peyvend

Peyvənd doğrudan da risklidirmi?

Baxış sayı: 6. 071

Son vaxtlar çox tez-tez peyvəndlərlə bağlı tənqidi notlarda yazılmış yazılara, narazılıqlara rast gəlirik. Valideynlər övladlarında məhz peyvənddən sonra fəsadlar yarandığını iddia edir, aidiyyatı qurumlar isə bu iddiaları inkar edirlər. Təbii ki, hər iki tərəfin haqlı olduğu hallar olur. Doğrudan da Azərbaycanda bu sahədə vəziyyət hələ də ürəkaçan deyil. Lakin bunun da səbəbləri var.

Bir neçə gün əvvəl qızımı peyvənd üçün poliklinikaya aparmışdım. Peyvənd otağında məndən başqa da bir valideyn vardı. Peyvənddən qorxduğunu, ona görə də uşağın yaş yarımına qədər bundan imtina etdiyini dedi. Lakin sonradan uşaq qızılca tutub və ağır keçirib. Valideyn də məhz bundan sonra qərara gəlib ki, uşağın peyvəndlərini etdirsin.

Sözün düzü, mənim qızımın peyvəndləri də gecikib, lakin bunun səbəbi heç də bir valideyn olaraq mənim məlumatsızlığım, savadsızlığım deyil, qızımda müşahidə edilən qan azlığıdır. Ötən il qızımda qan faizi 54-56 arasında olduğu üçün poliklinika həkimi Südabə Mamedova bəzi peyvəndləri təxrirə saldı. Artıq hər şey qaydasındadır və qızımın peyvəndləməsi davam edir.
Bu yazını yazmaq zərurətini isə poliklinikada həmsöhbət olduğum valideynin fikirləri yaratdı. Mənə aydın oldu ki, Azərbaycanda hələ də peyvənddən qorxan və maarifləndirməyə ciddi ehtiyacı olan insanlar var.

Nədir peyvənd?

Sualıma cavab almaq üçün uzağa getmədən öz həkimimizlə söhbət etdim. Südabə xanımın sözlərinə görə, peyvənd orqanizmin ətraf mühitə uyğunlaşması və yaşaması üçün müdafiə faktorlarını formalaşdırır: “Peyvəndlər müxtəlif viruslar, bakteriyalar, parazitlərlə qarşı-qarşıya gəlir və bu zaman özü öz müdafiə sistemini qurur. Bəzi xəstəliklər və infeksiyalar var ki, bu zaman bədən öz müdafiə sistemini qura bilmir və bu, ağır nəticələr verə bilir. Bu hal ilə qarşılaşmamaq üçün eyni virus, bakteriyaların canlı və ölü növlərindən bioaktiv vasitələr hazırlanır ki, buna peyvənd deyilir. Peyvəndləmə zəruridir ki, uşaqlarda müdafiə sistemi formalaşsın və bir çox xəstəliklərə qarşı hazırlıqlı olsun. Peyvəndlərin müxtəlif növləri var. Bəzi peyvəndlər canlı orqanizmlərin zəifdilmiş formalarından hazırlanır ki, bunlara vərəm, qızılca, məxmərək peyvəndləri aiddir. Digərləri isə mikroorqanizmlərin öldürülməsindən sonra hazırlanan peyvəndlərdir ki, göy öskürək peyvəndi bura aiddir. Bunlara submit peyvəndi deyilir və əsasən son dövrlərdə hazırlanıb vurulur. Bu peyvəndlər də öldürülmüş peyvəndlərdir, amma öldürüldükdən sonra parçalanaraq, parçalardan xüsusi peyvəndlər hazırlanır. Məsələn, Hepatit B peyvəndi bu şəkildə hazırlanır. Bəzi orqanizmlər isə bədənə daxil olduqdan sonra özləri ölür, öldükdən sonra toksinlər buraxır. Bu toksinlərdən əmələ gələn xəstəliklər daha çox əhəmiyyət kəsb etdiyinə görə, toksinlərə qarşı antioksinlər hazırlanır ki, bura tetanus, difteriya kimi peyvəndləri aid edə bilərik”.

S.Mamedova onu da qeyd etdi ki, bəzən valideynlərin özlərinin səhlənkarlığı ucbatından uşaqlarda ağırlaşma halları baş verir. Məsələn, valideynə tapşırılır ki, peyvənddən sonra uşağı soyuqdan qorusun, çimizdirməsin, hər hansı bir ağırlaşma halı müşahidə etsə, tez həkimə müraciət etsin: “Lakin bir sıra valideynlər bu tapşırıqlara məhəl qoymurlar, sonra da günahı həkimlərdə, yaxud da peyvənddə görürlər. Çox şükür ki, 15-16 illik pediatrlıq fəaliyyətimdə belə hala rast gəlməmişəm”.peyvənd

Həmsöhbətimiz valideynlərin peyvənddən imtina etməklə uşaqlarını böyük risk altında saxladığını da qeyd etdi: “Uşaqlara vurulan peyvəndlərin azyaşlılarda ciddi xəstəliklər yaratması, peyvəndin orqanizmə ziyanı kimi fikirlər tamamilə yanlışdır. Valideyn bilməlidir ki, peyvənd olunmayan uşaq istənilən zaman təhlükəli xəstəliyə yoluxa bilər. Hər bir uşağın hər hansı xəstəlikdən qorunma və yardım alma hüququ var. Valideynlər həmçinin övladlarını peyvənddən yayındırmaqla onların hüquqlarını da pozmuş olurlar. Çünki uşağa peyvənd vurulduqdan sonra onda immunitet yaranır və yoluxucu xəstəliklərdən qorunur”.

Peyvəndi pisləyənlər “işbazlardır”

Ölkənin baş pediatrı Nəsib Quliyev də mətbuata açıqlamasında peyvəndlərin keyfiyyəti barədə səslənən fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, istər dövlət, istərsə də özəl tibb müəssisələrində vurulan peyvəndlərin satış qiymətləri var: “Bu qiymətlərlə istənilən şəxs maraqlana bilər. Hətta bəzi apteklərdə peyvənd materialları satılır. Peyvənd materiallarının satış qiyməti 3-5 manatdan 20-25 manatadəkdir. Lakin bəla burasındadır ki, qiymətlər belə olduğu halda, özəl tibb müəssisələrində peyvəndin qiyməti 60 manatdan 200 manatadək müəyyənləşdirilib. Yəni bəzi özəl tibb müəssisələri peyvənd vurmaqla gəlir əldə etmək istəyir. O peyvəndlər faktiki olaraq aptekdən alınır və uşaqlara tətbiq olunur. Özəl tibb müəssisələrinin üzərinə düşən iş peyvəndin daşınması, bir də tibb bacısının inyeksiya etməsindən ibarətdir. Bu proses klinikaların zəhməti sayılır. Təbii ki, ortaya belə bir sual çıxır: 3-5 manata alınan peyvəndlər niyə 15-20 dəfə baha, yəni 100-200 manata vurulur? Bu peyvəndlərin baha satılmasının səbəbi nədir? Buna görə də qiymətin şişirdilməsini izah etməyə səbəb axtarırlar. Nəticədə peyvəndin keyfiyyəti ilə bağlı bu cür məlumatları verməklə çıxış yolu axtarırlar. Bahalığın səbəblərini başqa cür izah edə bilmirlər, bu cür yersiz və əsassız ittihamlarla insanları aldatmağa çalışırlar. “Biz bahasını, keyfiyyətlisini alırıq” kimi məntiqsiz fikirlərlə peyvəndlərlə alver edirlər. Amma körpələrin üzərindən alver etmək olmaz. Ümumiyyətlə, peyvəndə qarşı təbliğat aparmaq yanlışdır”.

Baş pediatrın sözlərinə görə, dünyada peyvənd istehsal edən hər bir zavodun üzərində Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspertlər qrupunun və texniki konsultasiyasının nəzarəti var: “Peyvəndin hansı ölkədə istehsal edilməsindən asılı olmayaraq vaksinlər bütün dünya üçün nəzərdə tutulur. Peyvəndin Hindistanda istehsal edilməsi onun ucuz və ya keyfiyyətsiz olması anlamına gəlmir. Hindistan təkcə Azərbaycan üçün peyvənd istehsal etmir ki… Hindistanda istehsal edilən peyvəndlər bütün dünyaya paylanır. Peyvənd materiallar ÜST-in normativləri, qaydaları üzrə istehsal olunur. Peyvəndlərin istehsal edildiyi ölkə üzərində kimlərsə spekulyasiya edir. Bu fikirlər tamamilə yanlışdır və elmi əsası yoxdur. Son 3 ilin məlumatına görə, Azərbaycanda orta hesabla 175 min uşaq doğulub. Buna görə də 1 milyon 760 min dozada preparat alınır. Ümumiyyətlə, hər kəs bilməlidir ki, peyvəndin vətəni Şərq olub. VII əsrdə türklər tərəfindən Orta Asiyada, Hindistanda və Çində tətbiq olunub. 1300 il ərzində peyvəndə alternativ heç bir preparat icad olunmayıb. Peyvəndlərin tətbiqi ilə bağlı tənqidi fikirləri bir qayda olaraq qeyri-peşəkarlar səsləndirir”.

Yazımızı peyvənddən yaranan fəsadın xəstəliklər qədər qorxunc olmamasına dair maraqlı bir statistika ilə bitiririk: Difteriyadan ölüm 5-6 faizdən 46 faizədək baş verib. Yəni difteriyaya yoluxan hər 100 adamdan ən azı 5-i, ən çoxu 46-sı tələf olub. Lakin hazırda hər 1 milyon peyvənddən sonra 1 ölüm qeydə alınır. Başqa sözlə, rəsmi statistikaya əsasən, peyvəndin tətbiqindən sonra dünyada hər 1 milyon uşaqdan 1-i ölür. Bunun özü sübut edir ki, peyvənddən yayınma çox təhlükəli və qorxulu fəsadlar yarada bilər.

“Kaspi” qəzeti




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir