s'

“İngilis” kimi tanınan azərbaycanlı: “İndinin özündə də həmin həkimi görəndə…” – MÜSAHİBƏ

Baxış sayı: 1. 931

Futbolçu kimi CV-sində İngiltərə yazılmasa da, hamı onu “ingilis” kimi tanıyır. Yəqin ki, ölkə futbolu ilə maraqlananlar söhbətin kimdən getdiyini anladı. Bəli, “Qarabağ”dakı çıxışı ilə yadda qalan Səttar Əliyevdən danışırıq. SSRİ dövrünə təsadüf edən yarım mövsümlük “Neftçi” karyerasını nəzərə almasaq, futbolçu kimi bütün karyerasını “Qarabağ”a həsr edən keçmiş müdafiəçi hazırda “Neftçi”nin məşqçisi kimi çalışır. “Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı məhz Səttar Əliyevdir.

 

–  Valideynlərinizin futbolçu olmanıza münasibəti necə idi?

–  Mənim uşaqlıqdan futbola həvəsim olduğundan, bu peşənin arxasınca getməyimə heç bir problem yaratmadılar. Hətta onu deyim ki, atam mənim oyunlarımı birbaşa stadionda izləyirdi. Qol vuranda isə deyirdi ki, gəl mükafatını məndən al (gülür -red).

 

– Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Vallah, bu haqda heç düşünməmişəm. Əvvəldən istəyim futbolçu olmaq idi ki, buna da nail oldum.

 

–  Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?

–  Yox, heç bir problem olmadı. Həyat yoldaşım əvvəldən bilirdi ki, mən futbolçuyam və mənimlə ailə qurmaqda tərəddüd etmədi.

 

–  Yeri gəlmişkən, ailəniz sevgi üzərində qurulub, yoxsa valideynlərinizin məsləhəti əsasında?

– Həm sevgi, həm də valideynlərin razılığı əsasında evlənmişik. Həyat yoldaşım qohum idi. Əvvəldən bir-birimizi tanıyırdıq.

settar e

– İdman aləmində olanlar daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?

Mən səmimi insanam və bu səbəbdən aramızda problem olmur. Ən əsası da həyat yoldaşım mənə çox güvənir.

 

– Səmimi deyin, evdə “komandir” kimdir?

– Bizim ailə təməlimiz elə qoyulub ki, evdə son söz kişinindir. Məncə, Azərbaycan ailələri üçün başqa bir prinsip əsas götürülə bilməz.

 

–  Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardır?

–  Məncə, bunun ancaq müsbət tərəflərindən danışmaq olar. İnsanın həyat yoldaşının həm xoş, həm də kədərli günlərində yanında olmasından daha yaxşı nə ola bilər ki?! Hər çətinlikdə ailənin insanı dəstəkləməsi, bütün problemlərə baxmayaraq xoş üz göstərməsi əvəzolunmazdır.

 

– Övladlarınızı sıxmağın tərəfdarısınız, yoxsa sərbəstlik verməyin?

– Hər bir valideynlər üçün övladları əzizdir. Onların hər istəyini yerinə yetirmək üçün çalışırıq, ancaq onları tam olaraq sərbəst buraxmaq da olmaz. Mütamadi nəzarətdə saxlamaq, hara getməsi, nə işlə məşğul olması ilə maraqlanmaq vacibdir. Allaha şükür ki, hər üç övladım tərbiyəlidir. İki qızım ali təhsillidir. Oğlum isə mənim peşəmi davam etdirir və “Qarabağ”ın U-19 komandasında çıxış edir.

 

– Xasiyyət baxımından hansı sizə bənzəyir: oğlunuz, yoxsa qızıarınız?

– Bu baxımdan oğlumla daha çox bənzərliyimiz var. O da mənim kimi uduzmağı sevmir.

 

–  Futbolçu karyeranızla bağlı ən çox hansı məqama görə təəssüflənirsiniz?

– Bildiyiniz kimi, Ağdamın işğalından sonra “Qarabağ”ın qaçqın həyatı başladı. 1993-cü ildə qızıl medalları qazananda artıq Ağdam işğal olunmuşdu. Həmin vaxt “qızıl het-trik” etsək də, sevinə bilmirdik. İşğal səbəbindən biz kuboku doğma rayonumuza apara bilmədik. Yenidən “İmarət” stadionunda futbol oynamaq istəyirdim. Futbolçu karyerama məhz orda son qoymaq istəsəm də, bu arzum həyata keçmədi. Bu üzdən təəssüf hissi keçirirəm. İndi isə ən böyük arzum “İmarət”də məşq keçməkdir.

settar

–  Futbolçu olduğunuz vaxtlarda sizi “İngilis” ləqəbiylə çağırırdılar. Bu ləqəbin yaranma tarixi necə olub?

– Bəzən deyirdilər ki, bu “ingilis”i deyəsən İngiltərə klublarından transfer ediblər. Soruşurdular ki, bu ləqəb səndə hardandır? Məsələ belədir ki, mən anadan olan vaxt bizim bir qohumumuz vardı. Mənim üçün ad fikirləşəndə deyib ki, gəlin buna İngilis adını qoyaq. O vaxt Ağdamda belə adlar olurdu. Mən də 5 qardaşın ən balacasıyam. Qohumlar da dedilər ki, eybi yox, balacamızdı, adı İngilis olsun. SSRİ vaxtında isə xarici adların verilməsinı icazə yox idi. Adımı yazdıranda deyiblər ki, İngilis yazın, amma icazə verməyiblər. Adımı yazan adam da deyib ki, içimdən qeyri-adi bir şey gəldi, istəyirəm ki, bu uşağın adı Səttar olsun. Amma siz yenə də “İngilis” çağırın. Məktəbdə jurnalda adım Səttar yazılırdı, ancaq müəllim “İngilis” çağırırdı. Eyni zamanda, komandada da, stadiondada da məni bu adla çağırırdılar. Bütün Ağdam camaatı mənə “İngilis” deyirdi. Elə olub ki, kənar rayonlardan gəlib, qapımızın ağzında məni Səttar adıyla axtarıblar. Qonşular da məni yox, bizdən 2 küçə uzaqda yaşayan Səttar kişinin evini göstəriblər.

 

– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz

– Bir dəfə məşqdən əvvəl komandanın həkimi Aydın Mirzəyevin çantasına pişik salmışdıq. Məşqin gedişində özümüzü zədəli kimi göstərdik ki, həkim bizə tibbi yardım edəndə onu qorxudaq. Həkim meydanda çantasını açanda ordan çıxan pişik onu xeyli qorxutmuşdu. Bizi isə gülmək tutmuşdu. İndinin özündə də həmin həkimi görəndə bu əhvalatı gülərək xatırlayırıq.

 

Söhbətləşdi: Tural Məmmədov

 

el

ss

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir