badimcan

Ləzzətinə heyran qoyan badımcan yeməyi – 6 RESEPT

Baxış sayı: 548

Özünə xas ləzzətiylə hər yeməyə fərqli dad verən badımcan ilə hazırlaya biləcəyiniz o qədər yemək çeşidləri var ki…

 

Badımcanı bütün növ ətlərlə hazırlamaq mümkündür. Beləliklə, badımcan ilə 6 cür yemək hazırlamağın qaydasından təqdim edəcəyik.

1) Sobada badımcan kababı 

Ləvazimatlar: 500 qram çəkilmiş ət – qiymə, 2 orta boy incə doğranmış soğan, yarım dəstə cəfəri, 2 diş sarımsaq, 1 su stəkanı bayat çörək və ya suxarı unu, 1 çay qaşığı duz, 1 çay qaşığı qara istiot, 1 çay qaşığı pul bibər, 1 çay qaşığı zirə, 3 ədəd badımcan.

Sousu üçün: 1 yemək qaşığı pomidor tomatı, 1 su stəkanı isti su, 1 ədəd rəndələnilmiş pomidor, 1 çay qaşığı duz, 1 çay qaşığı  qara istiot (istəyə görə), 2 ədəd yaşıl bibər, 1 diş əzilmiş sarımsaq.

Hazırlanması:

Qiyməni  bir qaba tökün, üzərinə doğradığınız  soğanı və cəfərini, sarımsaq,  duz, pul bibər, zirə və qara istiot əlavə edin. Yaxşıca yoğurduqdan sonra  yumurta böyüklüyündə küftələrə yumru şəkil verin. 2 barmaq qalınlığında doğradığınız badımcanla küftələri birləşdirin.

Sıra ilə  soba nimçəsinə yerləşdirin. Boş qalan yerlərə kiçik ölçülü  pomidorlar qoya bilərsiniz. Sousu üçün isə  bir qabda tomat  ilə isti suyu qarışdırın. Üzərinə rəndələnilmiş pomidor, duz, qara istiot  və doğranmış yaşıl bibərlə (bütün də qoya bilərsiniz) əzilmiş sarımsaq əlavə edib qarışdırın. Sousu küftə və badımcanların üzərində gəzdirin. Əvvəldən isidilmiş sobada təxminən 1 saat bişirin.

2) Badımcan yeməyi 

Ərzaqlar: 3 ədəd badımcan, 1 orta boy quru soğan, 3 ədəd yaşıl bibər, 3 ədəd qırmızı bibər, 3-4 diş sarımsaq, 3 orta boy pomidor, 1 yemək qaşığı pomidor tomatı, duz, qara istiot, pul bibər, 2 yemək qaşığı maye yağ (istəyə görə zeytun yağı)

Badımcanları kub şəklində  doğrayın və bir qabda duzlu su hazırlayaraq badımcanların acılığının getməsi üçün bu suda saxlayın. İncə-incə doğradığınız soğanı rəngi dəyişənə qədər  qovurun. Sonra doğradığınız yaşıl və qırmızı bibərləri də əlavə edərək qovurmağa davam edin.

Sousu əlavə edib bir az da belə qovurduqdan sonra kub şəklində doğradığınız pomidorları əlavə edin. Son olaraq badımcanları sudan çıxarıb yuyub sıxdıqdan  sonra qazana tökün.  Duz və ədviyyatları da əlavə edə  bilərsiniz. Əgər pomidorlarınız suludursa yeməyi öz suyu ilə bişirin, deyilsə 1 su stəkanı isti su əlavə edin.

3) İmambayıldı 

Ərzaqlar: 5 orta boy badımcan, yarım su stəkanı duru  yağ, yarım halqa şəklində doğranmış 3 orta boy soğan, 3-4 diş sarımsaq, qabığı soyulmuş vəkub şəklində  doğranmış 3 böyük pomidor, badımcanları qızartmaq üçün 1 su stəkanı qızartma yağı, duz, üzərini bəzəmək üçün 1 yemək qaşığı incə doğranmış  cəfəri.

Hazırlanması: 

Badımcanları zolaqlı şəkildə soyun. Acılığının getməsi üçün duzlu suda 20-25 dəqiqə saxlayın, sonra yuyub suyunu süzün,  kağız dəsmal ilə qurulayın. Tavada qızdırılmış  yağın içinə badımcanları atın və rəngi  dönənə qədər qızardın, sonra kağız dəsmal sərdiyiniz bir qaba qoyun.

Bir az soyuduqdan sonra badımcanları ortadan incə bir lent kimi  bıçaqla yarın və orta qisimini qaşıqla kənarlara doğru itələyin. İçliyi hazırlamaq üçün tavaya  yarım su stəkanı duru  yağ tökün və soğanı əlavə edib 8-10 dəqiqə arada qarışdıraraq yüngül qovurun.

Sarımsağı da əlavə edib 1 dəqiqə qarışdırın. Son olaraq pomidor və duzu əlavə edin. Qaynamağa başladıqda zəif odda  5 dəqiqə qapağı bağlı şəkildə arada qarışdıraraq bişirin. Bir az soyuduqdan sonra badımcanların içini doldurun. Üzərinə cəfəri səpərək xidmət edin.

4) Badımcan oturtma 

Ərzaqlar: 1 kiloqram badımcan, yarım kilo yarım yağlı qiymə, 2 orta boy soğan, 4 ədəd uzunsov bibər, 1 ədəd qabarıq yaşıl bibər, 3 diş sarımsaq, yarım dəstə cəfəri, 1 çay qaşığı pomidor tomatı, 2 ədəd pomidor, 2 yemək qaşığı duru yağ, 1 kiçik çay qaşığı toz bibər, 1 kiçik çay qaşığı pul  bibər, 1,5 kiçik çay qaşığı duz.

Badımcanları bol yağda qızardın. Bir qismini nimçəyə alın. İç xərcini hazırlamaq üçün əvvəl qiymə, soğan, bibərlər, sarımsaq və pomidor,tomat və cəfərini qovurun. 1,5 su stəkanı su əlavə edin və bir az daha bişirdikdən sonra iç xərcini nimçəyə yayın. Qalan badımcanları da iç xərcinin üzərinə düzün. Sobada 200 dərəcədə bişirin.

5) Musakka 

Ərzaqlar: 3 ədəd badımcan, 500 qram qiymə, 2 ədəd uzunsov bibər, 2 ədəd pomidor, 2 böyük diş sarımsaq, 1,5  kiçik çay qaşığı duz, 1 çay qaşığı qara istiot, 1 çay qaşığı pul bibər, 1 çay qaşığı kəklikotu, 1 yemək qaşığı pomidor tomatı, 3 yemək qaşığı duru  yağ, 2 su stəkanı isti su.

Badımcanları zolaqlı  şəkildə soyduqdan sonra 20-25 dəqiqə duzlu suda gözlədin. İç xərci üçün doğranmış soğanı və bibəri qazanda duru  yağ ilə bir az qovurun. Pomidoru və tomatı  əlavə edib qarışdırın. Son olaraq sarımsaq, qiymə və ədviyyatları əlavə edib  bişənə qədər qovurun.

Badımcanları süzüb quruladıqdan sonra qızğın bol yağda qızardın və sonra nimçəyə tək sırada düzün.   Üzərinə iç xərci əlavə edib bir sıra daha qızarmış badımcan düzün. 2 su stəkanı isti suya yarım yemək qaşığı pomidor tomatı  əlavə edib qarışdırdıqdan  sonra nimçənin üzərinə tökün. Əvvəldən isidilmiş 200 dərəcəlik sobada üzəri qızarana qədər təxminən 20-25 dəqiqə bişirin.

6) Qarnıyarıq 

Ərzaqlar: 5 ədəd badımcan, 250 qram qiymə, 1 ədəd soğan, 3 diş sarımsaq, 2 ədəd pomidor, yarım dəstə cəfəri, 4-5 ədəd yaşıl bibər, 1 kiçik çay qaşığı pomidor tomatı, 1 kiçik çay qaşığı bibər tomatı, duz, qara istiot.

Badımcanların baş hissəsini kəsib zolaqlı  şəkildə soyun. Duzlu suda 20-25 dəqiqə gözlətdikdən sonra qurulayın. Qızğın yağda qızartdığınız badımcanları kağız dəsmal sərilmiş bir qaba qoyduqdan  sonra boydan-boya bıçaq alta keçməyəcək şəkildə kəsin.

İncə doğranmış soğanı, bibəri, qiyməni və sarımsağı yağ ilə qovurun və son olaraq pomidorları da əlavə edərək qarışdırın. Son olaraq duz, qara istiot, doğranmış cəfəri əlavə edin. Badımcanların içini bu xərc ilə doldurun. Üzərlərinə pomidor dilimləri və bibərlər yerləşdirin. İki su stəkanı isti suda tomatı  həll edib nimçəyə tökün. 180 dərəcədə təxminən 20 dəqiqə bişirin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir