cizgi filmi

“Maşa və Ayı” barədə ilginc faktlar – uşaqlar TƏHLÜKƏDƏ…

Baxış sayı: 1. 112

Uşaqların maraqla izlədiyi “Maşa və Ayı” cizgi filmi barədə ilginc məlumatlar dərc edilir. 25-dən çox dilə tərcümə edilən, 80-dən çox ölkəyə satılan və ildə ən az 225 milyon dollar gəlir gətirən “Maşa və Ayı” hekayəsi əslində tamam başqadır. Rəsmi məlumatda bildirilir ki, rəssam Oleq Kuznetsov Krımda istirahət edərkən ora ailəsi ilə birlikdə istirahətə gəlmiş və dəcəlliyi ilə sanatoriyadakıların canını boğazına yığmış qız onda belə bir ideya yaradır. Maşa rejissorun öz qızının adı olub. Reallığın isə başqa cür olduğu bildirilir…

zaur_eliyev.jpg (29 KB)

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bu cizgi serialının bilinməyən tərəfləri və uşaqlar üçün nə dərəcədə təhlükəli olması barədə məlumat verdi:

“İlk olaraq filmə diqqət edək, körpə Maşa bütün günü Ayının evindədir. 6 il ərzində yayımlanan cizgi filminin heç bir seriyasında Maşanın ailəsi və evi barədə bir səhnə belə yoxdur. Onun nə atası, nə də anası bir dəfə belə kiçik də olsa heç bir seriyada görünmür. Çünki Maşa özü ruhdur. Ruh obrazında bütün günü Ayının evindədir. Onun başına oyun açır. Səbəb: çünki Ayı Maşanın atası, anası və özünü öldürüb, buna görə də Maşa bütün günü Ayının yanındadır. Ruhları isə ancaq heyvanlar görə bilirlər deyə bütün obrazlarda Maşanın yanında yalnız onlardır. İnsan obrazları demək olar ki, yoxdur. Təcili yardım maşını da xarab olaraq Maşanın ailəsini xilas etməyə gecikir. Filmdə dəfələrlə bu təcili yardım maşınının xarab olması göstərilir. Bir ruhun qisas məqsədli hərəkətləri cizgi filmində subliminal mesajlar formasında uşaqların beyninə yeridilir. “Google” axtarış sistemində rus dilində “Maşa və Ayının valideynləri niyə yoxdur?” səsli sualı verin. Özünüz haqlı olduğumu görəcəksiz. Niyə gizlədirlər? Bu film dünyada 20 milyard baxış toplayıb. Psixoloqlar qeyd edirlər ki, bəzi onlayn oyunlar uşaqların psixoloji vəziyyətinə pis təsir edir. “Mavi balina” oyunu neçə uşağın intihar etməsinə səbəb olub. Bu cizgi filmində də təqdim edilən Maşa yaramaz bir uşaqdır. Psixoloqlar da hesab edir ki, sərbəstlik və sözə baxmayan Maşa obrazı uşaqların hərəkətlərinə mənfi təsir edir”.

Ekspertin sözlərinə görə, uşaqlar düşünürlər ki, bu davranışlar normaldır:

“Bu barədə Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya kafedrasının rəyi belədir: cizgi filminin baş qəhrəmanları özlərini aqressiv, qəddar aparır, şikəst edir, öldürür, zərər verir. Üstəlik, bütün bunlar yumor adı altında verilsə belə, bunun bütün təfərrüatları “dadlanır”. Hekayədə personajların pis davranışları ya cəzasız qalır, ya da hətta həyatlarının yaxşılaşmasına gətirib çıxarır: tanınma, populyarlıq, zənginlik və s. Süjet, real həyatda, sağlamlıq və ya həyat üçün təkrarlanmağa cəhd edildiyi təqdirdə təhlükəli olan davranışı nümayiş etdirir. Cizgi filmində personajlar öz cinsinə görə qeyri-standart davranışları ilə xarakterizə olunur: kişi personajlar qadın, qadın personajlar isə kişi kimi davranırlar. Süjetdə insanlara, heyvanlara, bitkilərə qarşı hörmətsiz davranış səhnələri var. Bu, qocalığın, zəifliyin, fiziki qüsurların, sosial və maddi bərabərsizliyin istehzası ola bilər. Cizgi filmində boş həyat tərzi tərbiyə olunur, ideal “həyat əbədi bayramdır”, çətinliklərdən qaçmaq, məqsədlərə asan yolla, zəhmətsiz, hətta hiyləsiz çatmaq siyasəti təbliğ olunur.

Süjetdə ailə münasibətlərinin dəyərləri lağa qoyulur və qəti şəkildə yararsız tərəfdən göstərilir. Əsas personajlar – uşaqlar axmaq və gülünc görünən valideynləri ilə münaqişədə olurlar. Qəhrəman-ər-arvad bir-birinə qarşı kobud, hörmətsiz, vicdansız davranır. Fərdilik idealı, ailə və nikah ənənələrinin rədd edilməsi təbliğ olunur. Azyaşlı uşaqlar bu cizgi filminə sevə-sevə baxıblar. Nəinki onlar, hətta böyüklər də həmin cizgi filminin “sakit bombalarını” tuta bilməyiblər. Uşaqların zehninə ekran qarşısında 25-ci kadr dediyimiz subliminal mesaj yolu ilə istənilən davranışı, fikri yeridirlər. Xüsusilə, bunlar cinsi və şiddət doğuran mesajlardır, uşaqlar ciddi təhlükə qarşısındadır. Uşaq hər hansı bir cizgi filmini, ya da hər hansı bir kadr izləyərkən normal olduğu haldan daha sakit görünürsə və onu səsləyərkən eşitmirsə, reaksiya vermirsə, izlədiyi kadrlarda bir hipnoz ola bilər. İnsan bu subliminal mesajları şüurlu şəkildə görə bilmir, amma insanın şüuraltısı bu mesajları qeyd edir. Yenicə ətraf aləmlə tanışlığa başlayan uşaq cizgi filmlərindəki münasibəti həyatında da görmək istəyir. Bu da xoşagəlməz halların ortaya çıxmasına səbəb olur. Buna görə “Maşa və Ayı” cizgi filmini uşaqlara izlətməyin”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir