muzey

Qonaq gələndə işığı sönən muzey – REPORTAJ

Baxış sayı: 523

Nəyisə görmək üçün insana işıq, aydınlıq lazımdır. Lakin elə gözəlliklər var ki, onları görmək üçün işığa ehtiyac yoxdur. Məsələn, ay və ulduzlar kimi… İşıqda görə bilməyəcəyimiz gözəlliklərdən biri də neon rənglərdir. Çünki neon yalnız qaranlıqda parıldayaraq işıq saçır. Ölkəmizdə neondan hazırlanmış əsərlərin nümayiş olunduğu muzey də var imiş. Bu muzey Novxanı kəndində yerləşir. Muzey şəhərin mərkəzindən uzaqda yerləşsə də, onu ziyarət edənlərin sayı az deyil. Biz də adını çox eşitdiyimiz bu muzeyi ziyarət etmək qərarına gəldik.

“Sehrə inanmayanlar onu heç vaxt tapmayacaqlar”. 

Muzey çölü də neon boyalarla rənglənmiş evdir. Evin qarşısında – bağçada heykəllər görürük. İçəri qırmızı qapıdan daxil oluruq. Daxil olduqda bizi divarda çərçivə içində rəsmlər, güzgü qarşılayır. Güzgüdən baxdıqda qarşıdakı divarda yazılmış sözlər diqqətimizi çəkir. “Sehrə inanmayanlar onu heç vaxt tapmayacaqlar”.

Bələdçi Mədinə Cahangirova bizi muzeylə tanış edir: “Farhouse” – Neon sənət muzeyi 2015-ci ildə yaradılıb. 2022-ci ilin yanvar ayından rəsmi şəkildə muzey kimi fəaliyyət göstərməyə başlayıb. Muzeyin yaradıcısı rəssam Fərid Ələkbərovdur. O, rəssam ailəsində anadan olub. Fərid Ələkbərovun atası Xalq rəssamı Kamal Ələkbərovdur”.

Heykəlləri daha canlı göstərmək məqsədilə…

Bələdçi sözlərinə davam edərək bildirir ki, muzeydəki rəsmlərin çoxu Fərid Ələkbərova aiddir. Heykəllər isə atası Kamal Ələkbərov tərəfindən hazırlanıb. Muzeyin həyətində Həzi Aslanovun, Memar Əcəminin, İlyas Əfəndiyevin heykəllərini görmək mümkündür. Evin altındakı qalereyada kiçik heykəllər, Yunan tanrısı Zevsin təsviri var ki, orada üz cizgiləri əks olunub. Rəssam heykəlləri daha canlı göstərmək məqsədilə üzərini neon boyalarla rəngləyib.

İşlənməyən cins şalvarlardan divan 

Bura muzey olsa da, həm də evdir. Əşyaların da eksponatlarla bərabər eyni otaqda olması muzeyə qeyri-adilik verir. Mədinənin sözlərinə görə, rəssam bir çox işlənməyən əşyalardan da yeni eksponatlar ortaya çıxarıb: “Məsələn, ikinci mərtəbədə neon pərdə var. Rəsmləri çəkdikdən sonra əllərindəki boyaları həmin pərdəyə silib, əl izlərini orada əks etdirib. Qədimi əşyaların, çap maşınının, telefonun, televizorların, radioların üzərində neon boyalarla müəyyən elementlər təsvir edib. Elə qonaq otağındakı divan da işlənməyən cins şalvarlarla örtülüb. Rəssam bunu öz paltarlarından yaradıb”.

Meditasiya ilə hazırlanan əsərlər

Bələdçi onu da bildirdi ki, muzey hazırlanarkən feng shui fəlsəfəsindən istifadə olunub: “Əvvəlcədən əşyaların, qapıların, pəncərələrin yeri düşünülüb, bina sırf muzey kimi tikilib. Məsələn, masanın dairəvi olmağı hər kəsin bərabərhüquqlu olmağı deməkdir. Yaxud da qapıların, əşyaların yerləri insanlara pozitiv aura vermək üçün seçilib. Rəssam özü yoqa ilə məşğul olur. Əsərləri meditasiyadan, yoqadan ilhamlanaraq yaradıb. Muzeydə yoqa mahnıları istifadə olunur ki, insanlar içəri daxil olduqda xoş aura alsınlar, ruhi cəhətdən daha yaxşı təəssürata sahib olsunlar”.

Bələdçidən muzeydə adi işıqların yandırlıb-yandırılmadığını soruşuruq. Cavab olaraq qeyd edir ki, qonaqlar olmadıqda adi işıqdan istifadə edilir, pəncərələr açılır: “Ziyarətçilər olduqda isə rəsmlər görünsün deyə, pərdələr qapanır, adi işıqlar söndürülür. Günəş işığının isə neon rəsmlərə heç bir ziyanı yoxdur. Hətta binanın üzərində rəsmlər var ki, uzun müddət qalır. Günəşdən, yağışdan zərər çəkdikdə isə rəssam onları yeniləyir”.

Lakin muzey turistlərin də marağındadır

Otaqlardan birində rəssamın atasının gipsdən ürək formasında hazırladığı heykəli var. Ürəyin içərisində həyat yoldaşının üzünü təsvir edib. Bələdçinin sözlərinə görə, bu əsər ziyarətçilərin ən bəyəndiyi eksponatdır. Otağın divarında iki qadın təsviri var. Biri mələyi, digəri şeytanı təmsil edir. Bu otağın digər romantik tərəfi də yerdə payız yarpaqlarının əks olunmasıdır.

Dəhlizdə ikinci mərtəbəyə çıxmaq üçün pilləkənlər var. Bələdçi ilə danışa-danışa yuxarı çıxırıq. Divar boyu neon rəsmlər zövqümüzü oxşayır. Pilləkənlər də neon boyalarla rənglənib və işıq saçır. Bələdçi deyir ki, həftəsonu, bayram, tətil günlərində muzeyi daha çox insan ziyarət edir: “Həftə içi isə bir az boşluq olur. Yayda axşamlar insanlar daha çox gəlir. Gələnlər daha çox yerli vətəndaşlar olur. Lakin muzey turistlərin də marağındadır”.

Bələdçi muzeydə 350-ə yaxın eksponatın olduğunu bildirir. Rəssam muzeyə tez-tez yeni əsərlər əlavə edir, fərqlilik olsun deyə eksponatların yerlərini dəyişir. Burada Fərid Ələkbərovun dostlarının çəkdiyi rəsmlər də var.

Qütb işıqları ilə başlayan yolçuluq

Muzeyin yaradıcısı Fərid Ələkbərov özü isə deyir ki, onun neon sənətinə maraq göstərməsinə səbəb qütb işıqları olub: “Mən İsveçrədə, Laplandiyada olanda orada qütb işıqlarını gördüm. Onlar məni qaranlıqda parıldayan rəngləri axtarmağa ilhamlandırdı. Nəticədə 15 ildir neon rəssamıyam. Bu, dünyada yeni sənət növüdür. Lakin xaricdə neon muzeyi yoxdur. Varşavada, Las-Veqasda olanlar isə sənət muzeyi deyil. Onlar reklam xarakterli fəaliyyət göstərirlər”.

Muzeydə gündəlik master-klaslar da təşkil olunur 

Bələdçi bildirir ki, muzeydə gündəlik master-klaslar da təşkil olunur: “Dərslər zamanı iştirakçılar keramik qablar, taxta, kətan üzərində işləyə bilirlər. Aeroqraf ilə neon boya püskürdülür. Rəsmlərin hazırlanmasında rəssam da kömək edir. İnsanlar o rəsmləri özləri ilə apara da bilirlər. Lakin rəsmlər qaldıqda onları saxlayıb muzeydə sərgiləyə də bilirik”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir