Almara Melikova 5

Rəqəmsal asılılıq və sosial medianın psixoloji təsiri - "PRİMera"

Baxış sayı: 1. 192

Müasir dövrdə texnologiyanın həyatımıza sürətli inteqrasiyası bir tərəfdən yeni imkanlar və ünsiyyət platformaları yaratsa da, digər tərəfdən fərdlərin psixoloji sağlamlığına ciddi təsirlər göstərir. Bu təsirlər arasında ən çox yayılmış və narahatlıq doğuran problemlərdən biri rəqəmsal asılılıq və sosial mediaya qarşı inkişaf edən emosional bağlılıqdır.

Son illər ərzində sosial medianın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi, fərdlərdə bu platformalardan istifadəni təkcə informasiya əldə etmək vasitəsi kimi deyil, həm də emosional ehtiyacların qarşılandığı bir sığınacaq kimi qəbul etməyə səbəb olub. Psixoloji müşahidələr göstərir ki, bu cür asılılıq formaları fərdi gündəlik həyatın idarəsindən uzaqlaşdırmaqla yanaşı, emosional tarazlığın pozulmasına və özünə münasibətin dəyişməsinə də səbəb olur.

 

Sosial media və emosional tənzimləmə

Rəqəmsal asılılıq təkcə ekran qarşısında sərf olunan vaxtla deyil, həm də fərdin daxili ehtiyaclarının sosial mediada qarşılanmasına yönəlməsi ilə xarakterizə olunur. Sosial media bir çox insanlar üçün stres, darıxma və təkliyin öhdəsindən gəlmək üçün “emosional tənzimləyici” vasitəyə çevrilib. Lakin bu müvəqqəti rahatlama hissi zamanla vərdiş halını alır və nəhayət psixoloji asılılığa çevrilir.

Sosial medianın təsir mexanizmlərindən biri də beyindəki mükafat sisteminə təsir etməsidir. “Bəyənmə”lər, rəylər və paylaşımlar nəticəsində dopamin ifrazı artır və bu da qısa müddətli xoşbəxtlik hissi yaradır. Lakin bu hiss fərdi daha çox təsdiq axtarışına yönəldir. Nəticədə insanlar öz həyatlarını başqalarının sosial mediada təqdim etdikləri süni həyat şəkilləri ilə müqayisə etməyə başlayırlar. Bu isə tez-tez natamamlıq hissi, dəyərsizlik duyğusu və özünə güvənsizliyin artması ilə nəticələnir.

 

Yeniyetmələr və gənclər daha risk altındadır

Sosial medianın təsirləri ən çox yeniyetmə və gənclər arasında müşahidə olunur. Bu yaş dövrləri insanın kimlik formalaşdırdığı, özünü ifadə etməyə və qəbul olunmağa ehtiyac duyduğu bir mərhələdir. Virtual dünyada təsdiq alma ehtiyacı bəzən real “mən”i kölgədə qoyaraq, fərdi süni davranış modellərinə sürükləyir. Bu isə özgüvənin zəifləməsinə, özünü dərk etməkdə çətinliklərə və şəxsiyyət pozuntularına gətirib çıxara bilər.

 

Ailə münasibətlərinə təsiri

Rəqəmsal asılılığın psixoloji təsiri təkcə fərdi deyil, ailədaxili münasibətləri də əhatə edir. Ailə üzvləri ekran qarşısında daha çox vaxt keçirdikcə, qarşılıqlı ünsiyyət azalır, emosional bağlar zəifləyir. Valideyn-övlad münasibətlərində laqeydlik, həyat yoldaşları arasında isə yaxınlıq və anlaşma azalır. Bu vəziyyət bəzi hallarda ailədaxili konfliktlərin dərinləşməsinə və emosional uzaqlaşmaya səbəb olur.

 

Həll yolları və psixoloji yanaşma

Mövcud vəziyyət göstərir ki, texnologiya ilə münasibətimizə yenidən baxmaq zəruridir. Texnologiyanı həyatımızdan çıxarmaq mümkün və ya məqsədəuyğun deyil. Əksinə, əsas məsələ ondan şüurlu və tənzimlənmiş şəkildə istifadə etməkdir. Sosial media həyatın özü deyil, onun kiçik bir parçasıdır.

 

Sağlam rəqəmsal münasibət qurmaq üçün aşağıdakı strategiyalar tövsiyə olunur:

* Gündəlik sosial media istifadəsinə məhdudiyyətlər qoymaq;

* Sosial media bildirişlərini deaktiv etmək;

* Həftəlik və ya aylıq “rəqəmsal detoks” günləri təyin etmək;

* Sosial ehtiyacların mümkün qədər real münasibətlər vasitəsilə qarşılanmasına çalışmaq;

* Zərurət olduqda psixoloji dəstək almaq.

 

Əgər fərd artıq sosial medianın təsirindən qurtula bilmirsə və ondan uzaq qalmaq narahatlıq yaradırsa, bu zaman psixoloq müdaxiləsi vacib və faydalı ola bilər.

 

Nəticə

Unutmamalıyıq ki, sosial mediaya nəzarət etmədikdə, o bizi idarə etməyə başlayır. Texnologiya məqsəd deyil – vasitədir. Həyatın həqiqi dəyəri isə virtual təsdiqlərdən deyil, real münasibətlərdən, daxili dinclikdən və özünə olan sevgi və hörmətdən qaynaqlanır.

 

Psixoloq M. Almara Ağaqızı

PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru

 

(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)




8 şərh “Rəqəmsal asılılıq və sosial medianın psixoloji təsiri – “PRİMera”

  1. Elnur

    Menim oglum da butun vaxtini telefonda kecirir, defelerle danisiriq amma fayda olmur. Bu yazidaki kimi asiliq halini alib, qebul etmir amma davranislari deyisir. Psixoloq kimi dogru demisiz.

    Cavabla
  2. Mirzə

    men bele seyleri oxuyanda ozume deyirem “bir az az otur insta-da”, ama sabah yene eyni sey olur. psixoloji asılılıq heqiqeten de var ee…

    Cavabla
  3. Aysel Murasova

    Çox düzgün yanaşmadı. Men de cox vaxt fikirləşirem ki, telefon meni yox, men telefonu idare etmeliyem. Amma ne vaxtsa ele olur ki, vaxt keçir, hara getdiyimi bilmirəm. Özümə yazıdan sonra söz verdim ki, detoks günü eləyəcəm.

    Cavabla
  4. Elmira Şabanova

    Men bir ana kimi artiq usaglarima telefon vermemekde cox cetinlik cekirem. Yazida yazilanlar ele bil mene derc olunub. Psixoloq xanimin yanasmasi sadə ama dolğundu. Sag olun.

    Cavabla
  5. Səidə Musatafayeva

    Men de psixologiyanı oxuyuram, bu mövzu bizim sahə üçün olduqca aktualdı. Xüsusilə dopamin məsələsinə toxunmağınız çox yerində olub. Praktik misallarla daha da yadda qalan yazı alınıb. Təşəkkür edirəm.

    Cavabla
  6. Namiq Əbilov

    Dogurdan da bu gun genclerin coxu virtual heyat yasayir, heqiqi duyqular yox olub. Yazida yazilan her cumleni oz ailemizde gorurem. Aglina gelen kimi telefona sarilirlar. Ciddi problemdi bu.

    Cavabla
  7. Sevda Asim

    Qeyri-real “mutlu həyat” görüntüləri gəncləri çox ciddi təsir altına salır. Hamı bir-birinə bənzəməyə çalışır, amma daxildə boşluq hissi artır. Yazını paylaşdım, çoxlarına lazım olacaq.

    Cavabla
  8. Roman Bəbirov

    Uzumde tebessumle oxudum, cunki menden danisir sanki. Men de her darixanda telefona sariliram. Ama sonra daha da pis oluram. Yazidaki sozler mene tok kimi tesir etdi vallah.

    Cavabla

Mirzə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir