-f816dc0a167844767222235179610926546

Övladlarımızı biz tərbiyə edirik, yoxsa çevrəmiz?

Baxış sayı: 492

İnsanın gələcək üçün şəxsiyyət kimi formalaşmasında uşaqlıq dövrü mühüm əhəmiyyət kəsb edir. Uşaq yaş dövrünün normal şəkildə keçirmək insan həyatının növbəti mərhələlərinə də müsbət təsir göstərir. Təssüflər olsun ki, son zamanlar uşaqlarda bir sıra müxtəlif psixoloji problemlər müşahidə olunmaqdadır və bu problemlər çətinlik dərəcəsi, müalicə müddətinə görə biri-birindən fərqlənir.

Yemək ye, vaxtında yat, tərləmə…

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva mövzu ilə bağlı bildirdi ki, uşaqlarda üzə çıxan bu psixoloji problemlər təkcə uşağın özündən deyil, ailənin, cəmiyyətin və ya hər hansı bir hadisənin nəticəsində “qazanılıb”.  Zamanında düzgün qiymətləndirmə və müalicə həyata keçirilmədiyi təqdirdə bu psixoloji problemlər daha da artır və nəticələrinin aradan qaldırılması daha da çətinləşir: “Bu gün istər televiziya və ya sosial şəbəkələrdə, istərsə də gündəlik həyatımızda uşaqların nəyisə etməyə məcbur edilməsini mütəmadi şəkildə eşidirik, görürük. Uşaq yaşlarında böyüklərin ən çox məcbur etdiyi məsələlər ilk öncə qida qəbul etmək, yatmaq, tərlələməmək və digər amillər olur. Əlbəttə ki, yaş artdıqca tələblər də çoxalır və bu tələblərə riayət etməyən uşaqlara məcbur edilərək əməl etdirilir. Unutmamalıyıq ki, uşaqların dünyanı və cəmiyyəti dərk etməsi zamanla formalaşır. Buna görə də valideynlər məcbur etmək əvəzinə digər formalarda uşaqlarla ünsiyyət qurmağa çalışmalı, məcbur edən zaman cəza və ya şiddətə müraciət etməməlidirlər. Unutmaq olmaz ki, davamlı məcbur etmə, cəza, şiddət həmin uşağın formalaşmasına təsir edir və psixoloji narahatlıqlar ortaya çıxara bilir.”

Şiddət çıxış yolu deyil

Həmsöhbətimiz diqqətə çatdırdı ki, gündəlik həyatımızda tez-tez qarşılaşdığımız və arzu etmədiyimiz hallardan biri də övladların hər hansı bir davranışına görə onlara tətbiq olunan cəzalandırma metodudur: “Fiziki zorakılıq, şiddət, təhqir və digər ciddi cəzalarla üzləşən uşaqlarda qorxu, stress, aqressiya, özünəqapanıqlıq, şiddətə meyillilik, özünəqapanma və digər psixoloji narahatlıqlar üzə çıxır. Mütəmadi bu cür cəza alan uşaqların özləri də zaman keçdikcə şiddətyönümlü olurlar. Hətta bəzi uşaqlar böyüyüb ailə həyatı qurduqdan sonra öz övladlarına üzərində də eyni cəza metodlarını tətbiq edirlər. Bu cür metodlar qəbuledilməzdir. Təbii ki, uşaqlar hər hansı bir düzgün olmayan hərəkəti etdikdə onlara bunu hansısa formada başa salmaq mütləqdir, lakin şiddət çıxış yolu deyil. Uşaqlar üçün ən düzgün və münasib metodlardan ən birincisi ona etdiklərini izah edərək başa salma metodudur. Bununla yanaşı, etdiklərinin əvəzində onlara yaşına uyğun şəkildə cərimə etmək münasib hesab edilir.”

Uşaqlarda kəkələmə, nitq problemləri niyə artıb?

“Bu gün bir çox uşaqların nitqində problemlər yaranır. Bu, nə ilə bağlıdır” sualına isə həmsöhbətimizin cavabı belə oldu: “Kəkələmə, nitq problemləri ilə əlaqədar son zamanlar bizə müraciətlər siyahısında artım müşahidə olunmaqdadır. Hər birimizə məlumdur ki, insan doğulan kimi nitq olmur. Nitqin formalaşması zamanla və ətrafı dərk edərək formalaşır. Bir qayda olaraq nitqin tam formalaşma prosesi 5-6 yaşına qədər davam edir. Lakin bəzi uşaqlarda ya bu prosesdə gecikmələr müşahidə olunur, ya da ümumiyyətlə nitq formalaşmır. Təbii ki, nitq problemlərinin səbəbləri də müxtəlif olur. Ən çox müşahidə olunan səbəblər kimi, ananın hamiləlik dövründə keçirdiyi infeksion xəstəliklər,  doğuş zamanı baş verən travmalar, zədələr, uşağın stressli bir şəraitdə yaşaması, valideynləri tərəfindən qayğı görməməsi, ağız əzələlərinin, dişlərin, çənənin düzgün inkişaf etməməsi, eşitmə problemləri və digər psixoloji pozuntuları nümunə kimi göstərə bilərik.”

Ailə məsuliyyətini daşımağa hazır deyilsəniz, evlənməyin

Psixoloq vurğuladı ki, son illərdə xoş olmayan tendensiyalardan biri də gənc ana və ataların övladları ilə yetərincə maraqlanmaması, onlardan imtina hallarının artmasıdır. Bunun səbəblərini də soruşduqda təbii ki, müxtəlif bəhanələr deyilir: “Bürün bunları ümumiləşdirib belə bir qənaətə gəlmək olur ki, gənc ailələr nəinki övlad tərbiyəsi ilə məşğul olmağa hazır deyillər, onlar hətta övlad sahibi olma, ailə məsuliyyətini daşımağa hazır olmurlar. Təbii ki, ailədə normal validen tərbiyəsi, nəvaziş görməyən uşaqlar zamanla müxtəlif çətinliklərlə qarşılaşa bilirlər. Odur ki, gənc ailələrə tövsiyəm odur ki, tam hazır olmadan bu məsuliyyəti götürməkdən çəkinsinlər.”

Uşaq tərbiyəsi yaşla, təhsillə, savadla olmur

Sağlam Cəmiyyət Hərəkatının  eksperti, sosioloq Lalə Mehralı isə mövzu ilə bağlı bildirdi ki,  uşaq tərbiyəsi yaşla, təhsillə, savadla olmur. 2 diplomlu, elmi iş müdafiə etmiş, kitablar yazmış insanlar da uşaq tərbiyəsində səhvə yol verə bilir. Bizim nənələrimiz heç ibtidai təhsili belə olmadan nümunəvi, tərbiyəli övladlar yetişdirirdi. Demək ki, təhsil əsas rol oynamır. Yaş məsələsinə gəldikdə isə təcrübə çox şeydir, 18-20 yaşında evlənmiş, təcrübəsi artıq sabit olan bir qadının tərbiyə etdiyi uşaq 28-30 yaşında evlənmiş bir qadının övladından daha yaxşı tərbiyə ala bilər. Yəni hər evlənən uşaq tərbiyəsinə hazır olur deyə bilmərik.

Həmsöhbətimiz diqqətə çatdırdı ki, əksəriyyətimiz işləyirik, övladımızla yetərincə məşğul ola bilmirik. Məcburiyyətdən onları nəzarətsiz qoya bilirik. Ona görə də bizim övladlarımızı bizdən çox çevrəmiz tərbiyə edir. Etiraf edək ki, onların tərbiyələrində internet çox böyük rol oynayır. Bizim övladlarımızı bizdən xəbərsiz kimlərsə tərbiyə edir, yönləndirir –oyunlarla, videolarla, fotolarla.  Bəzən onları bu mühitdən ayıra bilmirik. Müşahidə etmisinizsə fərqindəsiniz,  uşaqların ad günü tortlarının üzərində təsbeh, bıçaq, tapança, qandal maketləri əks etdirilir, oğru aləminin simvolları əks olunmuş paltarlar geyinirlər. Valideynlərin bəzisi bunu kor-koranə edir, bəzisi isə etinasızlıqdan. Biz bu məsələni çox geniş müzakirə etmişdik, valideynlərə xəbərdarlıq etdik, təhlükədən danışdıq, amma nəticədə yenə etinasızlıq gördük. Ona görə deyirəm ki uşaqlarımızı biz yox, çevrəsi tərbiyə edir.

Zorakılığı təbliğ edən istənilən tərbiyə üsulu səhvdir, lakin kiçik cəzalar da olmasa tərbiyə etmək olmaz

Sosioloq qeyd etdi ki, zorakılığı təbliğ edən istənilən tərbiyə üsulu səhvdir, lakin kiçik cəzalar da olmasa tərbiyə etmək olmaz. Uşağı döymək, incitmək, fiziki xətər yetirmək yolverilməzdir, amma cəza sistemi tətbiq etmək mütləqdir. Bu cəza sistemi zorakılıq etməməli, fiziki güc göstərməməlidir. Valideyn övladının xarakterinə uyğun cəza sistemi yarada bilər. Bu televizora baxma saatını azaltmaq, virtual oyunlar oynamağını məhdudlaşdırmaq kimi yollar ola bilər. Dediyim kimi, hər valideyn öz övladının xasiyyət və xarakterinə uyğun cəza sistemi yarada bilər.

Valideyn övladının xarakterinə uyğun cəza sistemi yarada bilər. Bu televizora baxma saatını azaltmaq, virtual oyunlar oynamağını məhdudlaşdırmaq kimi yollar ola bilər. Dediyim kimi, hər valideyn öz övladının xasiyyət və xarakterinə uyğun cəza sistemi yarada bilər.

Biz avropalı ailələr kimi ola bilmirik, 18 yaşı tamam olan kimi övladımızı sərbəst olmağa göndərə bilmirik

Lalə Mehralının sözlərinə görə, mental dəyərlərimiz bizə övladımızı həmişə yanımızda görməyi, sərbəst yaşamasına imkan verməməyi aşılayıb. Bununla qismənm razılaşıram. Biz avropalı ailələr kimi ola bilmirik, 18 yaşı tamam olan kimi övladımızı sərbəst olmağa göndərə bilmirik. Həm valideynlik qayğılarımız, həm də təhlükəli ola biləcəyini düşündüyümüz vəziyyətlər buna imkan vermir. Amma məncə lazımdır ki uşaqları təkbaşçına yaşaya bilməyə hazırlayaq. Türkiyədəki fəlakətdən sonra şahidi olduq, nə qədər gənc, yeniyetmə ailəsiz qaldı. Onlar bundan sonra 18 yaşınadək dövlətin himayəsində qala biləcəklər, daha sonra həyatda təkbaşına mübarizə aparmalıdırlar. Əgər ailəsi buna hazırlıq görübsə, onu zamanında tək həyata hazırlayıbsa o zaman sərbəst həyatı çətin olmayacaq. Amma yenə də deyirəm ki, bəzən cəmiyyət o qədər zərərli ola bilir ki övladımız nə qədər hazır olursa olsun pis çevrəyə, mühitə düşə bilir.  Məncə övladımızı tərbiyə edəndə hər mümkün bəlaya, qəfil hadisəyə, pis mühitə qarşı immunitetli böyütməliyik. Uşaq dünyanın hər üzünü bilməli, tanımalıdır. “Yağ içində böyrək” misalı böyüdülən uşaqlar sonra hərbi xidmətdə, iş mühitində, ümumiyyətlə, cəmiyyətə adaptasiyada çətinlik çəkir. Vaxtında ona həyatın hər çətinliyini öyrətməli, düşəcəyi çətin situasiyalardan çıxış yolunu anlatmalı, analiz və düşüncə qabiliyyətini inkişaf etdirməli, mümkün müsibətə qarşı dözümlülük aşılamaq lazımdır.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir