Hər birimiz nəinki özümüzün hətta ətrafımızda olan insanların da psixolojik cəhətdən sağlam olub olmadığını həmişə düşünmüşük.Müasir və klassik psixiatriya illərdir bu suala cavab axtarır “sağlam ruh necə olur?”Qəribə də olsa deməliyəm ki, bu suala konkret cavab yoxdur.”Anormalı” haqqında saatlarla mühazirə oxuya biləcəyimiz halda “normalı” necə olur sualına həmişə aciz olmuşuq. Aristotel yazırdı ki, “Bir miqdar dəliliyin qarışmadığı ruh halı yoxdur”.Bu məntiqlə yola çıxsaq ruhi sağlam insan yoxdur.Bəs gəlin görək ruhi sağlamlıq nədir? Ruhi, psixoloji sağlam insan necə olmalıdır? Psixiatr, psixoterapevt Orxan Fərəclinin “Gencaile.az“ saytının “Sağlamlıq bələdçisi” rubrikasında təqdim etdiyimiz yazısı məhz bu barədədir.
Sağlamlıq nədir?
Ümumdünya Səhiyyə Təşkilatının sağlamlığa verdiyi tərif belədir ki, insanın təkcə xəstəliklərə tutulmaması, bədəncə sağlam olması onun sağlam olmasına dəlalət etmir. Bədənin sağlam olması ilə yanaşı ruhi tarazlığı yerində olmalı və sosial yöndən yaxşı təmin olunmalıdır.
Yuxarıda qeyd etdiyimiz kimi bədənin sağlam olması deyəndə çox konkret olaraq onun xəstəliklərə tutulmamasını nəzərdə tuturuq.Ruhi sağlamlıq haqqında təəssüf ki, belə konkret izah vermək çətindir. Olduqca mücərrəd məfhum olan “ruh” anlayışı müxtəlif dövrlərdə, müxtəlif fəlsəfi cərəyanlarda, müxtəlif kültürlərdə fərqli qəbul olunub.Biraz daha konkretləşdirsək müasir psixiatriyanın, psixologiyanın məşğul olduğu “ruh” anlayışı klassik dini mənasından xeyli fərqlənir.Məsələyə bioloji, kimyəvi proseslərin də qoşulduğu üçün xeyli qəlizləşməklə yanaşı artıq daha konkret məfhum olmuşdur.
Sağlam psixologiyalı insanın xüsusiyyətləri nələrdir?
Bu suala ən qısa və mahiyyət etibarı ilə ən dolğun cavabı Freyd vermişdir.”Sevmək və çalışmaq” sağlam ruhun təməl xüsusiyyətləridir.Yəni siz sevə, paylaşa bilirsinizsə və gündəlik işlərinizin öhdəsindən rahatlıqla gələ bilirsinizsə çox böyük ehtimalla sağlamsınız.Sevmək və çalışmaq anlayışının fərdə görə dəyişə biləciyini də nəzərə alsaq deməli bu ifadənin güvən payı dəyişə bilər.
Psixologiyamıza nə vaxt xəstə deyə bilərik?
Bildiyimiz kimi hər xəstəliyin özünə məxsus fərqləndirici əlamətləri olur ki, biz həkim olaraq məhz bu əlamətlərə əsaslanaraq diaqnoz qoyuruq.Psixiatriyada işin maraqlı tərəflərindən biri ondan ibarətdir ki, müayinə etdiyimiz pasiyentlərdə rast gəlinən əlamətlərin böyük əksəriyyəti digər sağlam insanlar da var.Məsələn evdən çıxarkən yəqin ki, çoxumuzun ağlına gəlir ki, görəsən işığı söndürdünmü, qapını bağladımmı və ya bu hərəkəti 2 dəfə etməsəm birdən doğmalarımın başına bəla gələr və sair.Tanış hisslərdir deyilmi? Nəzərinizə çatdırım ki, bu əlamətlər obssesiv – kompulsiv pozuntu (sarışan hallar nevrozu) adlanan bir xəstəliyin əlamətidir.Deməli bu fikirlər kimin ağlına gəlirsə ona bu diaqnozu qoymalıqmı?Təbii ki , xeyr.Bu əlamətləri olan insana o halda xəstə deyə bilərik ki, əlamətlər şəxsin gündəlik ən azı 1-3 saatını alsın, gündəlik iş qabiliyyətinə təsir etməyə başlasın.
Deməli əlamətlərin var olması o insanın xəstə olmasına dəlalət etmir.Diaqnostik kriterilərin sərhədləri kifayət qədər dəqiq çəkilib.Digər bir misal, bir neçə gün kefimiz olmayanda depressiyada olduğunu düşünürük.Reallıqda isə bir insanın depressiyada olduğunu demək üçün kefsizlik, tez yorulma, enerji tükənməsi, günhakralıq hissi, ağlama , kövrəlmə və sair kimi əlamətlərin ən azı 2 həftə müddətində müşahidə olunmalıdır.
Görünən budur ki, normal və anormal olmanın sərhədləri hələ uzun illər daha psixiatriya, psixologiya və fəlsəfənin əsas müzakirə predmeti olmaqda davam edəcəkdir.