəkili Fazil Mustafa isə düşünür ki, narkotik istifadəçisi olan sürücülərdən xilas olmağın ən yaxşı yolu ictimai mübarizədir: “Sürücülərin narkotik maddələrdən istifadə etməsini müəyyənləşdirmək xeyli çətindir. Hər yolda avtomobil idarə edən sürücünü saxlayıb, yoxlamaq mümkün deyil. Bundan xilas olmağın ən yaxşı yolu ictimai mübarizədir. Aşkarlamaq üçün cəmiyyətdən 102 qaynar xəttinə məlumatlar daxil olmalıdır. Məsələn, kiminsə qonşusu, qohumu narkotik istifadəçisidir və avtomobil idarə edirsə, anonim şəkildə polisi bilgiləndirməlidir. Çünki narkotik istifadəsinin təsiri ilə sükan arxasında oturan hər bir sürücü başqalarının həyatına ciddi təhlükədir”.

Səbəb taksilərin sayının çoxluğudur

Nəqliyyat eksperti Bulud Bağırov isə deyir ki, narkotik istifadəçisi sürücülərin sayının artmasının səbəbi taksilərin sayının çoxluğudur: “Şəhərdə taksilərin sayı sürətlə artır. Sürücülük vəsiqəsi olan taksi fəaliyyəti ilə məşğul olur. Maşın sürməyi bacaran, bacarmayan hər kəs gündəlik 30 manata avtomobil icarəyə götürüb yollarda təhlükə yaradır. Bunun qarşısını almaq üçün ictimai nəqliyyatı gücləndirmək lazımdır. İctimai nəqliyyatda da hər reysə çıxan sürücü həkim müayinəsindən keçməlidir. Bu, həm tıxacların sayını azaldacaq, həm də çıxış yolunu taksi fəaliyyəti ilə məşğul olmaqda görən narkotik istifadəçilərinin sayına təsir edəcək”.

Bəs hüquq nə deyir?

Hüquqşünas Sabir Qəniyev deyir ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri mövcud olmalıdır: “Sözsüz ki, sürücü reysqabağı tibbi müayinədən keçdikdən sonra spirtli içki və ya narkotik vasitəsi qəbul edərək fəaliyyətini davam edə bilər. Lakin spirtli içki və ya narkotik vasitəsi qəbul etdikdən sonra sürücü növbəti gün tibbi müayinədən keçdiyi zaman həmin vasitələrdən istifadə edilmə barədə məlumatlar dərhal müəyyən edilir. Bunun üçün də sərnişindaşıma ilə məşğul olan hər bir sürücü qanunverciliyə əsasən, hər gün tibbi müayinədən keçməlidir”.

Mütəxəssis bildirir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır: “Problem sərnişin daşımaları üçün verilən buraxılış vərəqələrinin taksi sürücülərinin bir çoxu tərəfindən əldə edilməməsidir. Buraxılış vərəqəsi olmadıqda, “Lisenziyalar və icazələr haqqında” qanunun tibbi müayinə ilə bağlı tələblərinin həyata keçirilməsi mümkünsüz olur. Problemin həll yolu kimi bu vərəqlərin əldə edilməsinə ciddi nəzarətin olmasıdır”.

Qeyd edək ki, bu həftə sonu Bakıda fəaliyyət göstərən taksi sürücülərinin kütləvi şəkildə narkoloji testdən keçirilməsi barədə məlumatlar yayılıb.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir