Nermine Abbasova

Nərminə Abbasova: “Belə pasientlərin əksəriyyətində klimakterik sindrom inkişaf edir”

Baxış sayı: 400

Menopauza – hər bir sağlam qadının həyatında bir mərhələ olub, onun cinsiyyət sisteminin aktivliyinin yaşla əlaqədar tədricən azalması ilə xarakterizə olunur.

Qadınların qorxulu yuxusuna çevrilən klimaks və ya menopauza – orqanizmin təbii “qocalma” prosesi ilə bağlı oxucularımızı məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova söhbət zamanı bildirdi ki, bəzi qadınlarda bu zaman sinir sisteminin, daxili orqanların, maddələr mübadiləsinin pozulması olur – klimakterik sindrom inkişaf edir. Ailə həkimi qeyd etdi ki, menopauza – qadınlarda aybaşı tsiklinin kəsilməsinə deyilir:

“Menopauzaya keçməklə əlaqədar qadın orqanizmində hormonal dəyişikliklər baş verir, hansı ki, müxtəlif əlamətlərlə özünü göstərir. Klimaks vaxtı çox zaman sümük toxumasının bərkliyi azalır. Qanda xolesterin yüksəlir ki, bu da ürək xəstəlikləri riskini artırır”.

Həkim deyir ki, menopauza orta hesabla 51 yaşında başlayır. Orta davam müddəti 48 yaşından 55-ə qədərdi. Ailə həkiminin sözlərinə görə, qadınların təxminən 1%-ində bu vəziyyət vaxtından qabaq başlayır və ilk əlamətlər artıq 40 yaşına qədər özünü göstərir.

Nərminə xanım qeyd etdi ki, menopoauza siqaret çəkən, heç vaxt hamilə qalmayan və yüksək dağ şəraitində yaşayan qadınlarda vaxtından tez başlayır. Həkimin sözlərinə görə, menopauza ilə əlaqədar hormonal dəyişikliklər, sonuncu aybaşı qanaxmasından 4-5 il əvvəl başlayır ki, bu dövrə də premenopauza deyilir:

 

“Qadınlar klimaksın ilk əlamətlərini özlərində hətta normal menstruasiya olduqda da hiss edə bilərlər. Premenopauza dövrünü və ondan sonrakı bir ili “perimenopauza” adlandırırlar. Postmenopauza – menopauzadan başlamaqla 70 yaşa qədərki bir dövrü əhatə edir. Menopauza qadında bir il ərzində menstruasiyanın olmamasına deyilir. Amma aybaşının kəsilməsindən əvvəl və ondan sonra klimaksın müxtəlif davam müddəti olur və hətta 10 ilə qədər çəkə bilər. Adətən menopauza 45-50 yaşlar arasına düşür. Əgər 45 yaşına qədər baş verərsə bu – erkən, 40 yaşına qədər olarsa isə vaxtından qabaq klimaks adlanır. Belə pasientlərin əksəriyyətində klimakterik sindrom inkişaf edir. Gecikmiş menopauza 55 yaşından yuxarı qadınlarda baş verir. Səbəbləri adətən irsi xarakter daşıyır və süni surətdə onu tezləşdirmək praktik olaraq mümkün deyil. Belə vəziyyətin təhlükəsi yumurtalıq və süd vəzlərində onkoloji törəmə riskinin olmasındadır, çünki onlar estrogendən asılı orqanlardı. Bu səbəbdən cinsi hormonların sekresiyasının davam etməsi zamanı belə xəstəliklərin başvermə ehtimalı artır. Mənfi nəticələrin baş verməməsi üçün hər bir qadın yaşından asılı olmayaraq ildə bir dəfə ginekoloqun müayinəsindən və mammoqrafiyadan keçməlidir. Bu hal da menstruasiyanın dayanması yumurtalıqların çıxarılması ilə əlaqədar baş verir. Bu əməliyyat yumurtalıq xərçəngi, yumurtalıqların polikistozu, yumurtalıq endometriozu, cinsiyyət orqanlarının gecikmiş iltihabi xəstəlikləri, vərəm kimi xəstəliklərdə lazım gələ bilər. Cərrahi müdaxilədən sonra süni klimaks yaranır ki, bu zaman əlamətlər qəflətən başlayır və tez inkişaf edir. Belə vəziyyətlərdən qorunmaq üçün əməliyyatdan dərhal sonra əvəzedici hormonal preparatlar qəbul etmək lazımdır ki, normal tsikli imitasiya etsin”.

Ailə həkimi deyir ki, əgər uşaqlıq saxlanmışsa, fasiləli sxemlə aybaşı da saxlanılır. Uşaqlıq çıxarıldıqdan sonra klimaks adətən eyni vaxtda yumurtalıqlar da çıxarıldıqda baş verir. Nərminə xanımın sözlərinə görə, belə əməliyyat endometriozda, şişlərdə, cinsiyyət orqanlarının sallanmasında lazım gələ bilər. Amma hətta yumurtalıqlar saxlanıldıqda belə histerektomiyadan sonra onların funksiyası vaxtından tez sönür. Belə pasientlərə yaxşı təyin olunmuş hormonal terapiya tələb olunur. Həkim qeyd etdi ki, menopauza kompleksşəkilli mürəkkəb hormonal dəyişikliklərə görə baş verir.

Bəs klimaks özünü necə göstərir? Nərminə xanım klimakterik dövrün 10 ən çox rast gəlinən əlamətlərini sadaladı:

“Onun ən birinci əlaməti – istilikbasmalardı. Bəzi tədqiqatlara əsasən bu qadınların 75%-ində baş verir. Adətən bütün bədənə yayılan, 30 saniyədən bir neçə dəqiqəyə qədər davam edən istilik hissi ilə özünü göstərir. Belə vəziyyət tez-tez dərinin qızarması, ürəkdöyünmə, titrətmə, tərləmə və həmçinin yuxusuzluqla müşayiət olunur. İstilikbasma adətən 3 ilə qədər davam edir, lakin bəzi qadınlarda 5 il və daha çox çəkə bilər. Az qisim qadınlarda istilikbasmanın davam müddəti 15 ilə qədər olur. Sidikqaçırma, sidik ifrazının göynədici olması. Eyni zamanda vaginal dəyişikliklər… estrogenlər uşaqlıq yolunun selikli qişasına təsir edir, buna görə də perimenopauzada cinsi əlaqənin ağrılı olması və vaginal ifrazatın xarakterinin dəyişilməsi mümkündür. Klimaks zamanı ifrazat menstruasiyanı xatırladır, amma onun olması zamanı mütləq həkimə müraciət etmək lazımdır. Süd vəzləri formasını dəyişir ki, bu da vəz toxumasının tədricən baş verən atrofiyası ilə əlaqədardı”.

Nərminə xanım bildirdi ki, qadınların əksəriyyətində sümük toxumasının sıxlığı 25-30 yaşlarda maksimuma çatır, sonra isə ildə 0,13% azalır. Onun sözlərinə görə, klimaks zamanı sümüyün kütləsinin azalma sürəti ildə 3%-ə qalxır:

 

“Belə vəziyyət nə ağrı, nə də digər xoşagəlməz hisslər verir. Lakin osteoporoz tədricən inkişaf edir ki, bu da sümüklərin sınması ilə nəticələnə bilər. Sınıqlar qadının həyat keyfiyyətini kəskin şəkildə pisləşdirir və hətta ölümlə nəticələnə bilər. Bud sümüyünün boynu və ya fəqərə cisminin sınığı, tez-tez hətta öz hündürlüyündən yıxılan zaman da baş verə bilər. Qeyd edim ki, klimaks zamanı adətən xolesterin profili ciddi şəkildə dəyişir. Ümumi və “pis” xolesterinin səviyyəsi artır. Bu, ürək-damar xəstəlikləri riskini artırır, arterial təzyiq qalxa bilər. Bir çox qadınlar həmçinin təzyiqin düşməsindən və baş ağrılarından şikayətlənir”.

Menopauzadan sonra ürək xəstəliklərinin ehtimalının artmasına gəlincə, ailə həkimi deyir ki, bəlli deyil bu qocalma prosesləri, yoxsa orqanizmdə gedən hormonal dəyişikliklərlə əlaqədardı. Həkimin dediyinə görə, vaxtından qabaq baş verən klimaksda və ya yumurtalıqların çıxarılması zamanı ürək-damar xəstəlikləri artıq cavan yaşlarda baş verir:
“Bunun əsas səbəbi menopauzada toxumaların insulinə həssaslığının azalmasıdır ki, bu da damarlarda trombun əmələ gəlməsinə və infarkt, insult riskinin artmasına səbəb olur. Həmçinin dishormonal miokardiodistrofiya inkişaf edir ki, bu da özünü ürək ritminin pozulması, fiziki gərginliyə dözümlüyün azalması, təngnəfəslik, ürək nahiyəsində deşici ağrılarla özünü göstərir. Klimakterik dövrdə olan qadınlar arasında aparılan tədqiqatlar göstərir ki, onların çəkisi orta hesabla 3 ilə 5 kiloqram artır. Bunun da mümkün səbəblərinə həm klimaks, həm də orqanizmin ümumi qocalması aiddir. Çəkinin artması ilə yanaşı, yağ və karbohidrat mübadiləsinin pozulması, ürəyin işemik xəstəliyi və 2-ci tip şəkərli diabetin inkişafı ilə müşayiət olunan menopauzal metobolik sindrom formalaşır”.

Həkim bildirdi ki, tez-tez baş verən emosional dəyişikliklər qıcıqlanma, həyəcan, depressiya, izah olunmayan zəiflik, əhvalın dəyişkənliyi ola bilər. Onun sözlərinə görə, bunlar həm hormonal disbalansın bilavasitə təsiri, həm də stres faktorları, məsələn tək qalma, gözəlliyi itirmə təhlükəsi, qocalmanın yaxınlaşması hissi və s. ilə əlaqədardır:

 

“Klimaks vaxtı aybaşı əvvəlcə normal, requlyar, ovulyator tsikl nəticəsində olur. Tədricən anovulyator tsikllərin sayı artır, qanaxma qeyri-requlyar olur, uzunmüddətli ləngimə və uşaqlıq qanaxmaları ola bilər. Klimaks vaxtı qanaxmanın səbəbləri təbii hormonal dəyişikliklər; reproduktiv sistemin xəstəlikləri: mioma, endometriumun şişi və ya polipi və digərləri; hormonal preparatların qəbulu; digər orqanların, məsələn qan sisteminin və ya qaraciyərin xəstəlikləridir.

Bəzən pasientlərimiz sual edir ki, həkimə nə vaxt müraciət etmək lazımdır. Qeyd edim ki, bütün qadınlar perimenopauzal dövrdə ildə bir dəfə terapevt və ya ailə həkimində tam müayinə olunmalıdır. Bundan başqa onlar ginekoloqun müayinəsindən keçməli və süd vəzlərini mammoqrafiya da daxil olmaqla müayinə etdirməlidirlər. Klimakterik dövrdə süd vəzlərin USM-i, vəz toxumasının atrofiyası ilə əlaqədar az informativdir, çünki vəzin daxilində törəmələri aşkarlamağı çətinləşdirir. Bu yaşda olan qadınlar ürək xəstəlikləri və bağırsaq xərçənginin risk amilləri barədə məlumatlandırılmalı və requlyar skrininq müayinələrindən keçməlidirlər”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir