Azərbaycanda son zamanlar süni mayalanma halları artıb. Respublikanın baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşa yardım Komissiyasının sədri Sevinc Məmmədova süni mayalanmanın artım səbəbinin sonsuzluq hallarının artması kimi qiymətləndirilməsilə razılaşmır: “Süni mayalanmada kəskin əhəmiyyət kəsb edən artım yoxdur. Bunu yalnız hamilə qadınların dövlət müəssisələrinə qeydiyyata düşməsilə izah etmək olar. Yəni süni mayalanmaya müraciət edən qadınların sayı artmayıb. Sadəcə, xidmətdən yararlanmış qadınların qeydiyyatının aparılması yaxşılaşdırılıb” Baş ginekoloq sonsuzluq yaradan səbəblərin müxtəlif olduğunu deyib: “Mamalıqda həm mühit, həm qidalanma, həm həyat tərzi orqanizmdə fəaliyyət göstərən bütün daxili və xarici endokrin sisteminə təsir göstərir. Amma birmənalı olaraq demək olar ki, hansısa qida-qablaşdırılmış heyvani mənşəli yağ insan sağlamlığına mənfi təsir göstərir, biz bunu açıqlaya, yaxud iddia edə bilmərik. Çünki hər bir istehsalçı bu qidanı əhaliyə satmamışdan əvvəl klinik laboratoriyalarda təhlillərdən keçirir. İstehsal edilən məhsul insanlara təklif edilməzdən əvvəl də laboratoriya şəraitində heyvanlara yedizdirilir. Əgər uzun müddətli nəzarətdən sonra heyvanın orqanizmində dəyişiklik olmursa, onu insanlara təklif edirlər. Əgər şirkət açıq satışa keçibsə, Səhiyyə Nazirliyinin qida blokuna nəzarət edən məsul şəxsləri buna tam məsuliyyət daşıyır. Çünki istehsal üçün icazəni onlar verirlər. İnanmıram ki, kimsə bilərəkdən klinik tədqiqat aparıldıqdan sonra ziyanlı məhsulun istehsalına və satışına icazə verə. Ona görə birmənalı olaraq hansısa qidanın sonsuzluq səbəbi olduğunu söyləmək olmaz.
Az dinamik həyat tərzi, vaxtlı-vaxtında həkimlərə getməmək nəticəsində orqanizmdə baş verən xroniki proseslərin kəskinləşməsi, hipodinamik, yəni idmanla məşğul olmamaları, düzgün həyat tərzi sürməmələri, gün ərzində yaşadıqları stress və narahatlıqlar, kütləvi informasiya vasitələrindən geniş istifadə, texnologiyalar, telefonlar və s. insanların sağlamlığına müəyyən dərəcədə təsir göstərir. Amma bizdə belə bir məlumat yoxdur ki, hansısa qidanı yeyəndə orqanizmdə hansı dəyişiklik baş verir. Qutu yağı, yaxud “əl yağı” yaxşıdır, ya pisdir. İkinci tərəfdən, faktdır ki, müəyyən dərmanlar qəbul etdikdə, qadının menstruktiv funksiyasına və ana bətnində inkişaf edən embriona, eynilə də oğlan uşaqlarının, kişilərin orqanizminə təsir göstərir. Amma bu kimyəvi maddələr, gübrələr, hormonal dərmanlardır. Bunların qidalara müdaxiləsi qeyri-mümkündür. Çünki zavodlar, fabriklər onu istehsal edir ki, sərf etdiyi maliyyədən gəlir götürsün. Bunu bilərək hansısa qidaya vurmurlar ki, insanlar xəstələnsin, bu, anlaşılmaz və inanılması çətin məsələdir”.
Qızları ərə verəndə, oğlanı evləndirəndə deyirlər “hər şey əladır, sağ-salamatdır
S.Məmmədova deyir ki, bəzi valideynlər öz övladlarının xəstəliklərini gizlədirlər və belə faktlar artıb:
“Hər nə qədər dəyişiklik olsa, hər nə qədər yüksək texnologiyalar əsrində yaşasaq da, azərbaycanlı valideynlər öz uşaqlarının xəstəliklərini, problemlərini gizlədirlər. Amma qız ərə gedəndə uşağı olmur, yaxud hamiləlik vaxtı vərəm, epilepsiya, ginekoloji, endokrinoloji xəstəlikləri və s. üzə çıxır. Bu kimi hallar gizlədilir və nəticədə hamiləliyin fəsadlaşmasına səbəb olur. Çünki valideynlər öz övladlarının xəstəliklərini gizlədirlər, həkimlərə vaxtında müraciət etmirlər, müayinədən keçmirlər. Baxmayaraq ki, bizim ölkə rəhbərliyi tərəfindən pulsuz dispanzerizasiya təşkil olunur. Amma əhali bundan tam həcmdə istifadə etmir. Kişilərin sonsuzluq səbəbi müxtəlifdir. Bu səbəblərin bünövrəsində orqanik dəyişikliklər durur. Onlara vaxtında diaqnoz qoymaq, müayinə və müalicədən keçirmək lazımdır. Oğlan uşaqları vaxtında müayinə edilmədiyi üçün sonsuzluq səbəbləri artır, gizlədilir və nəzərə alınmır. Çünki heç bir valideyn “mənim oğlum sonsuzdur” reallığı ilə razılaşmır”.