efsane rustemova

“İndi mənim özümə kömək lazımdır…” – “NATAMAM”

Baxış sayı: 566

Qara geyimi ilə əsla diqqət çəkməyən, rəngli gözləri tək aksessuarı olan bir xanım girdi otağa. Əhvalı və bədən dilinə baxanda yorğun, ancaq ümidli görünürdü. Oralama gündəlik rastlaşdığımız on qadından biri kimi idi, bəs bu qadını onlardan fərqləndirən nə idi? – hekayəsini eşidəndə anlayacağıq yəqin…

– Salam, hər vaxtınız xeyir. İlk dəfədir seansda oluram, açığı, nə danışacağımı və necə başlayacağımı bilmirəm.

– Simanız olduqca tanış gəlir mənə. (Bu pasientimlə doğmalıq yaratmaq üçün qurduğum cümlə deyildi, tanıyırdım sanki o qadını.)

– Hə, mən xeyriyyə işiylə məşğulam. Müharibə dönəmində və ondan əvvəl aztəminatlı ailələri aşkarlamağa və problemlərini həll etməyə çalışıram. Bu bir komanda işidir əslində, sadəcə mən komandanın aktiv görünən üzüyəm. Gözəl iş görürük əslində. Heç bir təmənnamız olmadan bir neçə şəxslərin köməyi ilə aylıq müəyyən məbləğlə ailələrimizə baş çəkirik. Kömək edən adamlarımız dəyişmir, stabil adamlar və adətən stabil bir məbləğ olur. Doğrudur, bəzi dönəmlərdə böyük həcmdə ehsanlar da alırıq və paylayırıq. Bəzən də kimlərsə öz çevrəsinə məsləhət görür bizi. Hamı bizə dəstək olmağa çalışır, Allah onlardan razı olsun. (dərin bir nəfəs alır)

– (Hiss olunur ki, onu narahat edən nəsə var, lakin bu çox həssas bir mövzudur deyə keçid etmək istəmir. Mən də onu sıxışdırmamalıyam.) Çətin işdir, həm ailələrin hekayəsin eşitdiyiniz tərəfi çətindir, həm ona uyğun maddi dəstək tapılması.

– Doğrudur, ailələr və onların hekayəsi ayrı bir travma yaradır insanda. Hər dəfə daha betər talelərlə tanış olursan, hər dəfə daha yetərsiz olduğunu hiss edirsən. Amma ən kiçik bir dəstəkdə belə olduqca minnətdar və gülərüzdürlər deyə onlarla işləməkdən zövq alıram.

– (Deməli, problem ailələr tərəfində deyil, maddi  dəstək aldığı kimləsə bağlıdır)  İndiki dönəmdə insanları təmənnasız yaxşılığa sövq etmək də çətindir. Amma görünən odur ki, bu sizdə yaxşı alınır.

– (köks ötürür) Alınır. Onlar məni və etdiyim işə verdiyim dəyəri bilirlər, tanıyırlar. Ona görə bu mövzuda çətinlik çəkmirəm.

– Bəs tanımayanlar?

– (gözümün içinə baxır, “bu” gerçəyi bilib-bilmədiyimi ölçürmüş kimi məni yoxlayır. Üzümdəki ifadə ilə “buna bənzər bir mövzudan xəbərdaram, mənə güvən və danışmağa başla!” rahatlığı verirəm ona. Elə himə bənd imiş kimi ağlamağa başlayır.) Tanımayanları təmənnasız yaxşılığa inandırmaq çətin olur. Onlar mənim bu işdən nə isə çıxarım olduğunu düşünürlər və o “çıxarı bölüşməyimi” gözləyirlər. Yox, pul istəmirlər…. Belə danışım, amma sizi and verirəm Allaha bu məsələ aramızda qalsın. İnsanları yaxşılıqdan soyutmaq istəmirəm bir-iki şərəfsizə görə!!!

(gözümlə davam etməsini və mənə güvənməsini işarə edirəm)

Bir ailəmiz var idi yardımlaşdığımız. Ərini itirmişdi qadın, iki uşaqla qalmışdı ortada, uşaqlardan biri də xəstə. Qadının ərinin dostları kişinin borcu müqabilində onunla yatmaq istəyirdilər. (Qadın hicablı idi) Buna əsla razılaşmırdı. Bu məsələni mənə deyəndə olduqca narahat oldum. Düşündüm ki, belə şərəfsizin qabağına mənim çıxıb elmi izah verməyimin faydası yoxdur. Mütləq bir kişi dostumuzdan kömək almalıyam. Yardımlarımızda aktiv iştirak edən bir dostuma danışdım məsələni, o da təəssüfləndi və mənə özünü bir hüquqşünas-müstəntiq dostunun nömrəsini verdi. “Ayaza denən mən vermişəm nömrəni, situasiyanı bilir. O sizə kömək edəcək. Yaxşı oğlandır. Tam güvənə bilərsən.”

Ayazı yığıb salamlaşdım, situasiyanı danışdım. Məsələni telefonda danışmayaq deyib axşama çay üçün sövdələşdik. Yardım məsələlərində bu görüşlər normal idi. Mən də heç narahat olmadım, açığı. Axşam işdən çıxıb getdim, görüşdük, danışdım. O da kömək edəcəyi bir mövzu olduğunu dedi. “Formada olmağım lazım deyil, vəsiqəni göstərsəm bəs edər, sən belə şeydən narahat olma, gündə yüz dənə belə alçaq görürük biz. Belə şeyə bu qədər reaksiya versən, səndə can qalmaz. Mən həll edəcəm. İndi denən görüm nə içirsən?” Ayaz qəribə adam idi, ilk dəfədən “SƏN”lə müraciət etməyi, danışıq üslubu mənə olduqca yad idi, amma onda bu məsələni həll edəcək potensial var idi deyə heç sən-siz əvəzləməsi etmədən “Çay” dedim. “Əşşi, bu saatda nə çay eeee” deyindi dodağının altında. Mən anladım ki, nəsə problem var, 15 dəqiqə sonra narahatlığımı hiss etdirmədən durdum. Evə gəldim, çox uzatmayım, üç gün yazışdıq. O mənə bu situasiyanı çox ciddiyə aldığımı deyirdi. Mən də qadına görə narahat olduğumu bildirirdim. Şənbə günü anlaşdıq ki, o adamlarla görüşək. Ayaz gəlib qadını da, məni də götürməyi təklif etdi, dedim ki, özümüz gəlirik. Getdik, həqiqətən də üç dəqiqədən sonra kişilər qadından üzr istəyib çıxdılar. Mən şokda idim, onların yazdıqları iyrənc mesajlardan sonra bu qədər asan ola biləcəyini düşünmürdüm. Dava olacağından qorxurdum, açığı. Ayaz isə böyük bir arxayınlıqla bir çay sifariş verdi. Düşünürdüm ki, dediyi sözün üstündə durdu, məsələni böyütmədən həll etdi. “içək” deyib gülümsəyərək əyləşdik. Yarım saat olar, oturduq-söhbətləşdik. Sonra qadını evə düşürək deyib masadan qalxdı. Hamımız Ayazın maşınına oturduq. Arxada çanta-diplomat var idi deyə, mən öndə oturmalı oldum. Yol boyu heç danışmadıq. Qadın isə elə hey dua edirdi. Çadıq, qadın düşdü, ağlayaraq boynumuzu qucaqladı, təşəkkür elədi. Sonra mən taksi çağırmaq istəyəndə “ayıb olar ki, müəllimə, özüm apararam” deyib qapını açdı. Bu qədər işimizi həll etmişdi deyə doğrusu, kobudluq etmədim, əyləşdim. Yolda bir az bu cür ailələrdən danışdım. Gördüm ki, ona heç maraqlı deyil və heç nə danışmadan sürür. “Burdan sağa” deyib istiqamətləndirdim. “Gedəcəyik, müəllimə, sağa da gedəcəyik, sola da” deyib bığaltı güldü. “Mən müəllimə deyiləm. Əslində çox istəyərdim olum, amma qismət olmadı. İndi bir şirkətdə …”sözüm yarımçıq qaldı. Maşın dayandı. “Yaxşı qızsan, amma çox danışırsan eee, müəllimə.” Utanaraq başımı aşağı saldım, elə həmin an qayıdıb mənə dedi ki, bəs sən mənə təşəkkür etmək istəmirsən?” Əlbəttə edim, biz sizə nə qədər təşəkkür etsək azdır. Doğurdan da, dediyiniz kimi də asan həll etdiniz. Dayandığı üçün “yəqin məni burda düşürüb özü davam edəcək”dedim, əlimi qapıya atanda dedi ki, tələsmə, qoy mən düşüm baxım, sonra… Düşdü, nə yerdəki daşa, nə təkərə baxmadı…arxada qalan oteldə otağa baxıb qayıtdı. “DÜŞ!”

Bilirsiniz, o an qarşı gələ bilməyəcək halda idim, Ayaz məni də inandırdı sanki ona borclu olduğuma.

Yarım saat sonra “Hə, müəllimə, mən sizin işinizi həll elədim, siz də mənim.” Gülümsəyib çıxdı otaqdan. Mən də çıxdım. Ruh kimi idim. Təmənnasız yaxşılıq adıyla çıxdığım yolum kirlənmişdi.. Bundan sonra heç kəsə güvənə bilməyəcəyimi bilirdim. Ayazı mənə məsləhət görən dostumla da qarşılaşmaqdan utanıb onunla əlaqəni kəsdim. Özümü günahkar hiss edirdim onun qarşısında…

Belə…

Bəli, bəzən belə də olur. İttiham edəcəyin adamın qarşısında günahkar hiss edirsən. Çünki bizim kimi toplumlarda başqasının günahkarlığı “sübut edilməli”dir, öz günahkarlığımız isə qeyd-şərtsiz qəbul edilir… Biz də asan olanı seçirik, asan olmasa da…

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir