internet

Qiyməti artdıqca sürəti azalan İNTERNET

Baxış sayı: 335

İnternet yaranan gündən ölkəmizdə sürəti aşağı olub. Nə məsələdirsə, internet provayderləri bu sürəti tənzimləyə bilmir. Ya bacarmırlar, ya bacarmaq istəmirlər, ya da belə məsləhət bilirlər.

Bunun əziyyətini kim çəkir? Təbii ki, əhali. Bir tərəfdən də düşünəndə axı camaat bu nə bəladır düşüb? Nəyinə gərək idi internet? Başını salıb aşağı rahat həyatını yaşayırdı. İnformasiyasını mətbuatdan, televiziyadan alırdı, vaxtı da çox qalırdı, asudə vaxtını təbiətin qoynunda, səmərəli şəkildə keçirirdi. Hələ üstəlik istirahətinə, digər işlərlə məşğul olmağa da vaxtı qalırdı.

Ancaq nə etməli ki, həyatımıza internet daxil oldu. Hərəmiz əlimizə bir telefon aldıq, evimizə də bir kompyuter. Daha sonra bu telefonların da, kompyuterlərin də içərisini doldurduq sosial şəbəkələrlə. Sosial şəbəkələr hələ çevrilib sosial media da oldu. Bizi də elə sosiallaşdırdı ki, artıq internetsiz həyat təsəvvüredilməz oldu. Qaldıq sosial şəbəkələrdə. Ta oradan çıxmaq nədir, bilmədik.

Bundan istifadə edənlər isə nə etdilər? İnsanların bu zəif nöqtəsini ələ keçirib başladılar onlarla internet biznesinə. Başladılar, buna kim nə dedi, daha doğrusu deyə bilərdi ki? Pulunu ver, internetini al, orada bir saat da qalarsan, özün bilərsən, bir gün də. Heç istəyisən, çıxma.

Amma belə olmadı axı. Pulumuzu verdik, internetimizi aldıq, lakin bu internet heç votsapa yetmədi. Foto və videolar açılana kimi can çəkdi. Bəs bunun Yutubu, TikToku, Feysbuku, Teleqramı, nə bilim, daha nələri var. Elektron kitabxanası, filmotekası, min bir adda, çeşiddə onlayn ödəmələri, xidmətləri var. Bəs bu internetlə bunların hansının öhdəsindən gələsən?

İllər ötdükcə, insanlar çarəsiz vəziyyətdə gözlədi ki, bir gün düzələr. Düzəlməsi də belə oldu ki, hər dəfə qiymətlər qalxdıqca, internetin sürətində azalma müşahidə olundu. Bu yaxınlarda yenə internetin qiyməti qalxıb 18 manatdan 25 manat oldu. Bu artım da sürətə əsla təsir etmədi. Sürətin 100 mb/s olduğu iddia edilən internetə baxan hər kəs gördü ki, heç bu, yarı da deyil. Bu qiymət artımına kədərlənənlərdən biri olaraq evdə internetin sürətinə nəzər salarkən onun 25 mb/s olduğunu gördüm və kədərin ikiqat artdı. Provayderlə əlaqə saxlayıb gileyimi bildirəndə isə o, “yəqin modeminizdə problem var”,- dedi. Mən də modemin onların özləri tərəfindən qoyulduğunu bildirdim. Az sonra mb/s 80-90-na qalxdı. Lakin sonrakı günlər yenə də azalma xətti ilə getdi. Bu, hər kəsin qarşılaşdığı, verdiyi pulu haqq etməyən problemdir ki, əsla həllini tapa bilmir.

Provayderlər hazırda əhaliyə məsləhət görür ki, evdən çıxanda modemi söndürün, qayıdanda görəcəksiniz ki, sürət artıb. Bunu edənlər də var. Amma elə burada adam bişmiş toyuğun gülməsi qədər gülmək istəyir.

Demək, bu, yeni çıxış yoluna bənzər bir məsələdir. Yəni hər hansı modem söndürüldükdə, əlbəttə, sürət artır. Təbii ki, istifadə edənlər üçün. Sən evə gələndə isə modemi şəbəkəyə daxil edəcəksən, əgər mb/s zəifdirsə, elə də olacaqdır.

Deməli, provayderlər bu məsləhəti özləri üçün verir. Yəni evdən çıxan hər kəs modemi söndürsün, ümumi xətdə sürət güclənsin və şikayətçilərin sayı azalsın. Vəssalam.

Məncə onların məsləhətinə qulaq asaq. Çünki evdə olarkən evdən çıxanların hesabına bizim də bəlkə internetimiz sürətli olar?.. Amma başqa bir məsələ də var axı. Modem yandırıb-söndürməklə günümüzü başa vuracağıqsa, bəs 25 manatı nə üçün veririk, bunu bizə izah edən tapılsın…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir