Qumru Eyvazova

Narkomaniya və yeniyetmələr – “VƏKİL BÜROSU”

Baxış sayı: 330

Bəşəriyyət üçün təhlükəli problem olan narkomaniyanın yetkinlik yaşına çatmayanlar arasında yayılması hazırkı dönəmdə həm ölkəmizdə, həm də bütün dünyada ciddi narahatlıq doğurur və onun genişlənməsinin qarşısının alınması istiqamətində həm ölkə daxilində, həm də beynəlxalq təşkilatlar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

 

Azərbaycanda bu istiqamətdə hansı işlər görülür?

Narkomaniya ilə mübarizə məsələsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə narkomaniya ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Narkotik maddələrinin istifadəsinin artması həm də, paralel olaraq cinayətkarlığın artması deməkdir. Bu bəlaya düçar olan yeniyetmələrin ən azı üçdə ikisi narkotik vasitələrdən asılı vəziyyətə düşdükdən sonra bu və ya digər cinayət əməlləri törədərək cinayətkara çevrilirlər. BMT-nin Narkotiklər və Cinayətlər İdarəsi tərəfindən 2021-ci il üzrə dərc edilmiş “Dünya Narkotik Hesabatı”nda qeyd edilir ki, hazırda dünyada 275 milyona yaxın insan müntəzəm olaraq narkotik vasitələrdən istifadə edir və bu, 2010-cu illə müqayisədə 22 faiz artım deməkdir.

Statistikaya əsasən, 2021-ci ildə ölkəmizdə narkotiklərdən istifadə üzrə qeydiyyatda 34 602 nəfər olub. Bunlardan 566-sı qadın, 14 nəfəri isə yetkinlik yaşına çatmayanlar olub. 2007-2012–ci illər üzrə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə Proqramı” və “2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı” mövcud olmuşdur. Hazırda isə ölkəmizdə narkomaniya ilə mübarizə istiqamətində 2019-cu il ildə cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən 2019-2024-cü illər üçün dövlət proqramı qəbul edilib.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən 2022-ci il ərzində narkotiklərin satışı üzrə 19000 cinayət hadisəsinin qarşısı alınıb.

 

Narkotikdən asıllılığın yaranmasının başlıca səbəbləri hansılardır?

Bu cür səbəblər müxtəlif ola bilər. Yəni cinsiyyət, yaş, sosial mühit, təhsil və bir sıra amillərin burada rolu ola bilər. Bu xəstəlik xüsusən erkən yetkinlik dövrünə təsadüf etdiyindən, həmin yaşda olan şəxslərin davranışlarına xüsusi önəm vermək lazımdır.

Ümumiyyətlə zərərli vərdişlərə aludəçilik yarandıqda, yeniyetmələrin həmin narkotik vasitələrdən istifadə etdikcə onlarda kimyəvi və qeyri-kimyəvi asılılıq yaranır. Statistika göstərir ki, zərərli vərdişlərə aludəçilik nöqteyi-nəzərindən 17-18 yaşarası uşaqlar çox həssas təbəqələr sayılırlar və onları narkomaniyaya cəlb etmək daha rahat və asan olur. Bu işdə ailə və sosial mühitin rolu son dərəcə mühümdür. Bu səbəbdən orta məktəblərdə narkotiklərlə bağlı maarifləndirmə işinin həssas müstəvidə aparılmasının vacibliyini nəin ki narkoloqlar, həmçinin həkimlər, psixoloqlar və bu iş üzrə mütəxəssislər də bildirirlər.

 

Bəs narkotik vasitələrlə bağlı hansı cəza tədbirləri mövcuddur?

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsinə əsasən,  yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edim ki, qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, müəyyən siyahı təsdiq edilmiş və həmin siyahıda narkotik vasitələrin adları (dərman preparatlarının beynəlxalq adları) və onların qanunla istifadə miqdarı göstərilmişdir. Həmin miqdarı aşdıqda isə, şəxsin cinayət məsuliyyətinə cəlb olunması cinayət qanunvericiliyində nəzərdə tutulur.

Ümumiyyətlə, yeniyetmələrin narkotik vasitələrə aludəçiliyinin qarşısını almaq ilk növbədə valideynin borcudur, əgər yeniyetmə üzərində ciddi nəzarət olarsa, yuxarıda sadalanan halların heç biri baş verməz. Uşaq ailənin güzgüsüdür və onu yetişdirib cəmiyyətə tam sağlam verməkdən ötrü valideyn ciddi səylər göstərməli və uşağına qarşı laqeyd yanaşmamalıdır, axı uşaqlar bizim gələcəyimiz və ölkəmizin təmsilçisi olan vətəndaşlardır.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir