dis

Sağlam dişlərə sahib olmağın şərtləri

Baxış sayı: 653

Dişlərin sağlam olması üçün ən vacib şərt ona düzgün qulluq edilməsi, yəni sadə şəkildə fırçalanması ilə əlaqədardır. Hər kəs bunu düzgün şəkildə yerinə yetirməlidir. Bundan başqa ən azı ildə iki dəfə həkim-stomatoloq tərəfindən dişlərin müayinəsi və profilaktik təmizlənməsi aparılmalıdır. Dişlər nə qədər düzgün fırçalansa da, bioloji olaraq onun üzərində pərdəcik yaranır və get-gedə diş daşı deyilən quruluş yaranır və onun da üzərində mikroblar yerləşir. Onun yalnız fırça ilə təmizlənməsi mümkün deyil.

Bunu həkim-stomatoloq Qədir Hüseynov deyir.

Onun dediyinə görə, bir və bir neçə səbəbdən törənən xəstəliklər var: “Məsələn, kariyes bir çox etioloji faktorlar nəticəsində əmələ gəlir. Dişin çürüməsi əsasən mikrobların əmələ gəlməsi nəticəsində olur. Onlar diş çökəklərində yerləşə bildiyinə görə kariyes daha çox oradan və iki diş arasından başlayır. Şirniyyatdan çox istifadə edənlərdə həmin problem daha qabarıq olur. Dişlərin sərt toxuma xəstəliklərindən sonra ikinci yeri damaq xəstəlikləri tutur. Onun etiologiyasında ən başlıca səbəblərdən biri iltihab nəticəsində yaranan diş daşlarıdır. Diş çöpləri və saplarından düzgün istifadə edilməməsi də onun yaranması ilə nəticələnir”.

Həkim-stomatoloq diş fırçaları barədə danışarkən aşağıdakıları dedi: “Əsasən orta sərtlikdə olan fırçalardan istifadə etmək məsləhət görülür. İntensiv olaraq diş ərpi yaranan xəstələrdə daha sərt, diş ətində qanamalar olanlar daha yumşaq fırçalardan istifadə etməlidirlər. Diş məcunlarının da böyük rolu var, lakin ən əsası dişlərin düzgün fırçalanmasıdır. Elektrik diş fırçaları isə müxtəlif istiqamətlərdə sürəkli hərəkət edir, onu diş ətinə çox sıxmayaraq dişi zədələməmək şərtilə istifadə etmək olar, bərk sıxılaraq sürtülməsi isə diş əti problemi və gingivit xəstəliyinin yaranmasına aparıb çıxarır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir