tv

Kriminal verilişlər gəncləri cinayət törətməyə sövq edir?

Baxış sayı: 801

“Atanın zorladığı qızından uşağı dünyaya gəldi, qardaş iki bacısını zorladı, 20 yaşlı oğlan 16 yaşlı sevdiyi qızı qətlə yetirib, 24 yaşlı gənc söyüş üstündə bıçaqlandı, 3 yaşlı uşaq öldürüldü, qardaş qardaşı bıçaqladı, kişi arvadının başını kəsdi”- mətbuatda hər gün gedən bu cür başlıqlı informasiyaların siyahısını uzatmaq olar. Ölkədə baş verən cinayət hadisələri hər gün xəbərlərdə yayılmaqla yanaşı, gecə saatlarında kriminal hadisələrlə bağlı televiziyalarda xüsusi verilişlər də hazırlanaraq təfərrüatları aşıqlanır.

Hər kəsə məlumdur ki, belə verilişlər xüsusilə gənclərin diqqətini çəkir və çox izlənilərək kanala reytinq qazandırır. Ekspertlər isə hesab edir ki, kriminal hadisələri təfərrüatı ilə izah edən verilişlər gənclərdə hər hansı cinayəti törətmək üçün stimul yaradır. Son zamanlar xüsusilə azyaşlı və yeniyetmələrin tükürpədən cinayətlər törətməsi buna sübut kimi qəbul edilir. Bəs mediada gedən, həmin sayta və kanala reytinq qazandıran krimial verilişlər və ya xəbərlər həqiqətənmi gəncləri cinayət törətməyə sövq edir?

 

Kriminal hadisələr təfərrüatı ilə verilməməlidir

Media üzrə ekspert Müşfüq Ələsgərli bizimlə söhbətində bildirdi ki, bu tip hadisələrin reytinq qazanmaq məqsədilə təfərrüatı ilə verilməsi Azərbaycanın müəyyən qanunvericiliyinə və jurnalistin peşə davranış qaydalarına ziddir: “Baş vermiş hadisəni işıqlandırmaq jurnalistikanın əsas vəzifələrindəndir. Sadəcə olaraq, bəzən jurnalistikada qeyri-peşəkarlığa yol verilir ki, belə hallar cəmiyyətə informasiyanın əldə olunmasından götürüləcək xeyirdən daha çox ziyan vurur. Bütün bunların da çıxış yolu həm Azərbaycanın bir sıra qanunvericiliyində, həm də jurnalistlərin peşə-davranış qaydalarında göstərilib. Xüsusilə uşaqlarla bağlı baş verən hadisələrdə jurnalist tərəfindən bəzən çox qeyri-peşəkar hallara yol verilir. Jurnalistikada birmənalı şəkildə belədir ki, əgər baş vermiş hadisənin zərərçəkəni, yaxud hadisədə bir tərəf yetkinlik yaşına çatmamış uşaqdırsa, onların adları qapalı saxlanılmalı, şərti adlarla verilməlidir. Bununla yanaşı, başqalarına təsir edə biləcək cinayət hadisələri detallı şəkildə göstərilməməlidir. Amma çox təəssüf, KİV-də – istər qəzetlər olsun, istər televiziyalar – baş vermiş hadisədən zərər çəkmiş uşaqların adları, hadisənin detalları çox zaman açıqlanır ki, bu da həmin insanları həm psixoloji basqı altında qoyur, həm də digər uşaqları bu sahəyə yönləndirir. Bu, jurnalistlərin peşə-davranış qaydasına və Azərbaycanın qoşulduğu beynəlxalq qanunlara zidd əməldir və bunların qarşısı alınmalıdır”.

 

Cinayətlərin artmasında jurnalistin rolu

M.Ələsgərlinin fikrincə, kriminal hadisələrin detallarının açıq şəkildə göstərilməsi son vaxtlar xüsusi olaraq dəbdədir ki, bu da yeniyetmələrin gözündə cinayəti adiləşdirərək onlarda müəyyən bir vaxtdan sonra cinayət törətməyə həvəs yaradır. Ekspertin sözlərinə görə, bu sahədə jurnalistlər arasında xüsusi təlimlər keçirilməsinə ehtiyac var: “Mən hesab edirəm ki, kriminal hadisələri işıqlandıran jurnalistlər xüsusi olaraq maarifləndirilməlidir və bu xəbərlərin çapa və efirə verilməsinə məsul olan şəxslər bu məsələni diqqətdə saxlamalıdırlar. Çünki ölkəmizdə gənclər arasında kriminal hadisələrin artmasında kriminal verilişlərin və yazıların xüsusi rolu var və burada jurnalistlər peşəkar davranmağa məcburdurlar”.

 

Cinayət xəbərləri ölkənin kriminogen durumuna təsir edir

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirdi ki, kriminal hadisələrlə bağlı davamlı verilişlərin verilməsi uşaqların və gənclərin əxlaqına, psixologiyasına mənfi təsir göstərir və gənclər arasında cinayət hadisələrinin artmasına rəvac verir: “Kriminal hadisələrin mətbuatda tez-tez və qabarıq şəkildə təqdim edilməsinə qarşıyam və şəxsən bunu təqdir etmirəm. Düşünürəm ki, o cür olayları davamlı şəkildə tamaşaçılara təqdim etməklə əslində biz ölkəmizdə kriminogen durumun daha da bərbad bir hala gəlib çıxmasına səbəb oluruq. Araşdırmalara görə, daimi olaraq mənfi informasiyalarla yüklənən insanlar adətən cinayət törətməyə daha çox meyilli olurlar. Çünki belə hadisələr davamlı təqdim olunaraq artıq həyat tərzinə çevrilməyə başlayır və adiləşir. Adiləşdiyinə görə də yetişməkdə olan yeni nəsil həmin hadisələri törətməyə daha çox meyilli olur. Zənnimcə, son zamanlar ölkəmizdə kriminal hadisələrin artmasının da səbəbi məhz bu verilişlərdir. Sovet dövründə belə hadisələr o qədər də tirajlanmırdı və indiki kimi geniş yayımlanmırdı. Əslində cəmiyyətdə doğurdan da indikindən qat-qat aşağı səviyyədə kriminal hadisələr qeydə alınırdı. Amma indi bu hadisələr tirajlandığına görə, insanların həyat tərzinə çevrilməyə başlayıb və həyat tərzinə çevrilən bir halın da tez-tez təkrarlanması öz təsdiqini tapmış məsələdir”.

 

 

Sensasiya məqsədilə verilən informasiya

A.Həsrət vurğuladı ki, efirdən daha çox olaylar haqqında xəbərlər alsaq, bu, bizim ümumi psixologiyamıza mübət təsir edər və bütövlükdə cinayətkarlığın azalmasına səbəb olar: “Düşünürəm ki, telekanallarımız və qəzetlərimiz reytinq xatirinə sensasiya dalınca qaçmaqdansa insanlarımızın müsbət yöndə tərbiyə olunmasının qayğısına qalsalar, daha yaxşı olar. Belə xəbərlər isə istənilən şəxsin cəmiyyətlə bağlı gözləntilərinə çox böyük zərbə vura bilir və buna görə də sensasiya dalınca qaçan həmkarlarımıza cəmiyyətə ötürdükləri mənfi emosiya yükünün bir gün onların da çiyinlərinə çökəcəyini unutmamağı tövsiyə edərdim”.

Psixoloq Hüseyn Xəlilov da bizimlə söhbətində qeyd etdi ki, belə xəbərlərin kütləvi informasiya vasitələrində təfərrüatı ilə verilməsi gənclər arasında bu hadisələrə meyillilik yaradır: “İlk olaraq bunun əsas səbəbi ailə strukturlarından irəli gəlir. Adətən sosial, iqtisadi, maddi sıxıntıları olan ailələrdə müəyyən bir vaxtdan sonra dava-dalaş baş verir və bu da həmin ailənin övladında aqressiyanın yaranmasına gətirib çıxarır. Belə insanlar cinayəti təfərrüatı ilə izah edən verilişləri izlədikdə, onlar da bu hadisələri törətməyə meyilli olurlar. Bu, psixoloji cəhətdən yaxşı hal deyil. Çünki yeniyetmələr belə xəbərlərə alışırlar və düşünürlər ki, onlar da əsəbləşəndə bu hadisələri törədə bilərlər. Buna görə də cinayət hadisələrinin təfərrüatı ilə verilməsi düzgün deyil”.

 

 

Aygün Cəfərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir