“Gencaile.az” saytının “Yabancı dad” rubrikasında bu gün sizə Rusiya mətbəxinə məxsus Kulebyakanın hazırlanma qaydasını təqdim edirik.
İnqrediyentlər
450 qr. somon file
1 stəkan düyü
1 ədəd qaynadılmış yumurta
2 ədəd milföy xəmiri
1 ədəd böyük baş soğan
20 ədəd göbələk
2 diş sarımsaq
2 ədəd yumurta sarısı
2 ədəd dəfnə yarpağı
1 ç.q. razyana toxumu
1 ç.q. cirə
Hazırlanma mərhələsi
1 x.q. bitki yağı tavada isidilir və somon sadəcə bişməmək şərtilə hər iki üzü qızardılır. Bu proses 3 dəqiqə baş verir. Düyü yaxşıca yuyulur və 15 dəqiqə suda saxlanılır. Soğan kub formasında, sarımsaq isə xırda doğranılır. Hil, keşniş, razyana, cirə toxumları bir qabda əzilir. 1 x.q. bitki yağı qızdırılır və soğanlar əlavə edilir, sotelənir. Üzərinə yağ tökülür, əzilmiş sarımsaqlar və ədviyyatlar əlavə edilir, soğanlar yaxşıca yumşalana qədər sotelənir. Soğanlar yumşaldıqdan sonra düyü əlavə olunur, 2-3 dəqiqə qovrulduqdan sonra limon qabığı sürtgəcdən keçirilir, su əlavə olunur, az odda bişməyə qoyulur. Plov suyu tam çəkiləndə ocaqdan götürülür və dəmlənməsi üçün kənara qoyulur. Dəmləndikdən sonra dəfnə yarpağı qoyulur. Plov bişərkən göbələklər orta ölçüdə doğranılır. 1 x.q. bitki yağı və 1 ç.q. Super Sun yağında yüksək odda 3-4 dəqiqə sotelənir. 2 ədəd tam qaynadılmış yumurtanı kiçik hissələrə doğramaq lazımdır. Soba 180 dərəcədə isidilir. Taxtanı azca unladıqdan sonra milföy xəmirlərindən biri asta-asta yayılır. Xəmirin kənarlarında boşluq buraxılacaq formada üzərinə əvvəlcə yumurta parçaları, sonra göbələklərin yarısı, sonra somon, yenidən göbələklərin yarısı və plov tökülür. Südlə qarışdırılan yumurta sarıları xəmirin boşluqlarına çəkilir. İkinci milföy xəmiri də yayılır, üzəri örtülür. Əvvəlcədən isidilən sobada bişməyə qoyulur. 10 dəqiqə sonra sobadan çıxarılır, südlü qarışımdan üzərinə çəkilərək yenidən bişməyə qoyulur.
Təqdim etdi: Aydan Kərimli