İnsanların bir çoxu gözaltı qaralarının olmasından narahatdılar. Onlar gözaltı qaraları, əsasən hər hansı bir xəstəliklə əlaqələndirirlər.
Mövzu ilə bağlı saytımıza danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərmina Abbasova bildirib ki, gözaltı qaraların yaranmasının əsas səbəbi çox vaxt dermatoloji problemlərlə əlaqədar olsa da, bu həm də daxili xəstəliklərin xəbərçisi ola bilər.
Ailə həkimi öncə onu qeyd edib ki, gözaltı dərisi şəffaf olduğu üçün kapilyar dərmanlar tez hiss olunur:
“Gözaltının qaralması həmin kapilyarlarla bağlıdır. Bəzi xanımlarda isə o damarlar nisbətən qabarıq olduğu üçün onlarda gözaltı qaralar daha tünd rəngdə olur. Bu qaralmaların digər bir səbəbi isə yeyilən qidalarla əlaqədardır. Çox yağlı və duzlu qidalar qəbul etmək gözaltı qaraların çoxalmasına səbəb olan faktorlardan biridir. Stress və yuxusuzluq da gözaltı qaralmalarına və şişkinliyə təsirsiz ötüşmür. Eyni zamanda, həddindən artıq yorğunluq, kifayət qədər yatmamaq da göz altında qaralar yaradır. Yuxusuzluq zamanı dəri solğunlaşır, nəticədə isə dərialtı tünd toxumalar nəzərəçarpacaq dərəcədə görünməyə başlayır. Bəzən allergik reaksiyalar və göz quruluğu da gözaltı qaraların yaranmasına təkan verir”.
Nərminə xanım bildirib ki, gözaltı qaraları müalicə etmək üçün birinci onun yaranma səbəbi müəyyən edilməlidir. Həkimin sözlərinə görə, sırf dermatoloji problemdirsə, daha yüngül variantlarla ev şəraitində fərqli metodların tətbiqi mümkündür:
“Normal yuxu və istirahət rejiminin bərpası kimi üsullar vəziyyətin irəliləməsinin qarşısını alır. Bütün bunlara cavab verməyən gözaltı qaralmalar üçün lazer və işıq dolğusu ilə müalicə üsullarından istifadə edilir.
Onu da qeyd etməliyəm ki, çox zaman gözaltı kölgələr xroniki patologiyalar: qaraciyər, böyrəküstü vəzi və ürək çatışmazlığı, xolesistit, öd daşı xəstəliyi, helmintoz, lyamblioz, anemiya, hipotireoz, sinir sisteminin xəstəlikləri zamanı müşahidə edilir. Uşaqlarda tünd kölgələr burun-udlaq – xroniki tonzillit – diş və damaq xəstəlikləri, vegetativ-damar distoniyası fonunda yaranır. Həmçinin damarların genişlənməsi və keçiriciliyinin artması ilə müşayiət edilən allergik reaksiyalar – allergik rinit, konyuktivit, pollinoz – göz ətrafı qaraltılara səbəb olur. Bundan əlavə dediyim kimi, gözaltı kölgələr hər hansı bir daxili xəstəlikdən xəbər verə bilər.
Bəli, əksər hallarda bu simptomun səbəbi yuxusuzluq, ziyanlı vərdişlər, streslər, səhv qidalanma, göz yorğunluğu – məsələn, uzun müddət ərzində kompüterdə işləyəndə, telefona baxanda olur. Lakin bəzən bu simptom ciddi pozulmalara da işarə edir”.
Həkim deyir ki, əgər gözaltı qaralma axşama doğru artırsa, bu, ürək və qan dövranı ilə bağlı olan problemlərin əlaməti ola bilər. Onun sözlərinə görə, böyrəklərin də fəaliyyətində pozulmlar göz altında tünd ləkələrin yaranmasına səbəb olur. Bununla yanaşı şəkərli diabet, qanazlığı, mədə-bağırsaq sistemi xəstəlikləri, allergiyalar, qurd xəstəlikləri, intoksikasiyalar, oftalmoloji problemlər də gözaltı qaralmalara səbəb olur:
“Gözaltı qaralmaların səbəbləri çoxdur və onların arasında ciddi xəstəlik və pozulmalar ola bilər. İlk növbədə terapevtin müayinəsindən keçmək lazımdır. Lazım olduğu halda terapevt pasienti digər mütəxəssislərin müayinəsinə göndərəcək. Lakin hər hansı pozulma aşkar olunmazsa, yuxu rejimi və qidalanmaya fikir verilməli, ziyanlı vərdişlərdən imtina edilməli, dermatoloq və kosmetoloqla məsləhətləşmək lazımdır”.
Nərminə xanım bildirib ki, rənglər əsasında göz altındakı problemin səbəbini müəyyənləşdirmək mümkündür:
“Əgər onlar mavi, çəhrayı və ya bənövşəyi çalardadırsa, rəngin dəri altındakı damarlardan gəldiyi zənn edilir. Əgər qəhvəyi tonda görünərlərsə, çox güman ki, dəridə artıq melanin piqmenti mövcuddur. Bu isə qara halqaların nadir səbabkarlarından hesab olunur”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)