avtobus

İctimai nəqliyyatda gedişhaqqını necə ucuzlaşdırmaq olar?

Baxış sayı: 339

“Avtobus və metroda gediş haqqının differensiallaşdırılmasına ehtiyac var. Bizdə nədənsə avtobus və metroda gediş haqqı kimi birdəfəlik bilet qiymət əsas götürülür. Gedişlərin qiymətləri bir dəfə istifadə üçün müəyyənləşdirilir. Bu çox geridəqalmış və ziyanlı yanaşmadır”. Bunu iqtisadçı Natiq Cəfərli söyləyir.

Qeyd edək ki, ictimai nəqliyyatda qiymət artımı differensial tariflərin tətbiqi məsələsini aktuallaşdırıb. Son günlər açıqlanan qərara görə, 25 sentyabr tarixindən Abşeron Dairəvi Dəmir Yolu üzrə ən minimal tarif 0,4 manat, istiqamətlər üzrə isə 0,1-0,2 manat artırılıb. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 10-20 qəpik artırılacaq.

N.Cəfərli deyir ki, Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir.

natiq ceferli

“Azərbaycan Dəmir Yolları bilet qiymətlərinə beynəlxalq təcrübədə olan yanaşma tətbiq etməyə başlayır. Rəsmi məlumata görə, şəhərlərarası qatar biletlərində öncədən alanda 15% endirim, bank kartı ilə bilet əldə edəndə əlavə daha 3% “cash back” tədbiq ediləcək. Bundan başqa, qatarlara satılan biletlərin sayı az olanda, gün ərzində əlavə qiymət endirimləri olacaq. Uzun illərdir ki, biz nəqliyyat sektorunda məhz belə yanaşma təklif edirdik”, – deyə Natiq Cəfərli bildirib.

Ekspert dünyanın inkişaf etmiş ölkələrində saatlıq, bir neçə günlük, aylıq, 6 aylıq və illik biletlərin mövcud olduğunu söyləyib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə birdəfəlik gediş biletləri tədbiq edilmir. Sərnişin nə qədər uzun zaman üçün bilet alırsa, gediş üçün bir o qədər az pul ödəyir:

“Məsələn, Praqada yerüstü şəhəriçi nəqliyyatın bütün növlərindən istifadə üçün 1 saatlıq bilet qiyməti, təxminən, 1 avrodan bir az çoxdur (təqribən 1 manat 90 qəpik). Yəni, sərnişin 1 saat ərzində metro, avtobus, tramvaydan bir neçə dəfə istifadə edə bilər. Amma sərnişin 1 aylıq bütün növ nəqliyyatdan istifadə üçün bilet alarsa, 22 avro ödəmiş olacaq (təqribən qırx iki manat). Əgər 1 illik bilet almaq istəyərsə, 145 avro ödəmək lazımdır (təqribən 275 manat). Yəni bunu Azərbaycana proyeksiya etsək, gündə 3-4 dəfə nəqliyyatdan istifadə etməyə məcbur olan Bakı sakini 1 illik bileti günü 75 qəpiyə alacaq ki, bu da sərnişinə bir gedişin 18 qəpiyə başa gəlməsinə səbəb olacaq. Həmçinin misal çəkdiyim Praqada 0-6 yaş arası uşaqlar üçün nəqliyyatdan istifadə pulsuzdur, 6-18 yaş arası insanlar, tələbələr və təqaüdçülər üçün isə gediş haqqına 50% endirim olur”.

Ekspert onu da bildirirb ki, ictimai nəqliyyatın digər növlərində, metro və avtobuslarda da bu təcrübədən istifadə edilməlidir.

“Ümid edək ki, Azərbaycan Dəmir Yollarının tədbiq etdiyi yeni yanaşmadan onlar da dərs çıxarıb geridəqalmış qiymət siyasətlərini dəyişəcəklər”, – Natiq Cəfərli bildirir.

Elmeddin Muradli

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da bildirdi ki, ictimai nəqliyyatda fərqli tariflərin tətbiqi uzun müddətdir ki, müzakirə olunur.

Amma ekspert bunun üçün kart sisteminə keçidin tamamlanmalı olduğunu söyləyib. Bildirib ki, tələbələr, təqaüdçülər üçün fərqli tarif siyasəti tətbiq edilə bilər.

“İctimai nəqliyyatdan istifadə üçün həftəlik, aylıq, illik tariflər tətbiq edilərsə, uzunmüddətli tarifdən istifadə edən sərnişin daha ucuz qiymətə gedib-gələ biləcək. Bu, artıq dünyanın bəzi ölkələrində həyata keçirilir. Amma bunun üçün ictimai nəqliyyatda kartla ödənişə keçid tam yekunlaşmalıdır”, – deyə ekspert bildirir.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir