qadin

İnsanlıq niyə bitir? – İki qadının qəmli sevgi hekayəsi

Baxış sayı: 736

“Həyat yoldaşım həmin gün axşam yenə spirtli içki qəbul edib gəlmişdi. Ayaq üstə güclə dayanırdı. Ona görə uşaqları bir otağa salıb qapını içəridən bağladım. Bilirdim ki, yenə gəlib məni döyəcək. Amma qapını bağlamaq da köməyimə çatmadı. Qapını qırıb üstümə şığıdı. Bu dəfə məni əlindəki linglə o qədər döydü ki, ayağa qalxmağa halım qalmamışdı. Nə uşaqların qışqırığına məhəl qoyurdu, nə də mənim yalvarışlarıma. Artıq dözə bilmirdim. O, yuxuya gedəndən sonra iki körpə balamı da götürüb evdən çıxdım”.

Vəfa Qədirova (adı şərtidir) kimi onlarla qadın bu gün Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününü məişət zorakılığı qurbanları üçün sığınacaqda qarşılayır.

Onların çoxu BMT Baş Məclisinin 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan etməsindən xəbərsizdir. Amma ilin 365 gününün ən azı bir gününün məişət zorakılığı qurbanları olan qadınlara həsr olunmasının dövlət qurumlarının, ümumilikdə cəmiyyətin diqqətini onların problemlərinə yönəldəcəyinə inanırlar.

 

Yoldaşım məni linglə döyürdü

Beləliklə, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin məişət zorakılığı qurbanları üçün sığınacağından reportajı təqdim edirik.

Həmsöhbətimiz Vəfa 37 yaşındadır. Üç uşaq anası olan V.Qədirova ailə qurduqdan bir müddət sonra həyat yoldaşının spirtli içkiyə aludə olduğunu, elə o vaxtdan da qara günlərinin başladığını söyləyir. Onun sözlərinə görə, yoldaşı tərəfindən mütəmadi zorakılığa, şiddətə məruz qalsa da, illərlə uşaqlarının xətrinə dözməli olub: “Böyük oğlum əsgərlikdədir. Yoldaşımın məni tez-tez döyməsi uşaqların da əsəblərini korlayıb. Hər dəfə mən şiddətə məruz qalanda uşaqlar qorxur, gecə yata bilmirdilər. Ona görə də son dəfə məni linglə döyəndən sonra uşaqları da götürüb evdən çıxmağa qərar verdim. Həyatımı belə davam edə bilməzdim. Bu, mənim sonum olardı”.

İki ay öncə isti yuvasını tərk edən ana və uşaqları sığınacağa pənah gətiriblər. Onların tək istəyi təhlükəsiz yaşamaqdır.

V.Qədirova deyir ki, balaca uşaqlarından oğlu 9, qızı isə 7 yaşındadır. Hazırda uşaqlar sığınacaqda dərslərini oxumağa davam edirlər. Həmsöhbətimiz bildirir ki, sığınacaqdan başqa ümid yerləri yoxdur: “Təhsilsiz iş tapmaq çox çətindir. Ona görə də bir peşəyə yiyələnib uşaqlarıma isti ocaq qurmaq arzusundayam. Amma o evə bir daha geri dönə bilmərəm”.

 

Yeni sığınacaq, yeni bir ümid

Qeyd edək ki, yeni ünvana köçən Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin məişət zorakılığı qurbanları üçün sığınacağında qadınların öz uşaqları ilə birgə yaşaması üçün əvvəlkindən fərqli olaraq hər bir şərait var. Burada uşaqlar üçün ayrıca yataq otaqları, böyük yeməkxana, sanitar qovşaq, reabilitasiya otağı, eləcə də sinif otaqları var.

Biz sığınacaqda olarkən qadınların çoxu özlərinin və uşaqlarının sənədlərinin hazırlanması üçün ASAN Xidmət mərkəzlərinə getmişdi.

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, sığınacağa müraciət edən qadınların və uşaqlarının sənədləri olmur: “Bizim sığınacağa gələn qadınların çoxunun rəsmi nikahı yoxdur. Onlar vətəndaş nikahında yaşayaraq dünyaya uşaq gətirirlər. Bu zaman biz məcbur oluruq ki, uşaqların atalığını müəyyən edək. Bu istiqamətdə məhkəmə işləri başlayır. Atalıq müəyyən olunduqdan sonra uşaqlara doğum şəhadətnaməsi çıxardılır, alimentin verilməsi tələb edilir”.

M.Zeynalova sığınacağa sığınan qadınlara psixoloji və hüquqi dəstək göstərildiyini bildirir. Onun sözlərinə görə, qadınların çoxu savadsız olduğundan onlara müxtəlif peşə məktəblərində peşələrə yiyələnmələri üçün dəstək göstərilir, işlə təmin olunmaları üçün aidiyyəti qurumlara müraciət edilir.

M.Zeynalova Azərbaycanda bu il sığınacağa 490 qadının məişət zorakılığına məruz qaldığı üçün müraciət etdiyini söyləyir. Birlik sədri deyir ki, qadınların pozulmuş hüquqlarının bərpası istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə iş aparılır, onların zorakılığa məruz qaldığını sübut etmək üçün ekspertizadan keçmələri təmin olunur.

Birlik sədri bildirir ki, bu gün sığınacaqda təkcə Azərbaycan vətəndaşlarına yox, Azərbaycanda məişət zorakılığına məruz qalmış xarici ölkə vətəndaşlarına da dəstək göstərilir. Onlardan biri Rusiya vətəndaşı İrina Kuznetsovadır (adı şərtidir).

 

Saratovdan Şəmkirə uzanan keşməkeşli yol

Rusiya vətəndaşı olan İrina qucağında 8 aylıq, bətnində isə 2 aylıq körpəsi ilə sığınacağa sığınıb. Başına gələnləri danışan İrina Rusiyanın Saratov şəhərindəndir. O, əslən Şəmkir rayonundan olan Rüfət Məmmədovla (adı şərtidir) elə yaşadığı şəhərdə tanış olub. Rüfətin anasının da milliyyəti rusdur. Rüfəti sevdiyini deyən İrina onunla Saratovda qeyri-rəsmi ailə qurub. Bir müddətdən sonra Rüfət İrinanı Şəmkirdə yaşadığı evə gətirib. Amma İrinanın Azərbaycanda xoşbəxt günləri çox az olub. Vətənə qayıtdıqdan sonra Rüfət spirtli içkiyə qurşanaraq İrinanı tez-tez döyməyə başlayıb. Hətta hamilə olmasına baxmayaraq zorakılığa məruz qalan İrina yoldaşının təkidi ilə kafedə işləməyə məcbur edilib.

Qazandığı pulu Rüfətə verən İrina təşəkkür əvəzinə hər dəfə döyüldüyünü söyləyir. Son dəfə Rüfət tərəfindən şiddətə məruz qaldıqda körpəsini götürüb Şəmkirdən avtobusa minərək Bakıya gəlib. Avtobusda heç kəs rus dili bilmədiyindən İrina başına gələnləri danışıb kömək istəyə bilməyib. Sürücünün rus dilində bilməsi İrinanın həyatını xilas edib. İrina sürücünün köməyi ilə sığınacağa yerləşdirilib.

Həmsöhbətimiz deyir ki, sığınacağa yerləşdirilsə də, sənədləri əri tərəfindən yandırıldığından öz ölkəsinə qayıda bilmir: “Hazırda Mehriban xanımın müraciətindən sonra Rusiyanın Azərbaycandakı səfirliyinin köməyi ilə mənim sənədlərim hazırlanır. Bəlkə də öz ölkəmdə şiddətə məruz qalsaydım, bu qədər dözmək məcburiyyətində qalmazdım. Burada gedəcəyim heç bir yer yox idi. Ona görə də Rüfət nə etsə də evi tərk etmək istəmirdim. Mən köməksiz idim. Qucağımda və bətnimdəki körpələrimin həyatını düşünürdüm. Yaxşı ki, Allah mənə bir yol göstərdi. Bu sığınacağa yerləşdikdən sonra özümü təhlükəsiz hiss edirəm”.

Rüfəti hələ də sevdiyini söyləyən İrina qadınlara qarşı şiddətə son qoyulmalı olduğunu söyləyir. Onun sözlərinə görə, belə halda cəmiyyət zorakılığa məruz qalan qadınları qınasa da, qadınlar əksər hallarda aldanaraq qurbana çevrilirlər. İndi İrina kimi sığınacağa pənah gətirən onlarla qadın sənədlərinin düzəlməsini, müvafiq bir peşəyə yiyələnərək yeni həyata başlayacaqları günü gözləyir.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir