bina

Pəncərədən zibil “yağırsa”, nə etməli?

Baxış sayı: 1. 374

Yəqin ki hər birimizin zibili eyvandan atan qonşusu var. Çoxlarında zibili yeşiklərə atmaq mədəniyyəti formalaşmayıb. Bəziləri məqsədli şəkildə bunu etsə də, bir çoxları zibili eyvandan aşağı atmağı, küçədə istənilən yerə qoymağı normal qəbul edir.

Əlbəttə, bütün bunlar cəmiyyətdə sivil davranışların öləziməsindən xəbər verir. Lakin insanlarımızın bu məsələdə maariflənməsinə, onlarda mədəni davranışların formalaşmasına hava-su kimi ehtiyac var. Bəs, belə halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir ki, effektiv nəticələr əldə edək?

Problemin həll yolu ilə bağlı fikirlərini bölüşən kulturoloq Aydın Xan Əbilov bildirib ki, yüksək cərimələrin tətbiq olunması və ciddi maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.

Onun sözlərinə görə, Bakı böyük meqapolisə çevriləndən sonra subyektiv və obyektiv səbəblərdən paytaxtımız yüksəlməyə başladı:

“Yəni, Qərbi Azərbaycandan qovulmuş qaçqınlarımız, Qarabağ müharibəsi zamanı oradan didərgin düşmüş köçkünlərimiz və sosial vəziyyətlə bağlı bəzi vətəndaşlarımız regiondan Bakıya axışmağa başladı. Beləliklə, paytaxt mədəniyyətinin özündə bir gərginlik yarandı. Hər birimiz rayonlardan, kəndlərdən köçüb Bakıya gələnlərik. Vaxtilə biz Bakıya oxumaq üçün gələndə paytaxt az sayda bölgələrdən gələn insanları müəyyən mənada şəhər mədəniyyətinə yiyələnməyə vadar edirdi. Bizdən əvvəl gələn nəsillər belə şəhər mədəniyyəti, svilizasiyası, şəhərdə yaşamağın metodları ilə bağlı sonrakı gələn insanlara bir növ həyat dərsi keçirdilər. İnsanlar anlayırdı ki, kənddə bərkdən danışıb bu evdən o biri evdəkini çağırmaq normal sayılırdırsa, şəhərdə belə etmək olmazdı. Biz hər zaman KİV-lərdə və televiziyalardakı çıxışlarımızda bildirmişik ki, təbii və qeyri-təbii şəhərləşmə insanlarımızın bir qismini sanki meqapolis mədəniyyətindən uzaq düşməyi məcbur edir. İnsanlar zibili normal insan kimi zibil yeşiyinə yox, sadəcə yuxarı mərtəbədən aşağı atmaq atmaqla sanki özlərinin bir növ “mədəniyyətlərini” yaradırlar. İstər-istəməz 1-2 nəfər bunu edəndə digələri də təkaralayır. Çünki, fikirləşirlər ki, “qonşu edirsə, niyə odan geri qalım?”.

A.Əbilov vurğulayır ki, cərimələrin və inzibati məsuliyyətin tətbiqi, orta məktəblərdən başalayaraq ali məktəblərə qədər həyat bilgilərinin öyrədilməsi vacibdir:

“Nəinki, Bakıda, digər şəhər və qəsəbələrimizə baxırıq ki, hər tərəf plastik tullantılarla doludur. İnsanlar başa düşmürlər ki, kiçik planetdə yaşayırıq və hər dəfə şəhəri zibillədikcə həmin əşyalar yenidən öz orqanizmimizə qayıdır. Buna görə də xərçəng və digər xəstəliklər çoxalır.

Bu məsələ ilə bağlı ictimai qınağı da gücləndirmək azımdır. Amma insanlara da nəsə demək olmur. Hətta bir neçə dəfə nəsə demək istəyəndə aqressiya ilə qarşılaşmışam.

Şəhərin müxtəlif yerlərində kameralar quraşdırılıb. Həmin kamera görüntülərindən mütləq istifadə edib şəhərimizi pis günə qoyan insanları cəzalandırmaq lazımdır. Özü də cərimələr 10-20 manat yox, böyük məbləğdə olmalıdır. Eyni zamanda həmin insanlar inzibati cəza olaraq zibilləri yığsınlar və küçələri süpürsünlər.

Bu görüntüləri də sosial şəbəkələr və telekanallar vasitəsilə digərlərinə ibrət olsun. Başqa çıxış yolu yoxdur. Necə ki, piyadaları buraxmayan sürücülərə böyük məbləğdə cərimə tətbiq ediləndən sonra problem aradan qalxdı. Fikrimcə, bu problemi cəzaları sərtləşdirmək və insanları ictimai qınağa çəkib maarifləndirməklə aradan qaldırmaq olar”.

 

Yeganə Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir