Xaker

“Hesabınızdakı pulları “yeyən” mesajlardan müdafiə mexanizmi yoxdur”

Baxış sayı: 358

Vətəndaşların nömrələrinə sms vasitəsilə karqo şirkətləri adından link göndərilir. Linkdə heç bir söz və ya ifadə qeyd olunmur, sadəcə məntiqsizcə düzülmüş hərflərdən ibarət keçiddir. Göndərilən sms-lərdə adətən tələb belə olur ki, nömrə sahibi həmin linkə daxil olaraq, öz yerini dəqiqləşdirsin, bununla da guya karqo şirkəti vətəndaşın işini yüngülləşdirmiş olacaq. Karqo şirkətləri adından göndərilən bu saxta sms linklərinə daxil olan zaman vətəndaşların bank, kredit hesabından avtomatik olaraq pul çıxılır və həmin vətəndaş külli miqdarda maddi ziyana düşmüş olur.

Nəzərə alsaq ki, bu sms-lər mobil operatorlar vasitəsilə və nömrə xətti ilə göndərilir, o zaman nə üçün daxilində belə təhlükəli link olan sms-lərə mobil operator şirkətləri tərəfindən filtirizasiya tətbiq olunmur? Texnologiya dövründə və 21-ci əsrdə yaşayırıq. Süni intellekt, eləcə də digər texnoloji avadanlıqlar o qədər inkişaf edib ki… İnsan hələ nəsə deməmiş, az qalsın, beynindən keçən fikirləri də oxuyub, analiz edir, məqsəd və məramını öyrənə bilirlər. Ən peşəkar cinayətkar dəstələr bəzən bir sms-in, bir zəngin, hətta bəzən bir hərfin “qurbanı” ola, ələ keçirilə bilirlər.

Bu yaxınlarda 18 yaşlı bir gənc İngiltərədən İspaniyaya uçan bir təyyarədə “Snapchat” vasitəsilə dostlarına zarafatla “az sonra bu təyyarəni partladacağam” mesajı göndərib. Bir neçə dəqiqədən sonra havada olan təyyarənin sərnişinləri pəncərədən baxan zaman onları bir neçə döyüş təyyarəsinin müşayiət etdiyini görüblər. Beləliklə, sərnişin təyyarəsi təcili olaraq ən yaxın hava limanına endirilib və sms-i göndərən 18 yaşlı gənc aşkar olunaraq, məsuliyyətə cəlb edilib.

21-ci əsrdə “zarafat”la yazılan bir mesaj bəzən ölkədə bir ordunun hərəkətə keçməsinə nail ola bilirsə, deməli, bu sahəyə istənilən zaman nəzarət etmək, izləmək qeyri-mümkün hesab edilə bilməz. O ki qaldı, nömrə xətləri üzərindən göndərilən, hansısa “sıravi dələduz”un özü kimi ucuz “taktika”larına. Həqiqətənmi, mobil operatorlar belə sms-lərə nəzarət etməkdə acizdir? Yoxsa, bu vəziyyət onlara da sərf edir? Linkli sms-lər nə üçün filtirlənmir?

Məsələ ilə əlaqədar İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) üzrə mütəxəssis Fərhad Mirəliyev mövzunu aşağıdakı kmi şərh etdi:

Fərhad Mirəliyev

“Qeyd etdiyiniz məsələ fişinq hücumları hesab olunur. “Seçilmiş qurban”lar bu vasitə ilə saxta saytlara yönləndirilir. Bu saytlar bəzən hansısa nüfuzlu bankın, bəzən də hansısa karqo şirkətinin, müxtəlif təşkilatların adından ola bilir. Həmin sms-lər saxta nömrələr üzərindən göndərilir. Reallıqda həmin nömrə mövcud olmur. Sms texnologiyasının özünün belə spam fəaliyyətlərə qarşı təəssüf ki, müdafiə mexanizmi yoxdur. Qaldı ki, göndərilən sms-lərin izlənilməsinə, burada adamlar sms-lərə görə yox, sms-lər adamlara görə izlənilir. Bəli, mesajlarda, zənglərdə hansısa “açar sözlər” olur ki, o sözlərdən istifadə olunarsa, müəyyən yoxlanışlar tələb oluna bilər.

Ümumilikdə, fişinq məsələlərinə görə elə bir siyasət formalaşdırmaq mümkün deyil ki, link göndərilən zaman hansısa xəbərdarlıq olunsun. Ancaq, göndərilən nömrələr saxta olarsa və onlar qara siyahıya alınmış olarsa, sizin dostunuz bu nömrənin orijinalını təsadüfən ala bilər. Bu zaman yazdığı mesaj sizə çatmayacaq. Bu zaman operator necə bilsin ki, həmin sms saxta, yoxsa orijinal nömrədən göndərilir? Yəni bu, texnoloji cəhətdən bir qədər əziyyətli məsələdir. Elə bir total nəzarət üçün təsəvvür edin ki, bir milyonluq abonentin sms-lərini bir-bir yoxlamaq lazımdır. Buna da operatorların yetərli resursu yoxdur. Eyni zamanda bu, vətəndaş narazılığına da səbəb ola bilər. Təhlükəsizlik məsələlərini yoxlamaq xüsusi xidmət orqanlarının səlahiyyətində olsa da, fişinqi yoxlamaq onların işi deyil. Onların daha əhəmiyyətli, daha vacib işləri var” – deyə, İKT üzrə mütəxəssis qeyd edir.

 

Mətin Şükürlü




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir