hava

“Hava xəstəliyi” ilə necə mübarizə aparmalı?

Baxış sayı: 509

Havalar kəskin dəyişdikdə, bəzi insanlar sağlamlıqları ilə bağlı narahatlıq hiss edirlər. Hava haqqında verilən proqnozlarda da “Meteohəssas insanlara xəbərdarlıq”, “Hava şəraiti meteohəssas insanlarda diskomfort hissi yarada bilər”, “Meteoroloji amillərin zəif tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişli olacaq” kimi xəbərdarlıqları tez-tez eşidirik.

Bəzi insanlar əhvalının hava şəraitindən asılı olmasının müasir insanın taleyi olduğunu, buna görə ekologiyanın və ya stressin günahkar olduğunu düşünürlər. Əslində səbəblər başqadır. Araşdırmalar göstərir ki, insanlar qədim dövrlərdən havadakı dəyişikliklərin onların sağlamlıqlarına təsir etdiyini görüblər. Hippokrat, eramızdan əvvəl 400-cü illərdə meteoroloji asılılıqdan bəhs edib. Qədim almanlar nəmli soyuq havalarda oynaq ağrılarının artdığını görüblər və vəziyyəti “hava xəstəliyi” adlandırıblar. Tibetli həkimlər bir çox xəstəliyin meteoroloji şərtlərlə əlaqəli olduğuna inanıblar. Daha sonra tədqiqatçılar küləyin istiqamətinin belə insanın əhvalına təsir göstərə biləcəyini və isti və soyuq atmosfer cəbhələrinin davamlı dəyişmələrini xəstələnmənin əsas səbəbi adlandırıblar.

 

İnsanlar niyə hava dəyişikliklərinə fərqli reaksiya göstərirlər?

Bədənimiz elə bir şəkildə qurulub ki, hava şəraitində baş verən hər hansı bir dəyişikliklə rezonans yarada bilər. Havadakı kəskin dəyişiklik bədənimiz tərəfindən təsirsiz ötüşmür. Bu əlaqənin səbəbi, antenalar kimi dəyişiklikləri qəbul edən sinir reseptorlarımızdır. Nəticədə bütün bədən sinir hüceyrələrinin müəyyən siqnallarına uyğunlaşır və orqanlar və sistemlər müvəqqəti olaraq “yüksək həyəcan” (stress) rejimində işə başlayır. Bu cür hadisələrin nəticəsini proqnozlaşdırmaq çətin deyil. Bəzi insanlarda ürək sistemi reaksiya verir, bəziləri əsəb, digərləri isə həzm sistemində baş verən çətinliklərlə qarşılaşırlar.

Sual yaranır: niyə bəziləri havadakı dəyişikliklərə ağrı ilə reaksiya verir, bəziləri isə təbiətin şıltaqlıqlarını hiss etmirlər? Hər şey bədənin təbii hadisələrə uyğunlaşma qabiliyyətindən asılıdır.

Hava dəyişikliyi fonunda bədənin ümumi vəziyyəti dəyişirsə, bu, insanda meteopatiyanın olduğunu göstərir. Meteohəssaslıq və ya meteoroloji asılılıq isə insanda hava şəraitindəki dəyişikliklərə qarşı həssaslığın artması deməkdir. Dünya əhalisinin 40 faizi meteohəssaslıqdan əziyyət çəkir. Onların əksəriyyəti yaşlı insanlardır.

 

Meteohəssaslığın simptomları

Meteoroloji asılılıq müxtəlif simptomlarla özünü göstərir. Yaranan problemlər əsasən yaşdan və ümumi sağlamlığımızdan asılıdır. Sağlamlığı yaxşı olan gənclərdə havadakı dəyişikliklər halsızlıqla müşayiət oluna bilər, xroniki xəstəliklərdən əziyyət çəkən yaşlı insanlarda isə vəziyyət pisləşir və köhnə yaralar özlərini hiss etdirir. Meteohəssas insanlar ümumiyyətlə artan yorğunluqdan, fiziki güc itkisindən, zehni fəaliyyətdəki azalmadan, düşüncələri toplaya bilmədiklərindən şikayət edirlər.

Hava şəraitinin kəskin dəyişməsi ilə yuxunun keyfiyyəti də pozulur: bəziləri yuxusuzluqdan əziyyət çəkir, bəziləri isə əksinə yuxulu olur. Hava həmçinin, meteohəssas insanların əhval-ruhiyyəsinə də təsir edir. Hava bizi əsəbi və narahat edə bilər.

Əvvəllər bir çox həkimlər havadakı dəyişikliklər fonunda sağlamlığından şikayət edən pasientlərə kömək etmirdilər. İndiki dövrdə isə həkimlər meteohəssaslıq indeksini araşdırıb hətta hesablamağı bacarırlar.

Həkim Rasim Vəliyev də təsdiqləyir ki, təbiətdə baş verənlər insanın əhvalına təsirsiz ötüşmür. Meteohəssaslıq orqanizmdə meteoroloji şəraitin hüceyrədaxili və molekulyar səviyyədə təsiridir: “Meteoroloji proseslərlə əlaqədar orqanizmdə gedən dəyişikliklərə “meteohəssaslıq” deyilir. Təzyiq, havanın nəmliyi və yaxud digər amillər səbəbindən insanların iş qabiliyyəti aşağı düşür, özlərini yorğun hiss edirlər. Meteohəssaslıq əsasən sinir-damar xəstələrində özünü daha çox büruzə verir”.

Həkim deyir ki, meteohəssas insanalar əsasən 3 qrupa bölünürlər:  “Birinci qrupa ürək-damar, oynaq xəstəlikləri olanlar, ikinci qrupa psixi xəstəliyi olanlar, üçüncü qrupa isə kəllə-beyin travması alanlar daxildir. Bu gün müasir təbabətə yeni “meteonevroz” adlanan yeni simptom da daxil olub. Bu da başgicəllənmə, təngənəfəslik kimi əlamətlərlə özünü biruzə verir. Bəzi həkimlər ümumiyyətlə, iqlim şəraitini “məşq edən immunitet” adlandırır. Orqanizm bütün bu iqlim dəyişiklikləri ilə inkişaf edir, dəyişir”.

 

Rusiyanın İmmun Korreksiya Mərkəzinin direktoru terapevt Lyudmila Lapanın sözlərinə görə, hipertoniya və hipotoniyandan əziyyət çəkən bütün insanlara meteohəssas deyilə bilər və atmosfer təzyiqinin düşmələri tənəffüs problemi olanlara da təsir edir:  “Yüksək təzyiq həmişə qanı qatılaşdırır, oksigen çatışmır, dərhal əsnəmək istəyirsən. Ancaq bu cür xəstələrdə həm təzyiq, həm də digər göstəricilər normal ola bilər və halın pisləşməsi daxili vəziyyətlə deyil, atmosfer təzyiqinin artması ilə əlaqəlidir. Simptomlar arasında – yuxusuzluq, zəiflik hissi müşahidə olunur”.

Terapevt atmosfer təzyiqinin kəskin artması ilə insanın təzyiqinin düşməsi və yüksəlməsini də izah etdib: “Atmosfer təzyiqi normal olanda, bu, insana təsir etmir. İnsana təsir edən kəskin dəyişmələrdir. Təzyiq əvvəlcə kəskin aşağı enir, sonra qalxır, bədənin isə buna uyğunlaşmağa vaxtı olmur”.

 

Moskva Dövlət Tibb və Stomatologiya Universitetinin, Herontologiya kafedrasının professoru, həkim kardioloq Yuri Konev insanın atmosfer təzyiqindəki dəyişikliklərə həssaslığının yalnız xarici faktorlarla deyil, həm də daxili vəziyyətlə, xüsusi ilə təlaş ilə əlaqəli olduğunu söyləyib: “Bunlar sırf fizioloji dəyişikliklər deyil, həm də psixikanın quruluşundakı dəyişikliklərdir. Bir çox hallarda atmosfer təzyiqinin düşməsi insana təsir etmir. Lakin psixoloji həssaslıq problem yaradır”.

 

Omsk Dövlət Tibb Universitetinin Daxili Xəstəliklər və Ailə Təbabəti kafedrasının professoru Olga Korennovanın sözlərinə görə, meteohəssaslıq mif və ya süni xəstəlik deyil: “Havanın kəskin dəyişmə səbəbindən çox sayda insan təzyiq, miqren, oynaq ağrıları və ürək döyüntüləri şikayətləri ilə həkimə müraciət edir. Damarlar hava dalğalanmalarına uyğunlaşır. Atmosfer təzyiqindəki dəyişikliklər səbəbindən qarın boşluğu və kəllə içərisində təzyiq dəyişir və ağrı meydana gəlir”.

Həkim qeyd edir ki, ən çox xroniki xəstəlikləri və ürək xəstəlikləri olan insanlar, həmçinin hipertoniyalı xəstələr hava dəyişikliklərindən şikayət edirlər. Hava şəraitinin kəskin şəkildə dəyişdiyi günlərdə həkimlər tez-tez infarkt və insult şübhəli olan xəstələrə baş çəkirlər. O, meteoroloji həssaslığı olan insanlara müntəzəm olaraq idman etmələrini, əsəbiləşməməyi və kontrastlı duş qəbul etmələrini tövsiyə edir: “Bunlar dözümlülüyü artırmağa kömək edəcək. Məşq yorucu olmamalıdır. Həmçinin idman yarım saat və ya daha çox gəzinti ilə əvəz edilə bilər”.

 

Əhvalınızı düzəltmək üçün nə etməlisiniz?

Mütəxəssislərin məsləhətlərini nəzərinizə çatdırırıq:

 

Tibbi konsultasiya.

Öz-özünüzə diaqnoz qoyub hava şəraitindən şikayət etməyin. Yüksək qan təzyiqindən şikayət edirsinizsə, kardioloqla məsləhətləşin. Xəstəliyin müalicəsi əsas məqsədiniz olmalıdır. Xəstəliyin gedişatını izləmək və inkişafının qarşısını almaq son dərəcə vacibdir.

 

Sağlam həyat tərzinin qorunması.

Pis vərdişlərdən imtina etmək və müntəzəm yuxu rejimini qorumaq, düzgün qidalanma və müntəzəm idman bədəninizin ətraf mühit dəyişikliyinə uyğunlaşmasına kömək edə bilər.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir