ders

Təlim-tərbiyə işində valideyn-məktəb münasibətləri

Baxış sayı: 529

Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi ilk gündən gələcəyimiz olan gənc nəslin təlim-tərbiyəsi işi hər zaman dövlət siyasətinin prioritet məsələlərindən olub. Xüsusilə son 15-20 ildə təhsil sahəsinə diqqətin daha da artırıldığının şahidi oluruq. Hər il yüzlərlə yeni məktəblərin tikilməsi və yarasız binalarda yerləşən məktəblərin əsaslı təmir edilməsi, məktəblərin maddi-texniki bazasının ilbəil möhkəmləndirilməsi, gənc nəslin sağlam ruhda böyüməsi üçün paytaxtda və regionlarda saysız-hesabsız dövlət tədbirlərinin keçirilməsi, təlim-tərbiyə sahəsində çalışan müəllimlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, pedaqoji işçilərin əmək haqlarının hər il artırılması, xüsusilə gənc müəllimlərin seçilib məktəblərə təyin edilməsi işindəki şəffaf, qərəzsiz yeni metodların tətbiqi, daha savadlı, bacarıqlı müəllimlərə xüsusi imtiyazların tətbiq edilməsi və digər məsələlər bunu deməyə əsas verir.

Bununla belə, razılaşmalıyıq ki, dövlətin həyata keçirdiyi bu və digər tədbirlərlə yanaşı təhsildə o zaman istənilən nəticə əldə oluna bilər ki, bu sahəyə mənsubiyyətindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər bir vətəndaş ciddi məsuliyyət dağıdığını anlasın və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin. Çünki gələcəyimiz olan yeni nəslin sağlam ruhda, dövlətinə və xalqına bağlı vətəndaş kimi formalaşmasında təkcə məktəbin, müəllimlərin deyil, hər kəsin bilavasitə iştirakı vacibdir. Unudulmamalıdır ki, məktəb şagirdlərə bilik, savad təlim etməklə yanaşı, həm də onların məsuliyyətli vətəndaş kimi böyümələrini təmin etməli olan müqəddəs ocaqdır. Lakin hərtərəfli inkişaf edən yeni nəslin formalaşması təkcə məktəbdən və müəllimlərdən asılı deyil. Ailə, ictimai mühit, televiziya, radio, internet portalları və digər amillər tərbiyə işi ilə uzlaşmayanda bu, gənc nəslin yetginləşməsi prosesinə mənfi təsir göstərir.

Bu baxımdan müasir zamanda elmin, texnikanın inkişafı ilə gənclərin hər yerdən, hər formada və hər məzmunda məlumatlar əldə etmək imkanları olduğunu nəzərə alaraq məktəblə cəmiyyət, xüsusilə ailə arasında daimi iş birliyi mühüm və qaçılmaz amil kimi nəzərə alınmalıdır. Odur ki, hər bir məktəbin kollektivi bu mühüm amili daim diqqət mərkəzində saxlamalı və ailə ilə, valideynlərlə daim ünsiyyətdə olmalıdır.
Azərbaycan respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun şücaəti sayəsində yüz illərdir xalqın həsrət qaldığı tarixi qələbəni əldə edən bir xalqın gənc nəslinin nə qədər vətənpərvər ruhda olduğunu deməyə ehtiyac yoxdur. Cənab Prezidentin də dediyi kimi, bizə tarixi qələbələr bəxş edən indiki gənclik məhz son uyirmi ildə ölkəmizdə gənc nəslin təlim-tərbiyəsinə dövlət qayğısından ruhlanan pedaqoji kollektivlərin əməyinin nəticəsi hesab edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşsaq ölkəmizdə gənc nəslin təlim-tərbiyəsi işinin yüksək sürətlə inkişaf etdiyini demək olar. Lakin inkişafla yanaşı işimizdə olan çatışmazlıqları, bəzi hallarda səhlənkar münasibətləri görməzdən gəlməməli, onları vaxtında aşkar edib aradan qaldırmağa çalışmalıyıq. Təhsil sahəsində uzun müddət çalışan bir pedaqoq kimi hesab edirəm ki, hələ də təhsilimizin əsas və narahatedici başlıca problemi ailə-məktəb münasibətlərinin lazımi səviyyədə qurulmamasıdır.
Qəribədir, valideyn həm məktəbdən, müəllimdən keyfiyyətli tədris, övladlarının bilik və bacarıqlarını inkişaf etdirmək kimi təbii istəklərini ortaya qoyurlar, həm də övladlarının “hazırlıq kursları”na getmələrini əsas gətirib müxtəlif yollarla dərslərdən, təlim prosesindən yayındırmağa çalışırlar. Əlavə kursların, repreditor məşğələlərinin əleyhinə deyiləm. Lakin belə kurslar, məşğələlər şagirdlərin proqram üzrə təlim prosesinə mane olmamalıdır. Unutmalı deyilik ki, məktəb uşaqlara təkcə savad, elmi biliklər vermir, həm də onları cəmiyyətin layiqli vətəndaşı kimi tərbiyə etməyə çalışır. Layiqli vətəndaşlar isə fərdi təlimdə deyil, kollektivlə, cəmiyyətlə birgə formalaşmalıdır. Dərslərdən yayındırmaqla övladlarını ancaq konkret fənlər üzrə savadlanmağa yönləndirən valideyn anlamalıdır ki, o, bununla övladının hərtərəfli inkişaf prosesinə ciddi əngəl törətmiş olur və nəticədə, el arasında məşhur kəlamda deyildiyi kimi, oxuyub alim olsa da, adam (yəni cəmiyyətin layiqli üzvü, yetkin vətəndaş) olması sual doğurur.

Bir daha deyirəm, mən repreditor fəaliyyətinin əleyhinə deyiləm. Əksinə, şagirdlərin təlim prosesində öyrəndikləri biliyin təkrar-təkrar öyrənilməsi, uşağın gələcək üçün müəyyənləşdirdiyi sahə üzrə ixtisaslaşmış fənləri daha dərindən mənimsəməsi ümumi işin xeyrinədir və bundan narahat olmağa da hər hansı əsas yoxdur. Lakin əlavə məşğələlər proqram üzrə keçirilən dərslərdən, yəni məktəblərdəki gündəlik tədris prosesindən sonra, şagirdlərə müəyyən istirahət verməklə həyata keçirilsə daha effektli olar. Gizli deyil ki, ümumtəhsil məktəblərinin yuxarı siniflərində, xüsusilə X və XI siniflərdə valideynlər uşaqlarının məktəbə deyil, yalnız repreditor yanına getmələrinə çalışırlar ki, bu da, yuxarıda dediyimiz kimi, gənclərin hərtərəfli inkişafına ciddi mənfi təsir göstərir.

Əlbəttə, valideyn və məktəb münasibətlərində qeyd etdiyimiz qüsur yeganə deyil. Hələ də məktəbi, müəllimi yerli-yersiz nüfuzdan salmağa çalışmaq, müəllimin verdiyi tapşırığı bir kənara qoyub atanın, ananın tapşırığına əməl etməyi tələb etmək, müəllimin verdiyi summativ qiymətləndirmədən narazı qalıb, onu övladının yanında qeyri-etik ifadələrlə gözdən düşürmək və sair bu kimi faktlar mövcuddur və nə yazıq ki, bütün bunlar da dolayısı ilə yenə gənc nəslin təlim-tərbiyəsinə mənfi təsir göstərir. Lakin, uzun illər təlim-tərbiyə sahəsində çalışmış bir müəllim olaraq bu gün valideyn-məktəb münasibətlərində ən narahatedici məqam kimi məhz yuxarı siniflərdə şagirdlərin məktəbdən, təlim-tərbiyə prosesindən yayındırılması və fərdi hazırlığa üstünlük verilməsidir ki, fikrimcə bu fakt hər kəsi, həm pedaqoji fəaliyyətlə məşğul olan məktəb kollektivlərini, həm də valideynləri ciddi narahat etməlidir. Necə deyərlər, çalışaq ki, gələcəyimiz olan yeni nəsil həm alim, həm də “adam”, yəni cəmiyyət üçün layiqli vətəndaş kimi yetişsin.

 

Elmira Novruzova
Bakı şəhəri Xətai rayonu 265 saylı Tam Orta Məktəbin müəllimi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir