Nureddin Mehdixanli

Nurəddin Mehdixanlı: “Öləndə məni atamın yanında basdırın” – MÜSAHİBƏ

Baxış sayı: 2. 173

Müsahibimiz canlandırdığı tarixi obrazlarla yadda qalan, xalq artisti Nurəddin Mehdixanlıdır. Adətimiz üzrə söhbətimizə aktyorun uşaqlığından danışmaqla başlayırıq.

Nurəddin Mehdixanlının uşaqlığı necə keçib?

– Çox yaxşı keçib. O mənada yaxşı ki, 17 uşaqlı ailə olmuşuq. İki çay arasında gözəl kəndimiz var idi. Sərhədə – o tay Azərbaycana yaxın bir yerdə idi. Novruz bayramında Qazanköşkü deyilən yerə gedib orada tonqal qalayardıq.

Uşaqlığımız deyəndə hər kəsin beynində hər hansı xatirə, qoxu canlanır. Bəs siz nəyi xatırlayırsınız? 

– Qəribəsi budur ki, insan yaşa dolduqca uşaqlığını xatırlamağa başlayır. Çünki biz daha çox itirdiyimiz və itirilmiş şeylərə dəyər veririk. Yanımızda, əlimizin içində olanda ona qiymət verə bilmirik. Nəyə görə uşaqlıq illəri doğmadır? Çünki atan, anan var idi, uşaq idin, qayğıların, problemlərin, çiynində həyatın yükü yox idi. O yaşda istədiyin şeylər rahatlıqla reallaşırdı. Səhər tezdən hamı bir yerdə süfrə başına toplaşardı. Şəhərdə ulduzları görmək olmur. Burada göy yerdən çox uzaqdır. Bilmirəm göy nəyə görə adamlarından qaçır? Amma kənd yerlərində göy yerə çox yaxındır. Elə bilirsən bu dəqiqə üstünə töküləcək. Mən tez-tez imkan tapdıqca o anları yaşamaq üçün rayona gedirəm.

“Öləndə məni  atamın yanında basdırın”

Bəs yenidən o anları  yaşamaq mümkündür?

– Çox qəribədir ki, uşaq vaxtı o şeyləri yaşayanda fərqinə varmırdım. Amma indi bəzən o şeyləri yaşayırsan və bədənindən gizilti keçir. Elə bilirsən o illərə qayıtmısan. Biz bal arıları saxlayardıq. Demək olar ki,  dərslərimi arılara baxa-baxa oxuyurdum. Kənd bulağımız yadımdadır, çox gözəl suyu var idi. Oranın havası çox təmizdir, bəlkə ondan irəli gəlir ki, insanları da çox təmizdir, Allaha daha yaxındırlar. Övladlarıma da, öz qardaş-bacılarıma da deyirəm, mən öləndə məni atamın yanında basdırın. Bilirsiniz niyə? Hər  insan doğulduğu torpağa tapşırılmalıdır. İnsanın ruhu onda rahat olur. Hazırda öz kəndimizə dünyada mənim üçün ən rahat olan yer kimi baxıram.

1974-cü ildə İncəsənət Universitetinə qəbul olmusunuz. Təbii ki, tələbəlik illəri hər bir insanın ömründə iz qoymadan ötüşmür. Bəs sizə necə,  çətin gələn nə olurdu?

– Çətinliklərimiz o idi ki, kirayədə yaşayırdıq. Bilmirəm nədən idi,  rayonlardan şəhərə gələn gənclərin hamısı ancaq özgə millətdən olanların evində qalırdılar. Daha çox çətinliyimiz bu olurdu. Amma mən rayondan gəlməyimə baxmayaraq, bura uyğunlaşmaq çətinliyi yaşamadım. Kənddəki həyatım kitablarla bağlı idi. Şəhərə gələndə də ilk getdiyim yer kitabxana oldu. İlk dostlarımı da kitabxanalarda tapdım. Kitab mühitində tanış olduğun insanlarla  xoşagəlməz problemlər yaşamırsan. Maddi çətinliyə gəldikdə isə, onu deyə bilərəm ki, indiki gənclərin yaşadıqları çətinlikləri biz yaşamırdıq. Hər universitetin öz yataqxanası var idi, kim istəsə çox rahat şəkildə qala bilirdi. Mən bir il yataqxanada qaldım, sonra yataqxanaya sığışmadım. (gülür). O vaxtlar sözgötürməyən, dalaşqan biri idim. Mənə dedilər ki, sən yataqxana həyatı üçün doğulmamısan.

Xalq artisti söhbətimizə  tələbə yoldaşları ilə bağlı  xatirəsindən danışmaqla davam edir:          

– Tələbə yoldaşlarımızla çox mehriban idik. Mən əlaçı təqaüdü alırdım. Hər təqaüd alanda qızlarımızı kafeyə aparırdıq. Dondurma alırdıq, kinoya gedirdik. Yəni, o uşaqlar çox saf idi…

Heç öz gəncliyinizi indiki  zamanın gəncliyi ilə müqayisə edirsinizmi? Nələr dəyişib, nələr olduğu kimi qalıb? 

– O zamanın öz tabuları var idi, onları keçmək olmazdı. Elə münasibətlər də o zamankı dünyagörüşünə görə formalaşırdı. İndi Azərbaycan gəncliyinin çox az bir hissəsi var ki, onlar tabunu, qayda-qanunu, ictimai qınağı anlamırlar. Onlar “bu cür istəyirəm və bu cür yaşayıram” prinsipi ilə yaşayırlar. Belə də olmur. Sən insanlar arasında yaşayırsan və bu cəmiyyətin də müəyyən qayda-qanunları var. Sən meşənin içindəki  Robinzon Kruzo deyilsən. Heç o da tək deyildi… Amma Azərbaycan gəncliyinin əksər hissəsi var ki, Azərbaycanın bugünkü və gələcək taleyi onlarla bağlıdır. Onlar tarixinə, milli-mənsubiyyətinə bələd olan gənclərdir. Mənim üçün Azərbaycan gənci bulvarda sarmaşıq olan gənclərdən ibarət deyil. Mənim üçün Azərbaycan gənci sərhəddə dayanıb vətənini qoruyan, böyük-kiçik yerini bilən, böyük gələndə ayağa qalxan, əxlaqlı, tərbiyəli, milli və dini dəyərlərə sahib çıxan, elm sahibi   gənclərdir. “Mən salim olum, cümlə cahan batsa da batsın” bunu mənim azərbaycanlı gəncim deyə bilməz. Həmişə deyirəm ki, bugünkü gənclik Azərbaycana müstəqilliyi qazandıran gənclikdən daha iddialıdır. Mən çox rahat və arxayınam. Bəzən Azərbaycan gənclərinin yaxşısını da, pisini də bir-birinə qatırlar. Onları həmişə ayırmaq lazımdır.

Elə gənclərdən danışmışkən, müsahibələrinizdən oxuduğum qədərilə siz gəncliyinizdə hərbçi olmaq istəmisiniz.  Böyük sənətkar Adil İskəndərov olmasaydı, bəlkə də indi hərbçi olmuşdunuz. Bu istək haradan, necə yaranmışdı?

– Mənə belə gəlir ki, son 250 ildə bütün uğursuluğumuzun səbəbi odur ki, hərbçilərimiz çox az olub. Hətta, bizim böyük xeyriyyəçilərimizdən biri çar xəzinəsinə çox yüklü miqdarda hər il qızıl pul ödəyirdi ki,  Azərbaycan gənclərini əsgər aparmasınlar. Ona görə də həm çar ordusunda, sonralar  həm sovet ordusunda azərbaycanlıların sayı minimum sayda idi. Amma ermənilərin, gürcülərin sayı çox idi. Azərbaycanlılara qarşı edilən qırğınlarda da ermənilər həmişə başda olublar. Mənim bu istəyim oradan yaranıb. Mənim qardaşlarım da hərbçidirlər. Onlar Almaniyada, Əfqanıstanda xidmət ediblər. Vəziyyəti belə görəndə artıq insanda bu arzu yaranır. Görəndəki Qarabağ hadisələri zamanı tank sürməyə əsgər tapa bilmirdik, deyirəm kaş hərbçi olardım. Doğrudanda çox arzulayırdım. Düşünürəm ki, bizim vətənə şairdən, aktyordan, yazıçıdan çox hərbçi lazımdır. Təbii ki, vətənin incəsənət adamlarına da ehtiyacı var, onların da öz yeri var. Amma bu gün bizə daha çox hərb sənəti ilə peşəkarcasına məşğul olan insanlar lazımdır.

 “A kişi sən öz oğlunu gizlədirsən, gəlib, bizə dərs oxuyursan?”

-Düzdür, hər  valideynə övladı əzizdir, amma bizdə belə söz var: “Oğul düşmən çəpəridir”. Doğrudan da bu, belədir, sərhədlərimizi qoruyanlar kimdir?  Təbii ki, bu yolda da övladlarımızı qurban verəcəyik. Mənə belə gəlir ki, bu gün vətən yolunda qurban verdiklərimizdən qat-qat çox insanları avtomobil qəzalarında, narkotik maddələrin  çox istifadəsi zamanı itiririk. Bilirsiniz ağlın, zəkanın yanında güc olmayanda o ağıl, o zəka müdafiəsiz qalır. Ona görə də ölən var torpağa basdırırlar, ölən də var Allahın dərgahına gedir. Şəhidlər Allah dərgahına gedir. Onlar sadəcə cismən torpağa tapşırılır. Mənim bir oğlum var, mən onu əsgər göndərəndə hamı məni qınayırdı. Mən əsgər göndərməyim bəs kim göndərsin? Hər kişi öz övladını gizlədəcəksə, bəs bu ölkəni kim qorusun?  Adama deməzlər ki, a kişi sən öz oğlunu gizlədirsən gəlib bizə dərs oxuyursan? Bunu təkcə söz demək haqqıma görə etmədim. İstədim ki, oğlum bu ölkədə alnıaçıq gəzsin. Elə özüm də  kifayət qədər formadayam. Heç bir problemim yoxdur (gülür). İstənilən vaxtı da hərbi çağırışa hazıram.  Onu da deyim ki, əksər silah növlərindən ustalıqla istifadə etməyi bacarıram, çünki atıcıyam. Hər nə qədər hərbçi olmaq  arzum ürəyimdə qalsa da, bacardığım qədər vətən yolunda borcumu qaytarmağa çalışdım.

Söhbətimiz əsanasında Nurəddin bəyin hərblə bağlı emosiyalı, yanıqlı danışması diqqətimi cəlb edir. Ona filmlərdən, tamaşalardan izlədiyim qədərilə onun çox emosional görüntüsnün olduğunu deyirəm.

Sizi izlədiyim zaman düşünürəm aktyor  görəsən ailə, dostlar içində də emosional danışır yoxsa sadəcə səhnə bunu tələb edir?

– Bilirsiniz mən belə doğuldum, kənd uşağıyam, biz enerjili uşaqlarıq. Təməlimiz güclü qoyulub. Dağ çayı görmüsünüz? Bilirsiniz, bir var Aran yerdə axan çay, çox sakit axır. Amma dağ çayı hündürdən gəldiyinə görə hay-küylə gəlir, uçurdur, dağıdır, daşları parça-parça edib özünə yol açır. Yol açıb Arana çıxana qədər sakitləşir. Bizim də dəli-dolu gəncliyimiz olub, yaşıyırıq, sonra yavaş-yavaş sakitləşirik. Amma işimizə, arzularımıza ilişməyə çalışanlar olanda isə Kür kimi yenə dəli oluruq. Dostlarımı çox sevirəm, insanlarla münasibətimdə necə varamsa, eləyəm. Mən beləyəm, Nurrəddin Mehdixanlı bu deməkdir. Mən hislərimi gizlədə bilmirəm, mən əgər gülürəmsə, bərkdən gülürəm (gülür). Kimdən xoşum gəlmirsə, bunu hiss elətdirirəm. Mənim o limitim çoxdan bitib ki, üzgörənlik edim, bağışlayım. İndiyə kimi kifayət qədər bağışlamışam. Düzdür, faydası da oldu, amma faydası olmayanlar daha çox oldu. Bəzən elə şeyləri bağışlayırıq ki, onları bağışlamaq olmaz.

Aktyorlar səhnələri oynayarkən danışdığı sözlərə can, ürək qoyurlar. Ürəyiniz oynadığınız səhnələrə tab gətirə bilirmi?

– Aktyorun aləti onun öz canı, öz əsəbi, öz ürəyidir. Hər insan həyatda təkcə öz problemlərini, öz əsəblərini yaşayır, amma aktyorlar hər gün başqa bir insanın ağrısını, acısını, taleyini yaşayır. Yaratmaq sözü yalnız Allaha aid olduğu halda aktyor da öz timsalında sanki başqa insan yaradır. Məsələn, bu gün Məhəmməd adlı bir aktyor axşam Kral Lirdir, onu yaşayır. Bu heykəltəraşın yaratdığı daş deyil. Bu rəssamın çəkdiyi kətan üstündəki rənglər deyil, öz canıdır.

“Aktyorlar həm də tarixçidirlər”

Oynadığınız səhnələrə nəzər saldıqda görürük ki, daha çox tarixi rolları oynamısınız, özü də baş rolları… Belə bir fikir var ki, aktyor oynadığı obrazı  yaşamalıdır, hiss etməlidir. Amma sizin həmin əsərlərdəki rolunuz məsələn, gündəlik həyatda yaşadıqlarımızdan olmur, tarix olmuş obrazlardır. Tutaq ki, Cavad xan, Əmir Teymur obrazları necə, yaşayıb hiss edə bilirsiniz? 

-Bizim sənətin xüsusiyyətlərindən  və gözəliklərindən biri də budur ki, biz təkcə sözləri əzbərləmirik. Məsələn, Atabəylər dövləti ilə bağlı Nəriman Həsənzadənin bir pyesi var, orada mən Seyfəddin Uruz rolunu oynamışam. Mən obrazı oynamaqdan ötrü o dövrü, davranışları, geyimləri, münasibətləri öyrənmişəm. Əgər aktyor həmin zamanı öyrənmədən oynayırsa, ortalığa heç bir iş qoya bilməz. Aktyorlar həm də tarixçidirlər. Mənim oynadığım obrazlar əgər tarixi obrazdırsa, mütləq şəkildə o dövrü öyrənirəm. Bu mənada tarixi obrazlar oynamaq çətindir.

Bəs daha çox tarixi obrazlara çəkilməyinizin əsas səbəbi nədir? Sizin istəyinizdir yoxsa təkliflər bu istiqamətdə olur?

– Yox, sadəcə olaraq bu teatrın repertuar siyasətindən asılıdır. Əsərlər rejissorlar arasında bölünür. Rejissor da ssenarini işləyir, orada rol bölgüsü edir. Hansı rolda oynayacağı 99 faiz aktyorun özündən asılı deyil. Aktyor hansı rolu oynayırsa, oynasın, onu ürəyi ilə yaşamalıdır. O zaman zaldakı tamaşaçı sənə inanacaq. Mənim belə xarakterim var ki, oynamadığım tamaşalara da oturub baxıram. Arxada yerim var, heç kim məni görmür. Bir dəfə sevgi səhnəsi oynanılırdı, zalda da gənc oğlan və qız yanaşı əyləşmişdilər. Gördüm ki,  bunlar gülürlər. Zarafatla qız oğlana səhnəni göstərib deyir ki, bundan sonra sən də mənə belə deyəcəksən. Oğlanda qayıdıb deyir ki, görmürsən necə gülməlidir, adam belə söz deyər? Bu, əslində “səhnədə necə oynamaq olmaz”  dərsidir.  Səhv nədir? Çünki sadəcə söz deyirlər, yola verirlər. Obrazda deyillər, tamaşaçı bunu hiss edir. Amma əsl aktyor elə etməlidir ki, onlar səhnədə danışmağa belə imkan tapmasın, aktyorun yaşadıqlarını onunla birlikdə yaşasın. Buna sənət deyirlər. Bu, zamanla qazanılan bir texnikadır. Bəzən olub ki, tamaşada özüm üçün bir-iki sınaqlar aparmışam. Səhnədə otururam,  danışmıram sadəcə zala baxıram və zal da mənimlə bərabər susur. Bu elmdir, həm  gipnoz, həm də magiyadır. Aktyor zal ilə manipulyasiya etməyi bacarmalıdır.

Nurəddin bəy, elə tamaşalardan danışmışkən hazırda necə gedir işlər, teatr, film, serial nə kimi yeniliklər var?

– Keçən mövsümdə bir il serialda çəkildim, çox yoruldum. Çox ağır rejimdir. Düzdür, deyirlər seriala çəkilmək rahatdır. Amma belə deyil. Bəzən səhər saat 6-ya qədər işləyirsən. Azərbaycan Dövlət Dram Teatrında məşqlər, tamaşalar, orada da seriallar məni çox yordu. İndi bir az istirahət edirəm. Teatr iki əsər hazırlığına başlayacaq, çox ciddi əsərlərdir. Orada çox fərqli obrazda iştirak edəcəm.  Bundan başqa bədii televiziya filmi var. İnşallah iki ay yarıma onun çəkilişləri başlayacaq.

“İstedadlar küçələrə tökülmür, çox az olurlar”

Seriala çəkilməyinizdən danışdınız, bəs indi çəkilən seriallar, filmlər necə, qane edirmi sizi?

– Məsələ burasındadır ki, uşaq dünyaya gələn kimi danışmır. Azərbaycanda film, serial məsələsi bir- iki ilə düzələn məsələ deyil. Hər şey əlifbadan başlayır. Beş – altı il öncə çəkilən seriallarla bu gün çəkilən seriallar arasında çox böyük fərq var. Ən azından ortada cəhd var, deməli, inkişaf da yavaş-yavaş olacaq.  Çünki Azərbaycanın yaradıcı gəncliyinin çox böyük potensialı var. Onlar sabahımızdır. İstedadlar küçələrə tökülmür, çox az olurlar.

Arzulayıb da çəkilə bilmədiyiniz obraz Şah İsmayıl obrazı olub. Niyə Şah İsmayıl?

– Çünki Şah İsmayıl Azərbaycan türküdür, Azərbayan Səfəvi dövlətinin yaradıcısıdır. Şah İsmayıl Azərbaycan dilini dövlət dili etmiş şəxsdir. Şah İsmayıl böyük Azərbaycanı yaratmış kişidir.

Ailənizdə sizin sənətinizi davam etdirən varmı, yaxud bunu istəyərdinizmi?

– Məncə, bir ailəyə bir Nurəddin Mehdixanlı bəs edir (gülür). Övladlarım hərəsi öz sənətini seçib. Aktyorluq kimi arzuları da olmayıb. Amma istəsəydilər deyərdim ki, bir Nurəddin Mehdixanlı bəs deyilmi?

“ O nə idi, sən oynadın?”

Ailənizdə sizin sənətinizi həyat yoldaşınız rahatlıqla qəbul etməsi nə qədər vaxt aldı?

– Sənət adamlarının həyatı başqalarından fərqlənir. Əgər artıq seçimin bu istiqamətdədirsə, onun istəyib – istməməyindən asılı olmur. Həyat hər şeyi öz axarına qoyur. Onu deyim ki, mənim işlərimin ilk təndiqçisi elə mənim xanımımdır. O dedisə, yaxşıdır, 100 tənqidçi pis desin, qəbul etmərəm. Bilirəm ki, həyat yoldaşım düz deyir. Çünki o tərəfsiz və qərəzsizdir. O deyirsə ki, pis deyil, deməli, nəsə yerində deyil. Bəzən də deyib ki,  “ O nə idi, sən oynadın?” (gülür). İndiyə qədər onun səhv etdiyini görmədim.

Aktyor olan insan ailəyə vaxt ayıra bilirmi?

– İstədiyin adamlara hər zaman vaxt ayıra bilirsən. Təbii ki, teatr bizim ikinci evimizdir. Kim ailəyə vaxt ayıra bilmədiyini deyirsə, bu şişirtmədir, sənətçi kaprizləridir.

Söhbətimiz əsnasında Nurəddin bəyin  otağına nəzər salıram. Otağındakı kitabların yığıldığı guşə diqqətimi çəkir. Kitablarla aranız çox yaxşıdır deyəsən…

– Mənim həyatım boyu dostlarım, müəllimim bax,  bu (əliylə göstərib) kitablar olub. Mən bütün həyatım boyu öyrənmişəm və hələ də öyrənirəm. Bilirsiniz, kitabları nəyə görə sevirəm?! ( susub, sonra davam edir) Mənə belə gəlir ki, dünyada insana xəyanət etməyən 3 şey var. Biri insanı yaradandır – Allahdır, biri torpaqdır – hamı ondan üz çevirəndə bizi qoynuna alır. Biri də ki,  kitablardır. Ancaq öyrədir, özü də  yaxşı şeyləri öyrədir. Kitab heç vaxt sənə yalan demir.

Özünüzü hətta “Kitab içindən çıxan adam” adlandırırsınız. Axı hər şey kitabdakı kimi olmur, bəs bu sizə çətinlik yaratmır?

– Kitab səni murdarlanmağa qoymur. Düzdür, həyat kitabda olduğu kimi deyil. Həyat səni yaralayır, sındırmağa çalışır. Əslində səni insan kimi toqquşmalar formalaşdırır. İndi bir anlıq təsəvvür edin, ağlı-qaralı həyatın içindən çıxmısan. Səndə toqquşmalar, ziddiyyətlər olmasa, sənin inkişafın olmayacaq.  Bu mənada kitab sənin qalxanındır. Sən pisliklə qarşılaşanda kitab deyir ki, həyat ondan ibarət deyil, həyatda yaxşılar da var, sən yaxşı ol, ona oxşama. Əslində kitab həyatımın özü olub. Ən faydasız hesab olunan kitabdan belə mütləq nələrsə öyrənirsən. Ona görə də Allah insanlara insan olduğunu izah etməkdən ötrü göydən daş, kosmik gəmi göndərmədi. Göydən yerə kitab göndərdi. Çünki kitab hər şeydən üstündür, hər şeydən dəyərlidir.

İndi hansı kitab oxuyursunuz?

– Əvvəl dəfələrlə oxuyub bitirdiyim bir kitab var idi. İndi onu təzədən oxumağa başlamışam ( Kitabı əlinə alıb söhbətimizə davam edir).  Bu “Ziya Bünyadov – Azərbaycan VII-IX əsrlərdə” kitabıdır. Digəri isə “Ziya Bünyadov – Atabəylər dövləti” kitabıdır. Bizə bəzən deyirlər ki, azərbaycanlıların dövləti olmayıb. Baxın, bu kitablar sübut edir ki, bizim dövlətimiz olub. Bu Azərbaycanın o qədər böyük bir tarixidir ki, əgər biz bədii filmlər çəkəcəyiksə, hamısı bu kitablardadır, bunlar bizim tariximiz və taleyimizdir. Kitab sənə özünü, dünyanı tanıdır.

Bu yaxınlarda sizin oynadığınız Toyqun Orbayın pyesi əsasında hazırlanmış “21:15 qatarı” tamaşasında olmuşdum. Və tamaşa bitəndə mən sizin rolunuzdan, sözlərinizdən o qədər təsirlənmişdim ki, qalxıb getmək istəmirdim. Orada təxminən belə deyirdiniz ki: “Yaxşı insanlar küçələrdə ölürlər”. Real həyatda bu cümlə ilə razılaşırsınızmı?

– “Yaxşı adamlar küçələrdə ölürlər, üzləri qəzet səhifələri ilə örtülür” (susur) Təəssüf ki, bu reallıqdır. Çünki yaxşı adamlar saf, təmiz adamlardır, haqqın yanında olanlardır. Qorxmadan həqiqəti söyləyənlər və müdafiə edənlərdir. Həm də müdafiəsiz adamlardır. Yaxşı nə varsa, azdır. Yaxşı adam olmaq Məhəmməd Hadi olmağı bacarmaqdır. Yaxşı insan olmaq həm də dərviş olmaqdır:

“Döyəni əlsiz gərək

Söyənə dilsiz gərək

Dərviş könülsüz gərək

Sən dərviş olamazsın”

Bu şeirə əməl etməyi bacarmayan dərviş olmaz.

Cəlil Məmmədquluzadənin bir sözü var, deyir “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən”. Bunun üçün sizcə nələr etmək lazımdır?

– Yaxşı ailə başçısı olmaq, yaxşı sənət adamı olmaq, yaxşı döyüşçü olmaq, özünü tanımaq, Allahı tanımaq və ona daim şükür etməyi bacarmaq lazımdır.

Müsahibəmizin sonuna yaxın Nurəddin Mehdixanlı gənclərə öz məsləhətlərini verir: 

– Hansı peşənin sahibi olmaq istəyirsənsə, onun elmini öyrənməlisən. Öyrənməyə çalışmalısan ki, ustad olasan. Şöhrət arxasınca qaçdınsa, səndən ustad olmayacaq. Çoxlu pul-para arxasınca qaçdınsa, səndən pullu adam olacaq, amma sənətkar olmayacaq. Sənət adamı mütləq şəkildə gözütox və əxlaqlı adam olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir