ders

Tədris ili: azaldılsın, yoxsa artırılsın?

Baxış sayı: 1. 612

Təhsil sahəsində az qala hər il dəyişikliklər, islahatlar, təkmilləşdirilmələr aparılsa da, etiraf etmək lazımdır ki, bu sahədə gözlənilən inkişafa nail olunmayıb. Təhsil Nazirliyinin rəsmiləri də öz çıxışlarında mütəmadi təhsilin səviyyəsinin inkişaf etmiş ölkələrin təhsili ilə müqayisədə geri qaldığını etiraf edirlər.

İki il əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul etsə də, əksəriyyət bunun doğru olmadığını bildirir. Məsələn, deputat Fazil Mustafa Azərbaycanda yeni dərs ilinin başlanması ilə bağlı təklif irəli sürərək, məktəblərin sentyabrın 1-də başlayıb mayın 25-də bağlanmasını vacib sayır:

“Bu istiqamətdə bütün ictimai təşəbbüsləri dəstəkləməyə hazıram. Bu tarixlər müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər. Əvvəllər sovet dövründə qəbul imtahanları avqust ayında qurtarırdı, tədris proqramı, tələsik də olsa, sentyabrın 1-dən start götürürdü. İndi isə artıq iyul ayına imtahan qalmır, kifayət qədər tədris prosesinə hazırlıq vaxtı yaranır, niyə bu fürsəti qaçırırıq, doğrusu, anlamaq olmur”.

Təhsil Nazirliyi isə dərs müddətinin azaldılması əvəzinə bu müddətin daha iki həftə artırılmasını təklif edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Nazirlər Kabinetinin tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul etdiyini xatırladaraq bildirir ki, əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi:

“Çünki çox oxuyan çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik”.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də dərslərin sentyabrın 1-də başlamasının tərəfdarıdır. Ağayev hesab edir ki, sentyabrın birindən başlaması həm ənənəyə riayətdir, həm də valideynlərin, şagirdlərin psixoloji hazırığına uyğundur:

“Əvvəllər dərslər mayın 25-də istilər düşənə qədər bitirdi. Dərslərin iyunun 14-nə qədər davam etməsi əksinə, tədris prosesinə mənfi təsir edir. İstilər düşür, şagirdlərdə dərs oxuma ab-havası qalmır, hər kəs tətili düşünür, valideynlərin uşaqları məktəbə aparıb gətirməsi var, onlar özləri də bezir. Bu müddətdə həm də tədrisin keyfiyyəti aşağı düşür. Müəllimlər bu zaman daha çox təkrarlarla məşğul olurlar ki, bunu uşaqlar özləri də edə bilər. Ona görə də təklif edirəm ki, əvvəlki qaydada dərs ili sentyabrın 1-də başlayıb mayın sonunda bitsin”.

Təhsil sahəsi üzrə ekspert Nadir İsrafilovun bildirdiyinə görə, son günlər həqiqətən də mediada və sosial şəbəkələrdə Azərbaycanda tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi geniş müzakirələrə səbəb olub:

“Bu da təbiidir. Həm müəllimlər, həm şagirdlər, həm də valideynlərin yay müddəti üçün işlərini normal planlaşdıra bilməməsi, təhsil proqramları ilə tədris müddəti arasındakı uyğunsuzluqlar barədə çoxsaylı şikayətlər var. Hətta deyilənlərə və yazılanlara görə dərs müddətinin 1 sentyabr-25 may arasında keçirilməsini tələb edən petisiya belə hazırlanaraq, ölkə başçısına, Nazirlər Kabinetiinə, Təhsil Nazirliyinə təqdim ediləcəyi də nəzərdə tutulub”.

İsrafilov qeyd edib ki, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli qəliz və lazımsız materialların sıxışdırılması yolu ilə də həll etmək olardı: “Təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil.

Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz. Məsələn, bizim 6 yaşlı uşağı məktəbə göndərməyimizə rəğmən, dünya təhsilinə nümunə sayılan Finlandiyada uşaqlar məktəbə 7 yaşdan gedirlər və s. Bir də ki, buna qalsa, DİM (Dövlət İmtahan Mərkəzi) heç dərs ilinin başa çatmasına məhəl qoymadan buraxılış və monitorinq imtahanları keçirir. Üstəlik bu ərəfələrdə paytaxtda “Formula 1”, digər beynəlxalq yarışlar keçirililir, regionlarda təsərrüfatın qızğın çağı olur və s. və i. Yox, əgər beynəlxalq təcrübəni əsas götürürüksə, bildiyim qədər dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Məsələn, Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar etrəsi günü başlayır. Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir.

İranda və Türkiyədə də dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır. Və yaxud Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu növbəti ilin mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabra qədər davam edir. Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır. ABŞ-da da “Bilik günü”nün konkret tarixi yoxdur. Ştatlar və yerli qanunverici orqanlar bunun üçün fərqli tarixlər seçirlər. Bir çox məktəblərdə “Bilik günü” sentyabr ayının ilk bazar ertəsi, yaxud cümə axşamına təsadüf edir və s”.

TN sözçüsünün tədris müddətinin daha iki həftə artırılması barədə təklifinə gəlincə, müsahibimizə görə, bu variant o halda effekt verə bilər ki, buraxılış və qəbul imtahanları birləşdirilərək, vahid təkpilləli imtahan sistemi tətbiq edilsin. “Baxmayaraq ki, bir çox dünya ölkələri bu sistemə keçib və biz də bununla bağlı dəfələrlə vədlər vermişik. Hər halda Təhsil Nazırliyinin ictimai rəyə önəm verərək, bu vacib məsələni müzakirəyə çıxarması və ümumi rəyi öyrənmək cəhdi təqdirəlayiqdir və yalnız alqışlana bilər”.

Təhsil sahəsi üzrə ekspert Şahlar Əsgərovun qəzetimizə bildirdiyinə görə, nə qədər ki, dövlət gənclərin təhsilini gənclərə xərcləyirsə, bu ancaq dövlətə ucalıq, şöhrət gətirər: “Yəni tələbələrin gənc yaşlarında sağlam bədənləri, biliyə həvəsləri var. Ona görə onlara maksimum bilik vermək lazımdır. Əgər bu addım bu niyyətlə atılıbsa, bunu alqışlayıram”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir