toy

İndiki oğlanlar necə qızlarla evlənmək istəyirlər? – SORĞU

Baxış sayı: 1. 593

Hər bir gəncin gələcək həyat yoldaşı haqqında özünəməxsus fikirləri var. Evlilikdən qabaq gələcək ömür-gün həmdəmi barədə hərə bir cür xəyal qurur, sevgilisinin necə olmasını öz-özlüyündə təsəvvür edir. Elə gənclər var ki, onların xəyalları gerçək olur. Elələri də var ki, əksinə..

Modern.az saytının əməkdaşı bir neçə gün öncə müxtəlif peşə sahibləri olan gənc qızlardan “Gələcək həyat yoldaşınızın necə biri olmağını istəyirsiniz” sualına cavab istəyib. Əməkdaşımız indi də bu mövzu ətrafında müxtəlif peşə sahibləri olan oğlanların fikirlərini öyrənib.

“Gencaile.az” həmin sorğunu təqdim edir:

Dizayner Namiq Məmmədov gələcəkdə evlənəcəyi qadının ilk növbədə ağıllı və tərbiyəli olmağını istəyir.

“Mənim daha çox ortaboy, sarışın və göy göz qızlardan xoşum gəlir. Zahiri görkəmcə gələcəkdə ailə quracağım insanın belə olmağını istiyərdim. Amma hər şeydən öncə qadının namusu və şərəfi gəlir. Əgər bunların heç biri qadında yoxdursa, ondan nə qədər kənarlaşsan, daha yaxşıdır. Allah heç bir gəncə belə qadınlar qismət etməsin.
Ailə quracağım xanım öz ailəsinə necə hörmət edirsə, mənim də ailəmə elə hörmət etməlidir. Onun imkanı isə mənə lazım deyil. Ailəsi sayılan-seçilən olsun. Onu da qeyd edim ki, çərçivədən çıxmamaq şərti ilə də geyimi normal olsun. Açıq-saçıq geyinən qızlardan xoşum gəlmir. Oturuşunu, duruşunu və sözünün yerini bilən qızlardan çox xoşum gəlir. İstəyərdim ki, gələcək də də bu kriteriyalarda olan xanımla ailə həyatı qurum”.

 

Tibb Universitetinin tələbəsi Tural Abbasa görə, “ailə quracağım xanım” deyəndə hər şeydən öndə əxlaq gəlir.

“Çünki kənardakıların əksəriyyəti söz tapan kimi demirlər ki, çirkindi.  Deyirlər ki, oturuşu, duruşu və hərəkətləti yaxşı deyil. Görünüş baxımına gəldikdə isə çox adam istəyir ki, göy göz və gözəl xanımla ailə həyatı qursun. Mən isə istəyirəm ki, gələcəkdə ailə quracağım xanım əxlaqlı gözəl və təhsilli olsun. Yəqin ki, mən bir qadında olan maksimum şeyləri istəyirəm. Amma hələ ki, pulu necə qazanmaq lazımdır, onu fikirləşirəm. Pul olsun, ondan sonra evlənmək haqqında fikirləşəcəm və yəqin ki, elə bir xanım taparam”.

Gənc şair Emin Piri deyir ki, ilk növbədə qarşılıqlı sevgi olmalıdır.

“Bununla yanaşı, bir-birinə tam inam və etibarın olması lazımdır. Gerisi məncə düzələn bir işdi. Bəlkə bu sahədən danışmağa təcrübəm çatmır, amma düşündüyüm budur. Məncə sevmədiyin adamla yaşamaq dəhşətli əzabdır”.

Şair, köşə yazarı Emin Akifə görə isə əsas odur ki, televizorda ən maraqlı kinoya baxarkən ətçəkən maşını qoşmasın.

““Camaatın arvadı” janrlı deyingənlik etməsin, “dədəmin öyündən gətirməmişəm ki” üslublu şikayətlər etməsin. Ümumiyyətlə, qadın telefon kimidir, istədin-istəmədin, həyatının parçasına çevrilir. Sensorlu telefonlar daxil, barmaq eləməsən, işləmir. Mənim evlənəcəyim qadın cismi gözəlliyi ilə bərabər, düşüncə gözəlliyi ilə də fərqlənməlidir. Amma heyf ki, sifarişlə evlilik olmur”.

Bakı Dövlət Universitetinin tələbəsi Nadir Şükürov deyib ki, gələcəkdə ailə quracağı insan hər şeydən öncə namuslu xanım olmalıdır.

“Mənə onun ailəsinin varlı və kasıb olmağı bir o qədər də vacib deyil. Amma olsa, daha yaxşı. Məndən ən azı 3-4 yaş kiçik olmalıdır. Mənim qaraşın qızlardan xoşum gəldiyinə görə, qaraşın olsa, lap əla olardı. Xəyalımdakı gələcək həyat yoldaşımın görünüşü belə olmalıdır: Düz və uzun saçları, qara gözləri, ortaboylu. Təhsilin olmağı da vacibdir. Çünki mənə görə təhsilli qadınlar həyatı daha yaxşı başa düşə bilirlər. Həm də gələcəkdə övladlarına yaxşı tərbiyə verə bilirlər. Amma yenə də deyirəm, ailə quracağın qadın deyəndə hər şeydən öndə mənim üçün  əxlaq gəlir. Yenə də qismət”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir