abort

Qanunsuz abortun edilməsinə görə cərimələrin mələği artırılır

Baxış sayı: 1. 674
Qadınlar imkansızlıq, məlumatsızlıq, qeyri-nigah əlaqələrindən olan hamiləlik üzündən evlərdə, tibbi lisenziyası olmayan obyektlərdə abortun və başqa ginekoloji əməliyyatların aparılmasına razı olur. Bu isə 90 faiz hallarda ağır fəsadlarla, uşaqlığın itirilməsi, ölümlə nəticələnir.

Qeyd edək ki, Azərbaycanda şəxsin razılığı olmadan onun nəsilartırma qabiliyyətindən məhrum edilməsi, qadının hamiləlikdən qorunması məqsəilə əməliyyat aparanların cəzalandırılması qaydaları dəyişdirilir, qanunsuz abortun edilməsinə görə cərimələrin mələği artırılır. “Trend”in məlumatına görə, Cinayət Məcəlləsinə bununla bağlı dəyişikliklər təklif edilir.Hazırda şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparmaya görə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq edilir.

Yeni layihəyə görə, artıq bu əmələ görə cərimələnmə olmayacaq, digər cəza tədbirləri isə olduğu kimi tətbiq ediləcək.
Bununla yanaşı, bu əməl ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda onu edən şəxs 1000 manatdan 5 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yeni layihədə isə təklif edilir ki, bu əməl ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.
Bu əməl şəxsin ölümünə səbəb olduqda isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.
Bundan başqa, yeni layihədə qanunsuz abort etməyə görə də cərimələrin məbləği artırılır.
Təklif edilir ki, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə görə 500 manatdan 1000 (hazırda 200) manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılsın.
Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 (hazırda 300) manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Bu əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2000 manatdan 3000 manatadək (hazırda 300-500 manat) miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.
Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən bu dəyişikliklər Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Ginekoloq Naibə Həsənovanın “Ekspress”ə bildirdiyinə görə, abort qadınlarda sonsuzluğa, uşaqlıqdaxili bitişməyə, növbəti hamiləliklərdə inkişafdan qalmaya səbəb ola bilər: “Uğursuz abort hormonal disbalansa, psixoloji problemlərin yaranmasına, uşaqlıq yolu və boynunun iltihabı xəstəliklərinin kəskinləşməsinə, birbaşa abortun fəsadı kimi isə uşaqlıq qanaxmalarına, uşaqlığın zədələnməsi perforasiyasına, natamam abort nəticəsində təkrar uşaqlığın qaşınmasına səbəb olur”.
Həsənova qeyd edib ki, böyuk həftələrdə yəni 20 həftə və ondan böyuk müddətdə hamiləliyi pozmağa cəhdin göstərilməsi qanunsuz, kriminal xarakterli abort sayılır: “Lakin tibbi göstərişə görə hətta 20 həftədən böyuk dölün uşaqlıqdan xaric edilməsi, yəni dölparçalayıcı əməliyyat icra edilir. Göstərişlər gec “skrininq” aparılmış döldə həyatla uyğun olmayan orqan yetməzliyi, eybəcərlikləri, anomal inkişafı, İnkişafdan qalaraq bətndaxili ölməsi zamanı verilə bilər”, – deyə ginekoloq əlavə edib ki, ancaq hamiləliyin 24 həftəsindən etibarən artıq süni doğuma müraciət edilir: “Ona görə də hamilə xanımlar hamiləliyin ilk aylarından həkimə müraciət edib “skrininq” testlərdən keçməklə gələcəkdə döldə olan inkişaf qüsurları anomaliyaların başvermə ehtimalının yüksək risk qrupuna daxil olub olmadıqlarını öyrənə bilər və belə olan halda erkən tədbirlər görməyə ehtiyac var. Bir ginekoloq olaraq bunu bütün xanımlara tövsiyə edirəm”.
Ginekoloq bildirib ki, dırnaqarası həkimlik fəaliyyəti göstərən və qanundan kənar hərəkətlərə yol verən şəxslərin əməllərinə göz yummaq pis nəticələnir: “90 faiz hallarda bu tip əməliyyatlar ikincili ağırlaşmalara, yəni təcili yardım ilə xəstəxanaya hospitalizasiyaya və uşaqlıqdaxili cərrahiyyə əməliyyatına, hətta həmin orqanın itirilməsinə gətirib çıxarır. Qanunsuz abort, qeyri-peşəkarların əməliyyatları zamanı qanaxma hipovolemik septiki şok ilə ölümlərə səbəbdir. Qadınlar arasında qanunsuz aparılan ginekoloji prosedurların qurbanlarına çevrilənlər az deyil. Sadəcə həmin qadınlar qınaq obyektinə çevrilməmək, müzakirə obyekti olmamaq üçün bunu gizlədir”.
Həsənova bildirib ki, ancaq lisenziyası olan tibbi müəssisə tam təchizatlı, steril, tam ağrısız şəraitdə abortu apara bilər: “Yalnız bu cür şərait ehtiyac olanda xəstənin həyatını xilas edəcək proseduru aparmağa imkan verir”.
O qeyd edib ki, qadınlar bir çox hallarda evdə, tibbi lisenziyası olmayan şübhəli obyektlərdə abort və başqa ginekoloji prosedurların, əməliyyatların aparılmasına razılaşır: “Qadınlar buna maddi vəziyyətinin aşağı olması, daha ucuz qiymətə başa gəlməsi üçün, qeyri nigah əlaqələrinin olması nəticəsində baş verən hamiləlik zamanı, xəstəxanada qeydiyyata düşməmək üçün,  firildaqci insanların təkidi ilə əl atır” , – deyə həkim əlavə edib ki, prosedur qaydalarına əsasən pasientin tam anonimliyi qorunub saxlanır: “Amma bunu bilməyən və ya qorxan qadınlar da olur”.
Müsahibimizin dediyinə görə, cəza və cərimələr haqqında onsuz da Səhiyyə Nazirliyində lisenziya üzrə komissiya var və onlar bu məsələni nəzarətdə saxlayır: “Lakin bu sahədə qanunsuz hərəkətlərin yol verilməsinin qarşısını almaqda effektiv olmayıb”.
Aynurə MƏMMƏDOVA