Qayınana və gənc gəlin arasındakı konfliktlər qaçılmazdır. Bu konfliktlərin hamısı da bir-birinə bənzəyir. Məşhur sual; «Kimdir günahkar?». Çarəsiz qaldıqda isə çox çətin bir sual ortaya çıxır: nə etməli?
Fikirləşməkdənsə, səbəbi öyrənib, çıxış yolu axtarmağa başla…
Burada söz-söhbət elə-belə yaranmayıb. Hər iki qadın eyni oğlanı sevir. İstəklər fərqli olsa da, toqquşurlar. Vay o günə ki, hədəf evin tək oğlu və ya yeganə övladı ola. Yeganə oğul – bütün zəhmətin, xəyalların və ümidlərin birləşdiyi nöqtədir. Və gün gəlir oğul evlənir. Əlbəttə ki, oğulun namizədi ananın illərdir beynində çəkdiyi gəlin rəsmindən fərqlənir. Buna görə pis olmağa dəyməz, nə qədər gözəl, cazibədar və incə olsan da qayınanan səndə qüsurlar tapacaq. Bütün bu problemlərdən qaçmaq mümkündür, əgər onlar sənə ağır və qaçılmaz görünürsə, onda professional psixoloqların məsləhətinə qulaq as. Səbəbi öyrəndikdən sonra qayınananın kaprizlərini həm anlayacaqsan, həm də onunla başa çıxmağı öyrənəcəksən.
O, yalnız və yalnız mənimdir!
Yeni evlənmisiniz. Aranızda heç bir problem yoxdur. Amma nədənsə, heç xoşbəxt ola, sevinə bilmirsiniz. Evdə sizdən başqa biri də var – ailənin böyüyü qayınana. Hər gün nəyisə bəhanə edib, söz-söhbət yaradır. O, oğlu ilə yola getmir, hər saniyə onu təhqir etməyə çalışır. Onunla uşaq kimi rəftar edir: «bu nədi geyinmisən», «gör nəyə oxşayırsan», «gör telefonla necə danışırsan, hələ də danışıq qabiliyyətini öyrənə bilməmisən». Həyat yoldaşınsa bütün hirsini səndən alır: sənə soyuq davranır, hərdən səninlə bir kəlmə belə kəsmir. Birlikdə aldığınız nə varsa anası bəyənmir, o da «hə-hə» deyib, onun fikri ilə razılaşır. Səninsə kefin pozulur, otağından çıxmaq, hətta həyat yoldaşını görmək belə istəmirsən.
Səbəb nədir?
Bir müddət əvvəl «fizikada çətinliklərim var», «mən instituta qəbul oldum» deyən balaca oğlan indi böyüyüb, ailədə başçılıq edir. Bütün analar bunu çox çətinliklə qəbul edirlər. Hələ üstəlik, onun-sevimli oğlunun həyatında ikinci bir qadın peyda olub… İndi onun hər sözünün əvvəli də, sonu da «biz» olur. Bu «Bermud üçbucağı»nı xatırladan münasibətdə kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırmaq o qədər də asan iş deyil. Burada «ana-oğul» yox, «ana-oğul-gəlin» üçlüyünün problemləri aydınlaşdırılmalıdır. Əgər qayınana hələ də oğlunun böyüdüyünü, başqa bir ailənin başçısı olduğunu qəbul etmirsə, onda gəlinin işi çox çətindir. Gənc ailəni çox gərgin günlər gözləyir.
Məsləhət:
Bu zaman qızın tək bir istəyi var: nə olursa-olsun həyat yoldaşı ilə tək yaşamaq. O, kasıbçılığa, evsizliyə razıdır, təki ailəsini xilas edə bilsin. Amma oğlan bunu çıxış yolu kimi qəbul edə bilmir. O, ətrafdakıların nə deyəcəyindən ehtiyat edir. Qayınananın etdikləri xoş ola bilməz, amma qoy ana ilə oğul aralarındakı anlaşılmazlıqları özləri həll etsinlər. Eləcə də siz – ər və arvad. Aranızdakı problemi qayınana yanında həll etməyə çalışmayın. Hər dəfə qaynana nəsə deyəndə, onu tez ərinin ovcuna qoymağa tələsmə. Sən sakit və təmkinli olmağa çalış. Əgər həyat yoldaşın əsəbidirsə, onun üstünə getmə. Ona anasının təhqiramiz sözlərini sakit qarşılamağı öyrət. Bircə həqiqəti unutma: yoldaşının anasını həyatınızdan birdəfəlik silə bilməzsən.
O, həmişə əsas olmaq istəyir; ya da yaxşısı budur onun həyatında tək qadın olaraq qalım.
Qızlığa götürəcəm və öyrədəcəm!
Toydan uzun vaxt keçməyib. Qayınanan səni qarşısında oturdub məsləhət verməyə çalışır. Amma bu məsləhətdən çox təhqirə və məcburetməyə bənzəyi. O «indi sən mənim qızım kimisən, mənə ana deməlisən» deyib, təzyiq göstərir. Sən onunla razı deyilsən, «mənim anam var, bu, asan söz deyil» deyə fikirləşirsən. Qayınanan hər gün yanına gəlir, səliqə ilə yığdığın paltarları dağıdıb, başqa cür düzəltməyə çalışır. Yemək bişirəndə nəyisə düz etmədiyini deyir. Yoldaşın evə gələndə isə özü ona qulluq etməyə başlayır. Onun «Oğlum bunu belə xoşlayır. Elə etmə, əsəbiləşər», «Qızım, piroqu elə yox, belə bişirirlər», «Onun köynəyini bu cür ütülə» kimi sözləri səni özündən çıxarır. Hər şeyi öz istədiyi, öz bildiyi kimi edir. «Axı o, artıq mənimlə yaşayacaq, mənim istəklərimə öyrəşməlidir» deyə, fikirləşirsən. Həyat yoldaşın isə evdə söz-söhbətlər böyüməsin deyə, anasının hərəkətlərini dəstəkləyir, onun bişirdiyi yeməkləri bəh-bəhlə yeyir. Bütün bunlar yenicə qurulmuş ailədə söz-söhbətlərin böyüməsinə, gənc cütlük arasında soyuqluq yaranmasına səbəb olur.
Səbəb nədir?
Bu cür hərəkətlər edən qadın özünü zəif hesab edir. O, özünə əmin deyil. Elə düşünür ki, hər şeyi gəlinin ixtiyarına buraxsa, oğlu artıq onu çox istəməyəcək. Qayınana elə bilir ki, gəlin heç nə bacarmır: indiki gənclər yemək bişirməyi hardan bilir? Onun bu cür problemlər çıxartmasının tək səbəbi tənha qalmaq qorxusudur: birdən oğlum məndən uzaqlaşar, tək necə yaşayaram? Ola bilsin ki, qayınana ərindən ayrılıb, ya da dul qalıb. Yaxud da onun yoldaşı var, sadəcə, oğul ona ağır çantanı daşımaq, qonaq getdiyi yerə aparmaq, bazara göndərmək üçün lazımdır.
Məsləhət:
Qayınanaya hirslənib, cavab qaytarmaqdansa, problemi danışaraq həll etməyə çalış. Ona bu qayğını sənə olan inamsızlıq, oğlunu səndən uzaqlaşdırmaq istəyi kimi qəbul etdiyini de. Evdə, onların gündəlik yaşayış tərzində çox dəyişikliklər etməməyə çalış. Elə çıxış yolu tap ki, nəticədə hər ikiniz özünüzü şəxsi rolunuzda vacib insan kimi hiss edəsiniz. Yəqin ki, o, sənə qulaq asıb, dediklərinə reaksiya verəcək. Bölüşdürülməsi mümkün olmayan kişi isə hər iki qadına eyni dərəcədə diqqət yetirməlidir. Ən azından ananın yanında həyat yoldaşına o qədər də yaxın olma, onun sözlərini təsdiqləmə. Əks-halda bu söz-söhbətlər kişini evdən uzaqlaşdıracaq.
«Evlənmək asandır, əsas odur ki, evli qalmağı bacarasan» – İspan atalar sözü
Yanlış qapıya gəlmisən
Nağıllarda yaraşıqlı şahzadənin mehriban, ürəyiyumşaq atası var idi. Anası isə çoxdan dünyasını dəyişmişdi. Ata oğlunun seçdiyi qızı məmnuniyyətlə qəbul edirdi. Maraqlıdır görəsən, hamının heyran olduğu bu yaraşıqlı oğlanın anası olsaydı, necə rəftar edərdi?
Uzun müddətdir ki, tanışsınız, bir-birinizi dəli kimi sevirsiniz. Məqsədiniz ailə qurmaqdır. Oğlan səni valideynləri ilə tanış edir. Birlikdə olduğunuz müddətdə gələcək qaynananın səni süzən baxışlarından narahat olursan. O, səninlə bir kəlmə belə danışmır. Hər şeyi oğlundan soruşur: sevgilindən soruş gör çay istəyir? Burda özünü necə hiss edir? Darıxmır ki? Halbuki, sən onun bir qarış o tərəfində oturmusan. Görüş zamanı başa düşürsən ki, onun anasının xoşuna gəlmək sənin üçün o qədər də asan olmayacaq.
Səbəb nədir?
Onlar varlı və ya adi ailədirlər. Öz qanunları, adətləri var. Kənardan gələn birini özlərinəməxsus olan bu dünyaya salmağa çəkinirlər. Çünki onun içində adətləri dəyişəcəyin kimi bir qorxu var. Və ya… O, oğlu üçün başqa bir qızı gözaltı edib. İndi səni necə uzaqlaşdıracağını düşünür. Bütün bunlardan sonra sevgilinlə aranızda olan mehribançılıq yox olur, hər gün dava-dalaş düşür: bəlkə ayrı yaşayaq? Ananın məsləhət gördüyü qız məndən gözəldir? Onu görmüsən? Bütün bu sualların oğlanı bezdirməkdən başqa heç nə deyil. O artıq səninlə əvvəlki kimi maraqlanmır.
Məsləhət:
«Anasının tapdığı qızı bəyənir, məndən ayrılacaq» deyə düşünürsən? Yanılırsan. Səbəb bu yox, sənin deyingənliyin oldu.
Qayınanaya gəldikdə isə onu bu hərəkətlərinə görə qınama. Axı o, sənin nə qədər yaxşı, mehriban olduğunu, onun oğluna necə dəyər verdiyini hələ bilmir. Yaxşı olar ki, sevgilindən anasının nələri bəyənib-bəyənmədiyini öyrən. Ondan sizin aranızda körpü qurmağı xahiş et. Anasının hələ də əl çəkə bilmədiyi adətləri öyrən. Müştərək maraqlar sizi birləşdirə bilər. Bu hərəkətlərin qürurunu sındıracağını düşünmə – bunlar gələcək ailəndə mehribançılığın olması üçün vacibdir. Axı bunu ikinizdən biri etməlidir. Niyə o, sən olmayasan?!
O, hər şeydə özünə haqq qazandırır: «Oğul borcu», «Kövrək ana qayğısı»…
Köməksiz ana
Qayınananla ayrı evdə yaşayırsınız. Hamı sənə bəxtəvərçilik verir. Amma heç kim bilmir ki, ayrı yaşamağınıza baxmayaraq, o, hələ də sizin ailəyə söz-söhbət salır.
Ona hər gün zəng vurmalısız. Əgər bir gün zəng vurmasan, səhəri özü sizi yığıb, faciəli tamaşa quracaq: «Mən burda ölürəm, siz…», «Dünən halım özümdə deyildi, qayğıma qalan heç kim yoxdur»… Siz həftədə ən az üç dəfə bazarlıq edib, onun yanına gedirsiniz. Siz «Bəlkə sənə bir köməkçi tutaq» deyəndə, o, aləmi bir-birinə qatır: «Bilirdim ki, oğlum məni atacaq, bilirdim».
Və ya… ayrı yaşamağınıza baxmayaraq o, hər gün sizə gəlir. Hər işinə qarışır.
Səbəb nədir?
Qayınanan-diktatordur, qayınanan-hakimdir, qayınanan-müəllimədir…
Sadə olmayan variantlar çoxdur. Amma ən təhlükəlisi də var: qayınanan-uşaqdır: hər şeydən narazı, həmişə incik, yorulmadan qayğı istəyən… Onunla münasibətlərə aydınlıq gətirmək çox çətindir – hər şeydə o, haqlıdır. Övlad «ana haqqını» unutmamalıdır, «ananın qayğısına qalmaq vacibdir». O, oğlunu qısqanır. Gəlininə hələ də oğlunun ona dəyər verdiyini sübut etməyə çalışır.
Məsləhət:
Burada hər iki tərəf günahkardır. Heç kim oğlanın həyatında ikinci olmağı qəbul etmir və onun yerinə qərar qəbul etməyə çalışır. Deyəsən, qayınana diqqət istəyir. Onunla uşaq kimi rəftar etməyə çalışın. Tez-tez zəng edib, əhvalını soruşun. Hərdən ona sizinlə harasa gəzməyə getməyi təklif edin. Beləcə, onun başı elə qarışacaq ki, bəhanə fikirləşib, dava salmağa vaxtı olmayacaq.
Hər şey mənimdir
Qayınananın evi, bağı, mağazası, övladlarının həyatı boyu bəs edəcəyi qədər pulu var. Bütün bu var-dövlət övladlara vəsiyət olunub. Amma qayınana hələ də onun uşaqlarına aid olduğunu qəbul edə bilmir. Bütün günü deyinir, oğluna və gəlininə minnət qoyur: «Bu ev, avtomobil mənimdir», «Mənim hesabıma yaşıyırsınız», «Hər şeyi əlinizdən alsam, küçədə qalacaqsınız». Bütün bunlar kişinin qürurunu sındıracaq, onun evdən uzaqlaşmasına səbəb olacaq. Hələ vay o günə ki, gəlin də yoldaşını əsəbiləşdirə: «gördün, anan necədir?».
Səbəb nədir?
Qayınananı çox qınamaq lazım deyil. Əlbəttə ki, o, oğlunu da, gəlinini də çox istəyir. Və heç vaxt illərlə əziyyət çəkib, böyütdüyü övladını küçəyə atmaz. Onun bu hərəkətlərinin tək səbəbi hökmranlığı itirmək qorxusudur. O, ətrafdakı insanlardan gəlinin qayınana ilə yaxşı yola getmədiyini, ona hörmətsizlik etdiyini eşidib. Buna görə də baş verəcəyindən qorxduğu hadisələrin qarşısını əvvəlcədən alacağını düşünür.
Və ya… Qadınların çoxu 50 yaşdan sonra qaynana olurlar. Bu ərəfə hormonlarda qlobal dəyişikliklərin baş verdiyi dövrdür. Elə onun tərsliyinin, incidici sözlərinin səbəbi də budur.
Məsləhət:
Bunları nəzərə alıb, mərhəmətli ol. Bu hərəkətlərdən inciməyə dəyməz. Bir az sakit olmağa çalış. Burada əsas amil yumor hissini gücləndirməkdir. Əgər ayrı evdə yaşayırsınızsa, ərini heç vaxt anasına baş çəkməyə tək yollama. Yoxsa o, sənin haqqında bundan betər şeylər düşünməyə başlayacaq.
Mübahisə dünya kimi əbədidir…
Təcrübələr göstərir ki, ən yaxşı qayınana yaddaşı güclü olanlardır: onlar öz gənclik vaxtlarını, evliliklərinin ilk dövrlərini gözəl xatırlayırlar. Və həmin vaxt qayınanalarından gördükləri mənfilikləri təkrarlamamağa çalışırlar. Əgər zəif yaddaşlı qaynana səni təngə gətiribsə, bir az gələcəyə doğru səyahət etməyə çalış: təsəvvür et ki, sənin oğlun evlənib… onun həyat yoldaşı isə sənin təsəvvür etdiyin kimi deyil! Bax, bu halda sən onu başa düşəcəksən.