Əkiz deyəndə adətən bir-birlərinə çox bənzəyən bacı-qardaşlar nəzərdə tutulur. Lakin insan genetikası o qədər sirli və qəribədir ki, heyran olmaya bilmirsən.
Beləliklə, bu yazıda sizə yer üzünə gəlmiş ən qəribə əkizlər barəsində məlumat verəcəyik.
Güzgü effektli əkizlər
Əgər yumurta hüceyrələri 9-12 günlük aralıqla bölünüb çoxalırsa, dünyaya güzgü effektli əkizlər gəlir. Bu o deməkdir ki, onlar bir-birlərinə xarici görünüşünə görə bənzəsələr də, onları ayırd etmək də asan olur. Bir-birlərinə tamamilə əks iki insan kimi olurlar. Məsələn biri solaxay, digəri sağaxay olur, birinin sol çiynində xal varsa, digərində də var, amma mütləq sağ çiynində. Birinin saçları düz, digəri qıvrımsaç ola bilər. Belə əkizlər nadirən doğulur. Əgər bir yumurtaya 2 spermatazoid düşərsə, belə əkiz hüceyrələr formalaşa bilir. Bu körpələrdə 3 dəst xromosom olur, biri anadan, ikisi atadan.Ona görə genetik materialın hissəcikləri fərqlənir. Məsələn, onların qaş gözləri eynilə bənzəsə də, burun və çənələri fərqli ola bilir.
Qarışıq əkizlər
Qarışıq əkizlər də nadir görülür. Onlar müxtəlif milliyyətlərə mənsub valideynlərin törəmələridirlər. Və ya hər iki valideyn özləri qarışıq millətlərdən törəyiblər. Bu əkizlərin biri ağ, biri qara ola bilər. Hər biri fərqli millətə xas xarici görünüşə malik olurlar.
Ximer əkizlər
Bu əkizlərin varlığına inanmaq çətindir. Yəni bir insan iki insana məxsus DNK-nı eyni anda daşıyır. Belə ki, hamiləliyin ilk dövrlərində ana bətnində iki mayalanmış əkiz yumurta bir-birinə qarşır. Və güclü olan əkiz digərini yeyir.
Beləliklə, sağ qalan əkiz dünyaya gəldikdən sonra əkiz tayının DNK-sını da özündə daşıyır. Məşhur Model Teylor Maxl belə nadir insanlardan biridir. O həm qardaşının DNK-sını daşıyır, həm də bədəninin bir tərəfi digər tərəfinə nisbətən daha tünd piqmentə malikdir. İnsanlar arasında nadir görünsə də, ximer əkiz pişiklərdə tez-tez rast gəlinən haldır.
İki ayrı atadan və anadan doğulan əkizlər
Bu hal tibb elmində superfekundasiya adlanır. Xarici görünüşünə görə belə əkizlər bir-birlərinə bənzəyirlər, çünki anaları eynidir. Lakin hər birinin fərqli gen ehtiyatı var. Çünki ayrı-ayrı ataların övladlarıdırlar. Süni mayalanma zamanı hətta iki ayrı anadan doğulan əkizlərin dünya gəlməsi mümkündür. Məsələn, bir bioloji ananın 2 yumurta hüceyrəsini 2 fərqli qadının bətninə yerləşdirsələr, bu baş verir. Belə olan halda əkizlər su damlası kimi bir-birlərinə bənzəyirlər.
Fərqli günlərdə doğulan əkizlər
Əkizlərin bir neçə saat və hətta bir gün fərqlə doğulması faktları çoxdur. Lakin daha fenomenal hallar da mövcuddur Məsələn, 29 yaşlı Liliya Konovalova öz əkizlərini 11 həftəlik fərqlə dünyaya gətirib. Birinci dünyaya gələn qız 840 qram, ikinci dünyaya gələn oğlan isə 3 kq çəkiyə malik olub.
Bu necə ola bilər? O halda ki, ananın ikiqat analıq rəhmi var, bu orqanizmin xüsusi anatomk özəlliyidir, körpələrdən hər biri fərqli rəhmlərdə yaranıb böyüyür. 2012-ci ildə 87 gün fərqlə doğulan əkizlər qeydə alınıb.