Nermine Abbasova

Nərminə Abbasova: “Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Baxış sayı: 687

Son günlər Miazit ağrıları ilə bağlı şikayətlər artmaqdadır. Hava ilə əlaqədar baş qaldıran bu ağrılarla bağlı Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova ilə həmsöhbət olduq.

Nərminə xanım bildirdi ki, hər bir insan həyatında ən az bir dəfə də olsa boyun, çiyin və ya beldə ağrı keçirir. Bu ağrıların çoxalması mütəmadi soyuqlamadan irəli gələrək daha da mürəkkəbləşir:

“Miozit qəfildən tutan, ağrı ilə müşahidə olunan əzələ xəstəliyidir, bir və ya iki skelet əzələsində meydana gələn iltihablı prosesdir. Soyuqlama – əzələ zəifləməsi və ağrı ilə müşahidə olunan, orqanizmdə qripdən və ya parazitlərdən sonra qalan infeksional xəstəliklərin təzahürüdür. Həmçinin, miozitin yaranmasına adi yel alma səbəb ola bilər. Bu isə əsasən orqanizmin immun sistemi zəif olduqda baş verir”.

Həkim-terapevtin sözlərinə görə, əzələlərin bu cür miozitə tutulmasını digər xəstəliklərin simptomları ilə qarışdırmaq mümkündür. Bildirdi ki, onurğa sütununun fəqərə arası disk yırtığı zamanı, ginekoloji problemlər, böyrək və mədə altı vəzinin xəstəlikləri zamanı da boyun, çiyin həmçinin onurğa sütununun aşağı nahiyyələrinə ağrı ötürə bilir:

“Buna görə ağrının təbiətini dəqiq və doğru bir şəkildə təyin etmək çox vacibdir və yalnız diaqnoz qoyulduqdan sonra miozitlərin müalicəsi başlanmalıdır. Bel nahiyyəsinin əzələ miozitləri bel ağrısının ən çox yayılmış səbəblərindən biridir, bu tip ağrı sızıldıyan daimi xarakter daşıyır və istirahət mövqeyində sakit halda belə ağrını hiss etmək olur.

Boyun mioziti boyunun bir tərəfindən dartma ağrısı ilə ortaya çıxır və ağrı başın arxasına vurur, həmçinin qulaqdan çiyinə yayıla bilir. Hər növ miozitin tamamilə müalicəsi mümkündür, lakin müalicəni, nevroloq və ya terapevt təyin etməlidir. Əgər müalicə düzgün başlamasa və ya müalicə olunmazsa, məsələn, ev şəraitində əks göstərişli istiləşdirici mazlardan istifadə olunsa, xəstəlik daha da inkişaf edəcəkdir”.

Həkim deyir ki, boyun ağrılarının 50%-i əzələ boyun-çiyin əzələ qrupunun iltihabi prosesindən qaynaqlanır. Miozit xəstəliyinin növləri içində ən çox yayılmışı da məhz boyun miozitidir. Xəstəlik istənilən yaşda, qadın-kişi fərqi olmadan hər kəsi yaxalaya bilər.

Xəstəliyin əlamətlərindən söz edən N.Abbasova bildirdi ki, boyun miozitini çox vaxt həkim və pasiyentlərin səhv saldığı ostexondroz, radikulit, onurğa yırtığından fərqləndirən əsas əlamət onun bir neçə gün ərzində başlayıb, 1 həftə ərzində kəskinləşməsi və ağrıların dözülməz olmasıdır:

“Boyunu tərpədəndə, çevirəndə, fiziki yük zamanı, başı əyəndə ağrı kəskinləşir, çiyinə, qola, qulağa yayılır. Adətən miozit boynun bir tərəfini tutur. Eyni zamanda, boyun əzələsi şişir. Əgər miozit irinlidirsə, temperatur qalxır, intoksikasiya və baş ağrısı başlayır. Ənsədə, gicgahda ağrı olur, çənədə çeynəmə əzələləri gərginləşir, xəstə yemək yeyərkən ağrı hiss edir. Ağrılar gecə və açıq havada, soyuqda artır. Udmada çətinlik, öskürək ağır mərhələdə baş verir. İltihab sağlam əzələlərə yayılıb, onların funksiyasını pozur. Vaxtında müdaxilə və müalicə olunmadıqda tənəffüs əzələlərini də yoluxdurub, boğulmaya səbəb ola bilər.

Dermatomiozit isə boyun, çiyin nahiyəsində səpkilərlə xarakterizə olunur, dodaq, gözlərin üstü şişir. Parazitar miozitdə isə ağrılar döş qəfəsi əzələlərini əhatə edir, lokal hərarət qalxır, insan özünü çox pis hiss edir”.

Nərminə xanım qeyd etdi ki, əgər iltihab yüngüldürsə, xəstəlik 4-6 günə öz-özünə keçib gedir. Xəstə sadəcə az hərəkət etməli, boyunu isti saxlamalı, ağrıkəsici qəbul etməlidir. Yüngülləşmə baş vermədikdə isə xəstəlik xroniki və kəskin formaya keçir.

Həkim terapevt vurğuladı ki, bu xəstəlik o qədər çox səbəblidir ki, səbəbi araşdırmağa vaxt belə yetməz. Həkim deyir ki, Miazitin səbəbləri travma, zədə, ağırlıq, toksiki təsir, iltihabi xəstəliklər, infeksiyalar – hətta xroniki angina, qrip, tonzillit əzələlələri iltihablaşdıra bilər. Eyni zamanda iş rejimi, xüsusən soyuq havada işləyənlər, ofis işçiləri, idmanda əzələ travması, dartılma, uzunmüddətli stres, nevroz, parazitar yoluxma, orqanizmdə olan mikroorqanizmlər əzələləri zədələyir. Kəskin soyuq, donvurma, oynaq iltihabi xəstəlikləri, artroz, ostexondroz da bu səbəblər sırasındadır.

 

Nərminə xanım xəstəliyin müalicəsindən də danışdı. Bildirdi ki, müalicə Nevroloq tərəfindən aparılıb, boyun rentgeni, USM, qan analizi olunur:

“Müalicə üçün kompleks dərmanlar və fizioterapiya təyin edilir. İrinli miozit antibiotiklərlə müalicə edilir. Yerli olaraq maz çəkilməsi irinli miozitdə yolverilməzdir. Amma digər hallarda isidici, qızışdırıcı, spazmaqolik xarakterli, qan dövranını artıran mazlar təyin edilir. İltihab əleyhinə fastum gel, finalqon çəkilə bilər”.

Həkim-terapevt onu da vurğuladı ki, xəstəlik iltihabi, parazitar xarakterli olduğundan xəstə bir müddət duzlu, istiotlu, qızardılmış yeməklərdən, ətdən imtina etməlidir. Orqanizmdən toksinləri, parazitləri qovan, iltihabı azaldan meyvə, tərəvəz, bitki çayları və s. qəbul etməlidir:

“Eyni zamanda fiziki hərəkət, idman da vacibdir. Akvaaerobika, yüngül su idmanı miozitlər üçün uyğundur. Əzələnin tonusu artırmaq üçün xüsusi idman növləri seçilir. Eləcə də peşəkar masajis tərəfindən müalicəvi masaj edilməlidir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




1 şərh “Nərminə Abbasova: “Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir