evlilik

Oğlanlar evlənməyə niyə qız tapmır?

Baxış sayı: 686

Azərbaycanda yeni doğulan körpələrin sayında qız uşaqlarının payı azalmaqda davam edir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53918 doğulan körpə qeydə alınıb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

Qız uşaqlarının sayının azalmasını adətən cəmiyyətdəki mövcud stereotiplər – oğlan uşaqlarına üstünlük verilən patriarxal ailə strukturunda görürlər. Lakin ekspertlər bunu birmənalı qəbul etmir. Və stereotipləri cinsi ayrı-seçkilikdə yalnız səbəblərdən biri kimi göstərirlər. Digər səbəblər də var ki, onlar əvvəlkindən heç də kiçik əhəmiyyət daşımır, əksinə, cinsi zyrı-seçkiliyə zəmin yaradır. Bu səbəblər arasında selektiv abortların qanunla qarşısının alınmaması, həmçinin iqtisadi, sosial problemlər də var.

Sosioloq Lalə Mehralı qız uşaqlarının sayının azalmasını daha çox selektiv abortlarla əlqələndirir:

“Bunlar hamısı selektiv abortların təsiridir. İllərdir yazırıq, deyirik. Deməli, nəticəsini belə görəcəkdik. Sinif otaqlarında əyləşənlərin sayında, evlənənlərin sayında, məktəbə gedənlərin, bağçaya gedənlərin sayında… Selektiv abortların qarşısı alınmayacaqsa, vəziyyət belə də davam edəcək və daha acı nəticələrlə qarşılaşacağıq.

lale mehrali

Bu, böyük demoqrafik problemə gətirib çıxaracaq. Oğlanlar evlənməyə qız tapmır artıq. Hazırda bu göstərici 3-5 faizdirsə, getdikcə yüksələcək. Bu artıq dövlət əhəmiyyətli məsələyə çevrilib. Çünki birbaşa genefondumuza zərər vurur. Hesab edirəm ki, bu problem haqqında həyəcan təbili çoxdan çalınmalıydı. Problem ciddi müzakirə edilməli və ciddi, məqsədyönlü addımlar atılmalıdır. Bu problem dəyirmi masalar, konfranslar, treninq, seminarlar keçirməklə həll olunası iş deyil. Konkret proqram ortaya qoyulmalıdır və ciddi iş aparılmalıdır. Səbəblər dəqiq tədqiq edilməlidir. Və buna müvafiq də iş görülməlidir. Çünki bu, dövlət əhəmiyyətli, strateji məsələdir”.

L.Mehralı qeyd etdi ki, selektiv abortlarda cəmiyyətdəki mövcud stereotipləri önə çəkmək yanlışdır:

“Sosial problemlər və ailə gəlirlərinin azalması da abortların artmasına rəvac verir. Bir çox ailələrdə əsasən 3-cü uşağın dünyaya gəlməsi məqbul sayılmır. Nəticədə, bu, təkcə qız uşaqlarının deyil, ümumiyyətlə, ölkədə yeni doğulmuşların sayının azalmasına gətirib çıxara bilər. Biz uzun illərdir uşaqlara ödəniləcək sosial müavinətlərin bərpasının vacibliyini gündəmə gətiririk. Məncə, bu məsələyə də baxılmalıdır. Ailə sosial və iqtisadi cəhətdən təmin ediləcəyini bilsə, övladın oğlan və ya qız olacağı onu narahat etməz. Nəticədə çoxuşaqlı ailələrimiz artar.

 

Məlahət Rzayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir