Nermine Abbasova

Nərminə Abbasova: “Tamamilə müalicəsi olmasa da, müəyyən terapiyalarla durumu idarə etmək mümkündür”

Baxış sayı: 469

“Tinnitus – yəni qulaqda səs-küy ətraf mühitdə olmayan, lakin insanın davamlı olaraq eşitdiyi əlavə bir səsə deyilir. Bu səs adətən qulaqda cingilti kimi təsvir edilsə də, bəzən vızıltı, döyüntü və ya uğultu şəklində də olur.

Mövzu ilə bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova qulaqda səs-küyün növlərindən bəhs edib. Bildirib ki, bu növlər sırasına subyektiv tinnitus, sensor tinnitus, somatik tinnitus, obyektiv tinnitus aiddir.

“Subyektiv tinnitus ən çox rast gəlinən tinnitus növüdür və çox vaxt həddindən artıq səs-küyə məruz qalan şəxslərdə yaranır. Səs yalnız təsirlənmiş şəxs tərəfindən eşidilir. Bu növ tinnitus – qulaqda səs-küy – qəflətən ortaya çıxıb yox ola bilər. Davametmə müddəti isə bir-iki gündən bir neçə həftəyə, hətta aylarca və daha uzun çəkə bilər.

Sensor tinnitus növü adətən Meniere xəstəliyin əlaməti kimi özünü büruzə verir. Bu sağlamlıq probleminin olması beyində səsin qavranılmasına təsir göstərir. Məlumat üçün deyim ki, Meniere xəstəliyi daxili qulaqda maye yığılması və təzyiqin artması nəticəsində baş verən, balans və eşitmə problemləri ilə xarakterizə olunan bir qulaq xəstəliyidir. Bu xəstəlik əsasən başgicəllənmə, eşitmə itkisi, qulaqda küy və qulaq dolğunluğu kimi simptomlarla müşahidə olunur. Xəstəlik adətən bir qulaqda meydana gəlsə də, bəzi hallarda hər iki qulağı da təsir edə bilər.

Somatik tinnitus növü isə hərəkət və toxunuşla əlaqədardır və hər hansı pozuntunun meydana gəlməsi ilə yaranır. Əzələ spazmları, boyun burulması və diş problemləri somatik tinnitusun səbəbləridir. Bu növ tinnitus bütün tinnitus növlərinin 3-də 1-ni təşkil edir.

Obyektiv tinnitusa gəlincə, bu, nadir rast gəlinən tinnitus növüdür və qan dövranı və ya dayaq-hərəkət sistemi ilə əlaqədardır. Bu, başqaları tərəfindən də eşidilə bilən yeganə tinnitus növüdür. Əgər səbəb aşkarlanarsa, müalicə ilə tinnitus adətən tamamilə dayanır. Bu tinnitusu yaradan əsas səbəblər qan və ümumi dövran problemləridir”.

Nərminə xanım bildirib ki, tinnitusun müayinəsi zamanı eşitmə itkisi, başgicəllənmə, qulaq ağrısı və ya qulaqdan ifrazat kimi əlaqəli simptomların olub-olmadığı da qiymətləndirilməlidir. Həkim deyir ki, qulaqdaxili müayinə ilə qulaq mumunun yığılıb-yığılmadığı və ya infeksiya olub-olmadığı yoxlanılır. Onun sözərinəgörə, diaqnoz zamanı üstünlük verilən bir sıra digər testlər də var. Bunlar qan testləri, Audiometriya, KT və ya MRT-dir.

 

Ailə həkimi qeyd edib ki, bəzi əlamətlər qulaqda səs-küyün ciddi bir səbəbinə işarə edə bilər. Həkim deyir ki, bu hallarda ixtisaslaşmış mütəxəssis tərəfindən qiymətləndirilməyə ehtiyac var:

“Bu əlamətlərə Birtərəfli tinnitus, Pulsasiya edən tinnitus, Eşitmə itkisi ilə birlikdə olan tinnitus, Başgicəllənmə və ya baş dönməsi, Baş ağrıları və ya cüt görmə problemləri, Sinir sistemi ilə əlaqəli simptomlar, məsələn, üz sinirinin iflici

Tinnitusa bağlı intihar düşüncələri daxildir. Qeyd edim ki, qulaqda səs-küy çox vaxt müalicəsiz də zamanla yaxşılaşa və ya tamamilə keçə bilər. Bununla belə, tinnitusa səbəb olan əsas amillər müalicə edilməlidir. Məsələn, qulaq mumunun təmizlənməsi və ya infeksiyanın müalicəsi tinnitus simptomlarını azaldar. Tinnitusu idarə etmək və simptomları yaxşılaşdırmaq üçün bir sıra tədbirlər görülə bilər”.

Ailə həkimi deyir ki, tinnitusun tamamilə müalicəsi olmasa da müəyyən terapiyalarla durumu idarə etmək mümkündür:

“Eşitmə cihazları eşitmə itkisini müalicə etmək və tinnitusu azaltmaq üçün istifadə edilə bilər. Səs terapiyası fon səsini əlavə edərək tinnitusu maskalamağa kömək edir. Koqnitiv Davranış Terapiyası tinnitusun yaratdığı narahatlığı azaltmağa və onunla baş etməyə kömək edə bilər.

Eyni zamanda qulaqda səs-küyün müalicəsi çox vaxt fərdi yanaşma tələb edir və xəstənin vəziyyətindən asılı olaraq müxtəlif yanaşmalar tətbiq oluna bilər”.

Nərminə xanım qulaqda səs-küyün yaratdığı psixoloji təsirlərdən də bəhs edib. Bildirib ki, qulaqda səs-küy yalnız fiziki deyil, həm də psixoloji təsirlərə malik ola bilər:

“Araşdırmalar göstərir ki, ağır tinnitus olan xəstələrdə depresiya və ya narahatlıq pozğunluğu kimi psixoloji vəziyyətlər müşahidə oluna bilər. Son tədqiqatlarla beyində funksional MRT texnologiyası vasitəsilə tinnitusun harada yarandığını müəyyən etmək mümkündür. Məlum olub ki, qulaqda hiss edilən cingilti qulaqda deyil, beyində yaranır və bu vəziyyət beyindəki emosional mərkəzlə, yəni limbik sistemlə əlaqəlidir. Narahatlıq, depresiya və hətta ağrı kimi hallar limbik sistem vasitəsilə qulaqda səs-küyün yaranmasına təsir edə bilər. Buna görə də xəstələrin emosional vəziyyətlərini idarə etməyi öyrənmələri vacibdir”.

Qulaqda səs-küy və onun digər xəstəliklərlə əlaqəsinə gəincə, Nərminə xanım bildirdi ki, bu xəstəliklər qulaqda səs-küyü ya birbaşa yarada, ya da var olan tinnitusu ağırlaşdıraraq insanın həyat keyfiyyətinə təsir edə bilər. Ailə həkimi qeyd edib ki, bu əlaqə tinnitusun səbəblərini və onun daha ciddi tibbi vəziyyətlərin bir simptomu kimi ortaya çıxa biləcəyini başa düşməyimiz üçün vacibdir.

 

“Anemiya qanda kifayət qədər sağlam qırmızı qan hüceyrələrinin olmaması və ya hemoglobinin aşağı səviyyədə olması ilə xarakterizə olunur. Anemiyalı insanlar bədəndə oksigen çatışmazlığı yaşadıqları üçün bəzən tinnitus da daxil olmaqla bir sıra simptomlar yaşayırlar. Anemiyada qulaqda eşidilən “zəngləmə” və ya “uğultu” səsi bədənin aşağı oksigen səviyyələrinə verdiyi reaksiyanın nəticəsi ola bilər. Bu vəziyyətdə qan dövranının sürətlənməsi və ürək döyüntüsünün artması qulaqdakı qan axınını hiss etməyə səbəb ola bilər.

Diabet yüksək qan şəkəri səviyyələri ilə xarakterizə edilən metabolik bir xəstəlikdir. Nəzarətsiz qalan diabet zamanla sinir sisteminə zərər verir və bu, diabetik nöropatiya olaraq bilinir. Sinirlərə dəyən bu zərər, qulaqdaxili sinirlərə də təsir edə bilər və nəticədə tinnitus meydana çıxa bilər. Həmçinin, qan dövranındakı problemlər və damarların zədələnməsi də tinnitusun inkişafına səbəb ola bilər.

Tiroid hormonlarının balanssızlığı, həm hipotiroidizm, həm də hipertiroidizm tinnitusun səbəblərindən biri ola bilər. Tiroid hormonları bədənin bir çox funksiyasını tənzimlədiyi üçün bu hormonların disbalansı bədəndə sinir sistemini və qan dövranına təsir edərək tinnitus simptomlarına səbəb ola bilər. Tiroid xəstəlikləri ilə əlaqəli olan tinnitus adətən hormonal balansı bərpa etdikdən sonra yaxşılaşır.

Yüksək xolesterol səviyyələri və hiperlipidemiya damarların daralmasına və qan dövranının azalmasına səbəb ola bilər. Qan dövranının pozulması və ya yavaşlaması qulaqdakı kiçik damarlarda qan axınını məhdudlaşdıraraq tinnitusa səbəb ola bilər. Xüsusilə, damarların tıxanması və ya daralması fonunda pulsasiya edən tinnitus eşidilə bilər.

Meniere xəstəliyi daxili qulaqda mayenin toplanması nəticəsində yaranan bir vəziyyətdir. Bu xəstəlik yalnız tinnitusa deyil, həm də eşitmə itkisinə, başgicəllənməyə və qulaqda dolğunluq hissinə səbəb ola bilər. Meniere xəstəliyində tinnitus adətən dövrlər halında baş verir və zaman keçdikcə daha ağır forma ala bilər.

Multipl skleroz, mərkəzi sinir sistemindəki sinirlərin zədələnməsi ilə nəticələnən bir avtoimmun xəstəlikdir. Bu xəstəlik sinirlərin işinə təsir etdiyi üçün, qulaq sinirlərini də zədələyə bilər. MS xəstələri bəzən tinnitusla birlikdə baş dönməsi, görmə pozğunluqları və bədən hərəkətləri ilə bağlı digər problemlər də yaşayırlar.

Psixoloji vəziyyətlər, xüsusilə depressiya və narahatlıq, tinnitusun həm səbəbi, həm də nəticəsi ola bilər. Depressiyalı və ya narahatlıq keçirən insanlar daha çox tinnitus şikayəti ilə üzləşə bilərlər, çünki emosional vəziyyət beyindəki sinir yollarına və eşitmə sisteminə təsir edə bilər. Eyni zamanda, tinnitusa sahib olan insanlar bu simptomla yaşadıqları narahatlıq səbəbindən depressiya və ya təşviş pozuntusu kimi digər psixonevroz patologiyaları da qazana bilirlər.

Qan dövranı ilə bağlı xəstəliklər, məsələn, karotid arteriya stenozu (karotid arteriyadakı daralma), arteriovenoz malformasiyalar və ya aorta stenozu tinnitusun səbəbləri arasında yer ala bilər. Bu vəziyyətlərdə qulaqda pulsasiya edən bir səs eşidilə bilər. Bu səs çox vaxt qulaq yaxınlığındakı qan damarlarından qaynaqlanır və qan dövranındakı narahatlıqla əlaqədar olur.

Ailə həkimi bildirib ki, tinnitusa sahib olan insanlar yalnız qulaq müayinəsi ilə kifayətlənməməli, eyni zamanda sistemik bir xəstəliyin olub-olmadığını müəyyən etmək üçün daha geniş bir müayinədən keçməlidirlər.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir