qB1FvwwlcOqifbWDWM7a2Q7SwhDdSZz5ZqeoPvoK

Rekord həddə çatan boşanmalar və sosial-iqtisadi səbəblər

Baxış sayı: 602

Qloballaşma ərəb ölkələrində müasir həyatın əksər aspektlərini dəyişdirdiyi kimi, ailə həyatına da təsirsiz ötüşməyib. Artıq ərəb-müsəlman məişəti on il əvvəl olduğu kimi deyil, ailədaxili gərginliklər, kişilərin dolanışıq uçun başqa ölkələrə axını, qadınların daha sərbəst davranışları boşanmaların rekord həddə çatmasına səbəb olub.

Ərəb dünyasının qlobal sosial-iqtisadi dəyişikliklərə daha dərin inteqrasiyası Yaxın Şərq və Şimali Afrikanın bir sıra ölkələrində ailə institutunun əvvəlki möhkəmliyinə zərbə vurub. Misir Nazirlər Kabinetinin İnformasiya və Qərarlara Dəstək Mərkəzinin son araşdırması göstərib ki, Küveyt, Misir, İordaniya və Qətər boşanmaların ən yüksək olduğu ərəb ölkələridir. Belə ki, Küveytdə bütün nikahların 48 faizi, Misirdə 40 faizi, İordaniyada 37,2 faizi, Qətərdə 37 faizi, Birləşmiş Ərəb Əmirlikləri və Livanda 34 faizi boşanma ilə nəticələnir.

Beyrut dini məhkəməsinin şəriət hakimi Şeyx Vəssim Yusif Əl-Fəlah “Arab News” nəşrinə müsahibəsində deyib ki, bəzi günlərdə təkcə onun özü 16-ya qədər boşanma işinə baxır. Artan boşanma nisbəti əvvəllər görünməyən bir fenomenə çevrilib.

Ekspertlər hesab edirlər ki, bu tendensiya iqtisadi təzyiqlər, inkişaf edən cəmiyyət normaları, hüquqi islahatlar və hər şeydən əvvəl, cəmiyyətdə qadınların rolunun dəyişməsi nəticəsində baş verib. Əl-Fəlah əlavə edib: “Qadınlar artıq kişilərə ehtiyac duyduqlarını hiss etmirlər. Onların bir çoxu məhkəmədə ərləri ilə hər hansı razılaşmanı rədd edirlər, çünki müstəqil olmağa qadir olduqlarını hiss edirlər və kişilərin onların həyatına nəzarət etməsini istəmirlər”.

Tarixin böyük bir hissəsində, xüsusən də ərəb dünyasının daha mühafizəkar mədəniyyətlərində qadınının yeri evi, mətbəxi olub. İndi ərəb dövlətlərində iqtisadiyyatın modernləşməsi və hüquq sistemlərində aparılan islahatlar fonunda zərif cinsin nümayəndələri daha çox müstəqil olur, onların əksəriyyəti ali təhsil almağa can atır, karyeralarında irəliləyir və gec evlənməyə və uşaq sahibi olmağa üstünlük verirlər. Nəticədə, ərəb qadınları öz vətəndaş hüquqları barədə daha məlumatlı olur, onların şəxsi ambisiyaları və özlərinə inamı artır, məişət zəminində zorakılığa dözmək istəmirlər. Bununla yanaşı, ərəb qadını özünü maddi cəhətdən də təmin edə bilir. Livanlı tədqiqatçı Manal Nahas bununla bağlı bildirib: “Keçmişdə qadınlar maddi amillər ucbatından boşanmaq qərarı verməzdən əvvəl tərəddüd edirdilər, lakin indi onların əksəriyyəti ərindən əvvəl məhkəmədə iddia qaldırır. Bu sindrom sosial münasibətlərdə daha geniş dəyişikliklərin əlavə məhsulu kimi qiymətləndirilir. Qadınların indiki nəsli boşanmaya başqa cür baxır və hesab edirlər ki, artıq anaları və nənələri kimi zorakılığa dözmək məcburiyyətində deyillər. İndi qadınlar təhsillidir, işləyir və bəziləri öz iş sahələrində yüksək vəzifələr tuturlar. Son onilliklərdə qadınların orta nikah yaşı 24 idisə, bu gün sosial tərəqqi, iqtisadi şərait və qadınların əmək bazarında iştirakı nəticəsində bu yaş həddi 32-yə yüksəlib. Bundan əlavə, qadınlar ailə qurmazdan əvvəl valideynlərinin evində əziz tutulur. Buna görə də boşanmaq onlar üçün dözülməz bir evlilikdə yaşamağa davam etməkdən daha asandır.

Artıq əksər valideynlər boşanmış qızını rədd etmək əvəzinə, onlara yenidən qucaq açırlar. Cəmiyyətdə dəyişiklik olub. Demək olar ki, hər kəs boşanma ilə üzləşir, çünki bu, artıq qəbuledilməz dərəcədə çətin bir qərar sayılmır”.

Hazırda dərinləşən sosial-iqtisadi böhran da ərəb ölkələrində boşanmaların sayının kəskin artmasına səbəb olub. Ailə başçısı sayılan kişilər arasında işsizliyin artması, bankların güzəştli mənzil kreditləri verməkdən imtina etməsi, inflyasiya nəticəsində daha çox ailə dağılır. Bu tendensiya, xüsusən COVID-19 pandemiyası dövründə daha da güclənib.

Ərəb mədəniyyətində ailə dəyərləri əziz tutulur və istər dini, istərsə də dünyəvi məhkəmə orqanları valideynlərin uşaqları naminə bir yerdə qalmasına üstünlük verirlər. Mütəxəssislər hesab edirlər ki, evlilik məsləhətləri, gənc cütlüklər üçün daha yaxşı təhsil, münasibətlər haqqında daha açıq müzakirələr və hətta kişilər və qadınlar arasında nikahdan əvvəl sosial qarşılıqlı əlaqəni əhatə edən sosial tabuların yumşaldılması ümumi boşanma nisbətini azaltmağa kömək edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir