senedsiz evler

Qanunsuz obyektlər sənədləşdirilir, bəs “naxalstroy”lara niyə kupça verilmir?

Baxış sayı: 293

Hazırda qeyri-yaşayış sahələrinin sənədləşdirilməsi prosesi gedir. Prezident İlham Əliyevin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı uğurla icra edilir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı bu günlərdə Milli Məclisdə səsləndirilən fikirlərə münasibətində bildirir.

 

Sənədsiz evlərin bəxti nə vaxt açılacaq?

Dövlət Xidmətindən bildirilir ki, sənədsiz evlərin inventarlaşma işləri aparılıb. Bununla belə, sənədsiz evlərin sənədləşdirilməsinə hüquqi əsas olmalıdır.

“”Daşınmaz Əmlakın Dövlət Reyesteri Haqqında” qanunda göstərilən sənədləri təqdim edən şəxslərin evləri sənədləşdirilir. Amma elə evlər var ki, kənd təsərrüfatlı təyinatlı torpaqlarda, kommunikasiya xətlərinin üzərində, meşəlik ərazilərdə tikilib. Bu evlərin sənədləşdirilməsi üçün öncə torpağın təyinatı dəyişdirilməlidir. Müvafiq qurumlar bununla bağlı rəy verməlidir” – Dövlət Xidmətindən bildirilib.

Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında sənədsiz evlərin sənədləşdirilməsi probleminə toxunub. Deputat bildirib ki, bu həlli müşkül olan məsələyə çevrilib.

“Prezident bir neçə dəfə tapşırıq verib ki, sənədsiz evlər qeydiyyata alınsın. Elə adam var ki, indi yaşadığı evdə nəvəsini evləndirib, ancaq evi indiyədək qeydiyyatsızdır. Görəsən, BMT qeydiyyatla bağlı qətnamə çıxarmalıdır?! Qeydiyyatsız evlərin sayı bir milyona çatır. Halbuki bu qədər çox sayda evin qeydiyyata alınması ilə yığılan vergilər, kommunal ödənişlər dövlət büdcəsinə daxil olacaq. Ona görə də qeydiyyatsız evlər sənədləşdirilməlidir. Amma bu gün vəziyyət əksinədir və vətəndaş qeydiyyatdan çıxarılır, nəticədə dövlətdən narazı salınır. Hətta şəxsiyyət vəsiqəsi də vermirlər ki, ev qeyri-qanuni tikilib. Hansı ki, vətəndaş 30 ildir orada yaşayır. Bu məsələ öz həllini tapmalıdır” – deputat bildirib.

 

Qanunsuz tikilmiş fərdi evlərin sənədləşdirilməsi niyə dalana dirənib?

Əmlak ekspert mərkəzinin rəhbəri Ramin Osmanlı bildirir ki, sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Buna çoxmənzilli binaların istismarının sadələşdirilməsi barədə, eləcə də qeyri-yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı verilmiş qərarı misal çəkmək olar. Yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı problem isə daha dərindir. Çünki, mühafizə zolaqlarında, vulkanik ərazilərdə tikilmiş fərdi yaşayış evləri var ki, o torpaq sahələrinin sərhədlərinin müəyyən olunması, təyinatının dəyişdirilməsi ciddi sual altındadır və vaxt aparır.

Osmanlı bildirir ki, qeyri-yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı oxşar qərarı yaşayış evlərinin sənədləşdirilməsinə də şamil etmək mümkündür. İstisna hal kimi mühafizə zolağına düşən, aktiv mədən və vulkanik ərazilərdə inşa olunan evlərin taleyinə dair qərarı sonra da vermək olar. Amma digər evlərin sənədləşdirilməsi mümkündür. Bunun üçünsə istək lazımdır:

“Prezidentin dəfələrlə tapşırıq və tövsiyyələrinə baxmayaraq, məsələnin həlli uzanır. Cəmiyyətdə belə bir fikir yaranır ki, müvafiq icra hakimiyyəti orqanları bu problemi aradan qaldırmaq istəmirlər”.

ramil osmanli

Yerli icra hakimiyyəti orqanlarının “bazarı” bağlanır

R.Osmanlı hesab edir ki, prezidentin kommunal təsisatla bağlı qərarı sənədsiz torpaqlarda evlərin tikilməsinin qarşısını alacaq:

“Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik edilib. Bu il oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır. Bununla yerli icra orqanlarının qanunsuz evlərin tikilməsindən sui-istifadə etməsinin də qarşısı alınacaq”.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir