Qadina zorakiliq

Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün nə etməliyik?

Baxış sayı: 285

Dünən “Qadınlara Qarşı Zorakılığa Qarşı Mübarizə Günü” idi. Tarixi kədərli bir hadisəyə əsaslanan və 1999-cu ildə BMT Baş Assambleyası tərəfindən elan edilən 25 Noyabr Qadınlara Qarşı Zorakılığın Beynəlxalq Mübarizə Günü 1960-cı ildə Dominikan Respublikasında baş vermiş hadisəyə əsaslanır. Belə ki, ölkəni diktatura ilə idarə edən Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı təcavüz edildikdən sonra, vəhşicəsinə öldürülüb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı “Qadın və qızların gender əsaslı qətlləri” adlı hesabata görə, keçən il dünyada hər saatda 5-dən çox qadın və ya qız qohumları tərəfindən öldürülüb. Hesabata görə, bir çox qadın və qızlar evdə belə təhlükəsiz deyil. Hesabatda qeyd edilir ki, keçən il dünyada qətlə yetirilən 81 min qadın və qızdan 45 min nəfəri, yəni 56 faizi həyat yoldaşı və ya digər ailə üzvləri tərəfindən öldürülüb. Məlumata görə, son 10 ildə dünyada törədilən qadın cinayətlərinin sayında ciddi dəyişiklik olmayıb.

BMT-nin Qadınlar Təşkilatının Proqram, Siyasət və Hökümətlərarası Şöbəsinin direktoru Sarah Hendriksin sözlərinə görə, qadınlara və qızlara qarşı törədilən gender əsaslı qətlləri dayandırmaq üçün qadın qətllərinin riskləri araştırılmalıdır. Mütəxəssislərin fikrincə, zorakılıq təkcə qurbana deyil, həm də uşağa, bacıya, ümumilikdə cəmiyyətə və uzunmüddətli perspektivdə gələcəyimizə təsir edir. Zorakılıq qurbanları ilə yanaşı, zorakılıq qurbanlarının yaxınları da əziyyət çəkir. Bu dalğa böyüdükcə sosial travmalar yaradaraq tərəqqiyə, inkişafa və ən əsası sosial sülh və təhlükəsizliyə ən böyük maneələrdən birinə çevrilə bilər.

 

zorakiliq

Psixoloq Elnarə Əsədova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, zorakılığa səssiz qalmaq, zorakılığa göz yummaq mümkün deyil.

“Zorakılığın qurbanı bu gün tanımadığımız biri ola bilər, ya da sabah bizim qohumumuz ola bilər. Biz zorakılığa göz yumduqca zorakılıq inkişaf edir. Qadınlara qarşı zorakılıq, dilindən, dinindən, irqindən, sinfindən, etnik mənsubiyyətindən, məzhəbindən, cinsindən asılı olmayaraq bütün cəmiyyətlərin ortaq problemidir” – deyə psixoloq əlavə edib. Onun sözlərinə görə, bu gün təcavüz və zorakılığa məruz qalan saysız-hesabsız qadın var. İctimai və ya özəl həyatda qadınlar fiziki, cinsi və ya psixoloji, təhdid, məcburiyyət və s. zorakılığa məruz qalırlar. Qadınlara qarşı zorakılıq geniş yayılmış və sistematik xarakter daşıyır. Erkən nikah, namus cinayətləri, evdə və işdə əməyin istismarı və s. bu gün cəmiyyətdə rast gəldiyimiz zorakılıq hallarıdır.

Psixoloq hesab edir ki, qadına qarşı zorakılığın qarşısının alınması üçün, cəmiyyət olaraq müabrizə aparmaq lazımdır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva 25 noyabr Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günü və gender-əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası ilə əlaqədar videomüraciət ünvanlayıb. Vladanka Andreeva video müraciətində bildirib ki, gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq 25 noyabr Qadın və Qızlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündə başlayan və 10 dekabr Ümumdünya İnsan Hüquqları Gününə qədər davam edən illik kampaniyadır.

“Qadınlara və qızlara qarşı zorakılıq dünyada ən geniş yayılmış insan hüquqları pozuntusu kimi qalır və hər 3 qadından 1-i bundan əziyyət çəkir. Bu rəqəm son on il ərzində əsasən dəyişməz qalıb. 2022-ci il kampaniyasının mövzusu isə belədir: “Birləşin! Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün fəallıq!”” – deyəVladanka Andreeva əlavə edib. Onun sözlərinə görə, BMT-nin Azərbaycandakı ailəsi bu kampaniyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, inkişaf tərəfdaşları, akademik dairələr və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edəcək. Bu 16 gün ərzində biz Azərbaycanın 16 bölgəsinə səfər ediləcək.

zorakiliq

“Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün məlumatlılığı artıracağıq, zorakılıqdan əziyyət çəkənləri dəstəkləyəcəyik, qadınlara qarşı nifrətə yox deyəcəyik və dəyişikliyə aparan fəaliyyət üçün bütün imkanları səfərbər edəcəyik. Gəlin qadınların hüquqlarını müdafiə etmək üçün mövqe tutaq və səsimizi ucaldaq. Gəlin qadın və qızlara qarşı zorakılığa son qoyaq” – deyə Vladanka Andreeva əlavə edib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin 9 ayında 3945 ailə münaqişəli ailə kimi götürülüb. Bu il qeydə alınan cinayətlərin 6,9 faizini, yəni 1789 faktı qadınlara qarşı zorakılıq hadisələri təşkil edib.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir