Evə gələn kimi makiyajınızı təmizləyin ki, dəriniz rahat nəfəs alsın. Bunun üçün sizə yarım saat vaxt kifayətdir. Bəzən yorğun olduğunuz üçün elə makiyajla yatmaq istəyirsiniz. Bu isə dərini “aşındırmaqla” qalmır, həmçinin yuxu probleminə səbəb olur…
Dərini təmizləyərkən yağ təbəqəsi buraxan təmizləyicilərdən istifadə etmək doğru deyil. Bunlar dəri məsamələrinin tutulmasına və qara nöqtələrin əmələ gəlməsinə yol açır. Dərini təmizlədikdən sonra ifrat dərəcədə quru olması da yaxşı hal deyil. Quru dəri qaşınmaya, sızanaqlara səbəb olur. Bir şeyi də yaddan çıxarmaq olmaz ki, nəm olmayan dəri daha tez qırışır.
Suda həll ola bilən makiyaj vasitələrindən istifadə etmək daha məqsədəuyğundur. Çünki həll olmayan məhsulların dəridən təmizlənməsi çox çətindir. Bu tip makiyajları yağ mənşəli təmizləyicilərdən istifadə etməklə təmizləmək olar. Losyon və jelelərdən istifadə etdikdən sonra dəridə qalan makiyaj qalıqlarını toniklər daha yaxşı təmizləyir. Tonik tətbiqi həm də çəkəcəyiniz nəmləndiricinin dəri tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir. Məsləhətdir ki, daim qoxusuz təmizləyicilər seçəsiniz. Çünki qoxulu təmizləyicilərin allergiyaya səbəb olmaq ehtimalı yüksəkdir.
Antiseptik sabunlarla üzün dərisini təmizləmək olmaz. Qliserinli sabunlar isə əl təmizliyi üçün uyğun olsa da, üz dərisi üçün zərərlidir. Üzünüzü təmizlədikdən sonra nə quru, nə də yağlı olmalıdır. İlıq su dərini sakitləşdirir, isti su qaşınma, qızartı əmələ gətirir, soyuq su isə dərini canlandırır. Yaxşı olar ki, makiyajınızı təmizlədikdən sonra üzünüzü ilıq su ilə yuyasınız.