qadin

Qadın olmaqdan utananlar…

Baxış sayı: 1. 380

Son zamanlar iş axtaran xanımlar xoşagəlməz hallarla qarşılaşırlar. Məlumdur ki, iş elanı verən çoxlu sayda saytlar var. Buna baxmayaraq xanımların nə ilə qarşılaşacaqları sual altındadır.

Bir müddət öncə sosial şəbəkələrdə şirkət rəhbərinin işə düzəlmək üçün müraciət edən xanıma qarşı seksual xarakterli mesajlar yazması müzakirələrə səbəb olmuşdu. Təbii ki, şirkət rəhbərinin bu davranışı cəmiyyətdə birmənalı qarşılanmadı. Kifayət qədər sərt reaksiyalar, təhqirlər olsa da, görünür, bundan dərs çıxaran yoxdur.

Seksual xarakterli hərəkətə məruz qalan növbəti xanım Aytən Rəfiyevadır (ad şərtidir). Xanımın sözlərinə görə, iş üçün müsabiqəyə dəvət olunsa da, qarşılaşdığı mənzərə heç də yaxşı olmayıb: “İnternetdə iş elanı vardı. CV göndərdim və məni iş görüşməsinə çağırdılar. Müdir iş haqqında qısa məlumat verdikdən sonra mənə komplimentlər deməyə başladı. İş görüşməsi bitdi və mən sağollaşdım. Bu zaman əlini uzatdı. Mən də əlimi uzatdım, məni özünə tərəf çəkdi və saçımı qoxlayıb “çox gözəl ətrin var” dedi.

Kişini itələyib oranı tərk etdim. O qədər qorxdum ki, bütün bədənim əsirdi. Çox utanırdım. İnsan belə olanda qadın olmaqdan utanır. Bir müddət özümə gələ bilmədim. Çünki özümü təhqir olunmuş hiss etdim”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirir ki, qadınlara qarşı iş yerlərində cinsi zorakılıq anlayışı “Gender bərabərliyi təminatları haqqında” Azərbaycan Respublikasının qanununda seksual qısnama kimi nəzərdə tutulub:

“Yəni seksual qısnama – əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici xahişlərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış deməkdir.

Bununla bağlı Cinayət Məcəlləsində hər hansı cəza tədbirləri nəzərdə tutulmayıb. Amma İnzibatı Xətalar Məcəlləsində seksual qısnamaya məruz qalmış işçiyə təzyiq göstərilməsinə görə vəzifəli şəxslərin 1500 manatdan 2500 manata kimi məbləğdə cərimələnməsi nəzərdə tutulub.

Eyni zamanda, qanunda seksual qısnamaya məruz qalan işçilərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işə götürən tərəfdən zərər ödənilir. Komitənin apardığı araşdırmaya görə, seksual qısnama xüsusilə özəl sektorlarda baş verir. Dövlət müəssisələrində bu cür halların baş verməsi, adətən, müşahidə edilmir”.

Rahil Süleymanzadə bildirir ki, qadınların iş yerində seksual xarakterli hərəkətlərə məruz qalması barədə iki müraciət daxil olub: “Daha sonra həmin şəxslər bizə müraciət etdi və bildirdilər ki, ailəmizdə bu problemin daha da qabardılmaması üçün şikayətlərimizi geri götürürük. Bu elə bir faktdır ki, şəxslər özləri ailədə problemlərin yarana biləcəyindən, ictimai nüfuzuna görə bu cür hərəkətləri qabartmırlar. Əhali arasında maarifləndirmə işi aparılmalıdır. İddia qaldırıb dəymiş mənəvi zərərlə bağlı kompensasiya ödənməlidir. Bu işdə qadınlar aktiv olmalıdır. Yaxşı olar ki, insanlar bu sahədə mövcud qanunvericilik barədə bilsinlər və hüquqlarını qorusunlar”.

 Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, qadınlar seksual xarakterli hallarla qarşılaşarkən hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər:

“Bunu etmək üçün də sübutları olmalıdır. İşə götürən şəxs qadından sui-istifadə etməməlidir. Bəzən elə qadınlar olur ki, bu cür hallarla qarşılaşan zaman bunu səs yazıları şəklində qeydə alırlar. Bəzi hallarda o səs yazısı nəzərə alınmır. Çünki qanunsuzdur. Vəziyyətdən çıxış üçün yeni meyarlar işlənməlidir. O zaman bu cür hərəkətlərin qarşısı alına bilər”.

Mehriban Zeynalova qeyd edir ki, çox qadın iş yerini itirməmək üçün bu barədə müraciət etmirlər:

“Əksər vaxt stereotiplərə görə də bu cür addımlar atılmır. Bəzən qadını ittiham edirlər ki, sən hansısa hərəkət etmisən ki, belə olub. Çox vaxt qadınların özləri bu cür hallara görə bir-birini ittiham edirlər. Qınağa məruz qalmamaq üçün seksual xarakterli hərəkətlə qarşılaşan qadınlar bu cür addımlar atmırlar. Nəticədə, belə cinayətlərin üstü açılmır”.

 

Azad Isazade

Bu cür xoşagəlməz halların bütün dünya ölkələrində baş verdiyini deyən psixoloq Azad İsazadə bildirir ki, hətta belə hadisələrlə bağlı qərbdə böyük bir kampaniya başlamışdı:

“Kampaniya “Me too”(mən də, məni də) adlanırdı. Məşhur aktrisalar və xanımlar təsdiqləmişdilər ki, vaxtilə buna bənzər xoşagəlməz hallarla rastlaşıblar. Təəssüf ki, bu cür problemlər az deyil və bütün dünya ölkələrində var.

Belə olan hallarda bir neçə məqama diqqət yetirmək lazımdır. İlk növbədə elanlara diqqətlə baxmalıyıq. Yəni elanda xüsusi olaraq xanım namizədlər axtarılırsa və yaş məhdudiyyəti varsa, o zaman aydın məsələdir ki, təklifin altında nəsə olacaq. Çünki işə götürən şəxsi işçinin cinsi, yaşı deyil, onun iş qabiliyyəti maraqlandırmalıdır”.

Psixoloqun sözlərinə görə, bəzən olur ki, xanımlar CV göndərirlər və müsabiqədən keçirlər. Amma işə başladıqdan sonra neqativ hallarla rastlaşırlar:

“Sözsüz ki, qadınlar belə hallarla rastalaşan kimi reaksiya verməli, cəmiyyəti cəlb etməli, hay-küy qaldırmalı, yeri gələrsə, həmin insanı biabır etməlidirlər. Hətta həmin şəxsi şantaj da eləmək lazımdır. Məsələn, “evinə zəng edəcəm”, “yoldaşına deyəcəm” və s. Çünki kişilərin əksəriyyəti ancaq bu yolla başa düşürlər. Bir kişi olaraq belə olan hallarda qadınların tərəfindəyəm.

Çünki xanım özünü itirir və onda belə bir fikir yaranır ki, yəqin mən nəyisə düz etməmişəm və həmin şəxsə hansısa səbəb vermişəm ki, mənim haqqımda başqa cür düşünür”. Qadınların necə geyinməyindən və özünü aparmağından asılı olmayaraq heç kimə icazə verilmir ki, kiməsə əxlaqsızlıq etsinlər.

Belə hadisələr cavan kişilərin də başına gəlir. Sadəcə olaraq kişilər pis, ya da yaxşı, özünü qoruya bilirlər. Adətən xanım işə düzəlirsə, başa düşməliyik ki, onların bir qismi sırf məcburiyyətdən iş axtarmağa başlayıblar.

Ya boşanıb, uşaqları var və məcburdur ki, işləyib ailəsini dolandırsın. Ya da həyat yoldaşını işdən çıxarıblar deyə, qadın işləməyə başlayır. Bəzən isə bu məcburiyyətdən asılı olaraq xanımlar bir çox hadisələrə reaksiya vermirlər. Amma reaksiya vermədikdə qarşı tərəf elə başa düşür ki, yəqin razıdır. Ona görə də belə olan hallarda birmənalı olaraq cəmiyyəti cəlb etmək, lazım gələrsə, məhkəməyə müraciət etmək olar”.

 

Yeganə Bayramova

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir