sevgi

Sevgililər Gününü harda keçirməli? – ƏN YAXŞI ŞƏHƏRLƏR

Baxış sayı: 873

Sevgililər Günündən daha romantik bir tətil düşünə bilirsinizmi? Havaların isinməsinin artıq hiss edilməyə başladığı qışın son ayı bütün sevənlər tərəfindən maraqla gözlənilir.

Sevgililər Günündə hara gedəcəyinizi düşünürsünüzsə, bu yazını sona qədər oxuyun.  Çünki sonda sevdiyiniz insanla unudulmaz anlar yaşayacağınız ən romantik şəhəri seçə biləcəksiniz.

Düzdü, artıq bu gün sevgililər günü qeyd olunur. Bəlkə də qərar verməyə gecikmisiniz, amma bu yazını oxumaqla ən azı növbəti sevgililər günü üçün hansısa qənaətə gələ bilərsiniz.

 

Verona, İtaliya

romantic night

Bura Şekspirin qələmə aldığı ən məşhur sevgi hekayəsinin yaşandığı italyan şəhəridiridir. Romeo və Cülyetta xəyali qəhrəmanlar olsalar da, bu gözəl məkan üçün “Sevgililər şəhəri Verona” statusunu əbədi olaraq təmin etmişlər.

Sevgililər Günü burada böyük miqyasda qeyd edilir: 14 fevraldan başlayır və bir həftə boyunca davam edir. Cürbəcür festivallar, yarmarkalar, şoular, paradlar və konsertlər dünyanın hər yerindən cütlükləri cəlb edir. Hədiyyələr və endirimlər şəklindəki xoş bonuslar bu tətili ən yaddaqalanlardan biri edir.

Veronanın koloritli küçələrində yavaş-yavaş gəzin, ən məşhur meydanı Piazza delle Erbe-yə getdiyinizdən və Cülyettanın evini ziyarət etdiyinizdən əmin olun. Girişdə eşq etirafı etdiyiniz bir məktub buraxa bilərsiniz. Gün batarkən St. Peter qalasına getməyi çatdırmağa çalışın, müşahidə göyərtəsindən açılan möhtəşəm mənzərəyə heyran qalacaqsınız. Burada gördüklərinizdən sonra Veronanın aşiqlər şəhəri olduğuna dair heç bir şübhəniz qalmayacaq.

 

Paris, Fransa

paris

Paris, Sevgililər Günü üçün ən yaxşı romantik şəhərlərdən biridir. Paris də sevgililər şəhəri adlanır. Yəni bu şəhər, yalnız Sevgililər Günündə romantik deyil. İlin istənilən vaxtında insanlar sevgilərini elan etmək və evlilik təklifi etmək üçün buraya gəlirlər.

Heç düşünmüsünüzmü ki, Paris niyə sevgililər şəhəridir? Bir neçə əsrdir ki, bu şəhər çox da dramatik və ya faciəvi olmayan, xoşbəxt sonlu sevgi hekayələrinin şahidi olur. Qədim qala və sarayların divarları arasında bir çox sirlər və intriqalar saxlanır.

Parisin sevgililər şəhəri statusunu almasının 3 əsas səbəbini qeyd edək:

1. Eyfel qülləsi. Bu şəhərin dünyaca məşhur simvoluna baxanda sevgi və xoşbəxtlikdən başqa hisslər yaşamaq mümkündürmü?

seine river

2. Sena üzərindəki körpü. Ənənəyə uyğun olaraq, yeni evlilər buraya körpünün hasarına asılmış sevgi kilidi ilə birliklərinə möhür vurmaq üçün gəlirlər.

3. Haute cuisine. Bildiyiniz kimi ürəyə gedən yol mədədən keçir. Fransızlar insanın bu yerə sonsuza qədər aşiq olması üçün nə bişirəcəyini yaxşı bilir.

 

Vyana, Avstriya

vienna

Birlikdə gözəlliklərdən zövq almağı sevən cütlüklər üçün Vyana idealdır. “Ən romantik şəhər” olduğunu iddia etməsə də, buradakı tətiliniz sizin üçün daha “intelektual” olacaq.

Mədəniyyətlə bağlı bir proqrama üstünlük verirsinizsə, Şönbrun sarayını və Müqəddəs Ştefan kafedralını ziyarət edin. Şəhərdəki restoranlardan birində şam işığında ləzzətli bir yemək və bir qədəh əla şərab Sevgililər Günü üçün mükəmməl bir son olacaq.

“Outdoor” həvəskarları üçün də hər zövqə uyğun fəaliyyətlər var. Şəhərin mərkəzi küçələrində gəzmək, Dunayda gəmiyə minmək, Prater Park-ı və ya buz meydançasını ziyarət etmək – bu cür əyləncələr sizi darıxmağa və donmağa qoymayacaq.

 

Venesiya, İtaliya

venice

Bütün İtaliya sevgiyə doymuş kimi görünür. Verona sevgililər şəhəridirsə, Venesiya da romantikanın şəhərdir.

Bu dəyişməz bir həqiqətdir. Ucsuz-bucaqsız kanallar boyunca qondolada üzərkən və ya dar bir küçədən keçərkən bu möhtəşəm ölkənin təbiəti ilə memarlığının kombinasiyasını gördüyünüz üçün sonsuz xoşbəxtlik hissinin harmoniyasını və hüzurunu hiss edə bilərsiniz.

Sevgililər Müqəddəs Mark meydanında göyərçinləri bəsləməyi, körpülərdə dolaşmağı və gözəl kafelərdə mənzərədən və bir-birlərinə olan sevgilərindən zövq almağı sevirlər. Qeyd etdiklərimi siyahınıza əlavə etdiyinizə əmin olun. İllər sonra xatırlayacaq və gülümsəyəcək bir şeyiniz olacaq.

Venesiyaya səyahət planlaşdırırsınızsa, ənənəvi Venesiya karnavalının vaxtı ilə maraqlanın. Karnaval adətən iki həftə davam edir, lakin bir çox qonaq əvvəlcədən gəlir və tətil bitdikdən sonra da bir müddət burada qalır. Buna görə də, bu geniş miqyaslı festival çox vaxt bir ay boyunca davam edir.

Diqqət yetirin: Maskaradda iştirak etmək insanları “azad” edir, buna görə də ikinci yarısını tapmayan insanlar da rəngli maskalar arasında birini tapa biləcəklər.

 

Brügge, Belçika

bruges

Sevgililər Günündə hara getmək lazımdır? Avropanın ən tənha, sakit və romantik qəsəbəsinə – Brüggeyə!. Burada heç kim sizi narahat etməyəcək, buna görə də ikiniz əla vaxt keçirə bilərsiniz.

Orta əsr evləri, cəlbedici kanalları, dar küçələri, İnstaqramlıq körpüləri ilə bu ecazkar şəhər, H. X. Andersenin nağıllarındakı illüstrasiyalardan birindən çıxmış kimi görünür. Yürüyüşü qayıqla gəzinti ilə əvəz etməyə çalışın, bu yolla fərqli aspektlərdən görünən mənzərələrdən zövq alacaqsınız.

Brüggedə mütləq etməniz gərəkən şeylərdən biri Sevgi gölünü(Lake of Love) ziyarət etməkdir. Bura kədərli bir tarixə sahib olan ən sirli yerdir. Belə ki, sevgilisinin müharibədən qayıtmasını gözləyən və onu sevmədiyi biri ilə evlənməyə məcbur edən atasından qaçan bir qız haqqında əfsanə var. Qız meşədə gizlənməli olur. Ancaq sevdiyi qayıdıb onu tapanda onların xoşbəxtliyi bir an qədər qısa olur: zavallı qız elə onun qucağında ölür. Gənc oğlan sevgilisinin məzarının üstündə çayın axınını kəsən nəhəng bir qaya qoyur. Və beləcə Sevgi gölü yaranır. Hal-hazırda bu yer sevgililərin bəsləmək üçün gəldiyi zərif qu quşlarının evidir.

Belçikada olarkən Şokolad muzeyini və ya şokolad atelyelərindən birini ziyarət etmək fürsətini qaçırmayın. Məşhur Belçika ləzzətinin tarixini öyrənəcək və ala biləcəksiniz.

 

Siqnaxi, Gürcüstan

sighnaghi

Gürcüstanda aşiqlər şəhəri olduğunu bilirdinmi? Siqnaxi, Kaxeti bölgəsində dağ yamacında yerləşən qədim bir şəhərdir. Son onilliklərdə, mənzərəli təbiətin və qədimliyin birləşməsi ilə turistləri getdikcə daha çox cəlb edir. Nə də olsa, qırmızı damlı evlərin italyan klassisizmi üslubunda yerləşdiyi dolanbac, çay daşları ilə döşənmiş dar küçələrdən keçmək bir o qədər romantikdir. Burada istirahət etmək üçün çox romantik yerlər var: məşhur gürcü qonaqpərvərliyi ilə xidmət veriləcək kiçik mehmanxanalar, kafelər və restoranlar.

Mərkəzi meydanlardan birində, cütlüklərin günün istənilən vaxtında nikahlarını qeyd edə biləcəkləri bir Şadlıq evi var. Bu, Siqnaxinin Gürcüstanda “aşiqlər şəhəri” adlandırılmasının səbəblərindən biridir.

İkinci səbəb isə budur ki, rəngli alleyalar boyunca gəzmək, bütün qonaqlarda xoşbəxtlik, sevgi və harmoniya hissi yaradır. Bu, şəhərin niyə tez-tez bal ayı üçün seçildiyini izah edir.

 

Sankt-Peterburq

saint petersburg

Bir çoxları Sankt-Peterburqun Rusiyada ən romantik yer hesab edildiyini bilir. Köhnə evlərin damları, kölgəli alleyalar, milyonlarla işıqla parlayan bəndlər elə bir romantikaya bürünmüşdür ki, onlar sizi xəyal qurmağa və təbii ki, aşiq olmağa məcbur edirlər. Yayda, bəyaz gecələrdə sevgililər şəhərinin necə də gözəl olduğunu düşünün!

Sevgililərin Sankt-Peterburqda ən çox ziyarət etdiyi yer, 18-ci əsrdə inşa edilmiş Öpüş körpüsüdür. Rəvayətdə deyilir ki, burada dənizçilər dənizə getmədən əvvəl sevdikləri qadınlarla vidalaşır və hər hansı bir səbəbə görə birlikdə ola bilməyən cütlüklər gizlicə görüş təyin edirdilər. Körpünün adı yaxınlıqda yerləşən və Potseluev adlı bir tacirə aid olan eyni adlı mülkdən gəlir.

Əgər sevgililər ilk dəfə Öpüş körpüsündə öpüşsələr, xoşbəxt olacaqlarına və sonsuza qədər bir-birləri tərəfindən seviləcəklərinə inanılır.

 

Sevilya, İspaniya

seville

Sevilya Sevgililər Günü üçün ən yaxşı romantik şəhərlərdən biridir. Gözəl Sevilya bir qadın qədər işvəli, ehtiraslı, oynaq, eyni zamanda xoşəməl və mənəvidir.

Burada ehtiraslı Karmen və cazibədar Don Juan obrazı doğulub. Bura korrida və flamenkonun vətənidir.

Bu şəhərdə əla vaxt keçirməniz üçün lazım olan hər şey var: gözəl mənzərələr, möhtəşəm memarlıq və mülayim bir iqlim. Sevilyada tətil həm dəbdəbəli festivalları sevənlərə, həm də Sevgililər Gününü inzivada keçirməyə üstünlük verənlərə xitab edəcəkdir.

Sevilya İspaniyanın sevgililər şəhəridir. Bura ən məşhur sevgi macəraları, ehtiraslar, məkrlər, cazibələr və xəyanətlərlə əlaqələndirilir. Buradakı havada eşq qoxusu var. Öz yarınızla bu gözəl rəngli şəhəri ziyarət etmək fürsətini əldən verməyin. Xoş, müsbət təəssüratlar və emosiyalar sizə zəmanət verilir.

 

Nyu York, ABŞ

new york

Sevgililər Gününüzü heyrətamiz bir səyahətlə birləşdirmək istəyirsinizsə, Nyu Yorka getməyinizi tövsiyə edirik. “Burada necə bir romantika ola bilər ki?!” deməyə tələsməyin. Əfsanəvi amerikan kinolarını xatırlamaq kifayətdir. “Nyu Yorkda son bahar”, ” Böyük Getsbi” və ya ” Tiffanidə səhər yeməyi ” – bu filmləri izlədikdən sonra, onsuz da cəlbedici olan şəhər xəyallardakı kimi eşq dolu bir yer şəklini alır.

Yeri gəlmişkən, amerikalılar Sevgililər Gününə qarşı çox həssasdırlar. Buna görə də 14 fevralda küçələr və vitrinlər temalı dekorasiyalarla bəzədilir. Bu günü həqiqətən də unudulmaz etmək üçün Hudson çayı boyunca gəzməyi, Broadway-də bir müzikalı ziyarət etməyi və ya helikopterlə uçmağı seçə bilərsiniz.

Bütün gününüzü keçirə biləcəyiniz Mərkəzi Parkda gəzinti də yaxşı fikirdir. Tətilinizi Bruklin körpüsündən açılan İnstaqramlıq mənzərə ilə bitirməyinizi məsləhət görürük. Həqiqətən də həyəcan verici bir mənzərədir!

 

Kappadokiya, Türkiyə

cappadocia

Sevgililər Günü üçün ən romantik şəhərlərin siyahısını sevgililər üçün yaradılmış kimi görünən – Kappadokiya tamamlayır.

Kappadokiyaya səyahətlə can dostunuzu necə təəccübləndirə bilərsiniz? Gün doğumunda mağara otelinin balkonunda səhər yeməyi, fantastik mənzərəli cakuzi, Kappadokiya zirvələrinə baxan restoranların birində bir qədəh isti şərabla xoş bir axşam. Çox romantik deyilmi? Hava şarları ilə gəzinti və Sevgi vadisini ziyarət bu sehrli günün vurğusu olacaq.

Sevgi vadisi birlikdə səyahət etmək üçün mükəmməl bir yerdir. Bura adını təbii mənşəli daş sütunlara görə alıb. Qayaların insan və heyvan siluetlərinə bənzədiyi Xəyal vadisi və Peri Bacaları vadisi olaraq da adlandırılan Rahiblər vadisi də diqqətəlayiq yerlərdir.

Yeraltı şəhər, açıq hava muzeyi, kanyon və duzlu göl – burada hər kəs zövqünə görə ekskursiya seçə bilər.

Gördüyünüz kimi, planetdə çox sayda romantik məkan var və onların hər birinin öz cazibəsi var. Bununla birlikdə, ən özəl və ən əziz insan sizinlədirsə, harada olmağın bir önəmi varmı? İstər Gürcüstandakı, istər İtaliyadakı, istər Fransadakı, istərsə də Rusiyadakı sevgililər şəhəri olsun nə fərqi var? Əsas odur ki, ürəkləriniz bir arada döyünsün. Sadəcə, birlikdə gedəcəyiniz hər hansı bir səyahət sevginizə daha da parlaq rənglər və xoş anlar bəxş edəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir