nikah

Təzə evlənənlər narkoloji müayinədən keçsin – ailə möhkəmliyi naminə yeni təklif

Baxış sayı: 532

“Azərbaycanda nikaha daxil olanlardan tibbi müayinə tələb olunur və ailə quranların QİÇS, zöhrəvi xəstəliklərə yoluxub-yoluxmaması, narkotik aludəçisi olub-olmaması yoxlanılmır. Tərəflərdən birinin narkotik istifadəçisi olması isə ailələrin dağılmasına gətirib çıxarır. Təbii ki, bu hal da boşanmaların sayının artmasına səbəb olur”.

Bunu  “Gənclərin Anti-narkomaniya İctimai Birliyi”nin sədr müavini Büllur Məmmədova deyir.

O bildirib ki, ailə həyatı qurulan zaman bəyin və ya xanımın narkotik maddədən istifadə etdiyi bilinmir: “Mən deyərdim ki, son zamanlar bu mövzu çox aktual olub. Ailə həyatı qururlar və müəyyən müddətdən sonra bu izdivac boşanma ilə nəticələnir. Amma şəxslərin nikahdan əvvəl narkotik istifadəçisi olub-olmamasına dair tibbi müayinə aparılarsa, ailə həyatı quran xanım və yaxud bəy sonrakı gedişatda nəticələrə uyğun addım atmış olacaqlar. Digər pis vərdişlərlə yanaşı, narkotik vasitələrdən istifadə edən şəxslərin evlənməsi daha böyük faciələrə gətirib çıxarır. Bu isə təəssüfləndirici haldır. Hətta daha açıq desək, bu, ailədaxili münaqişələrə, ölüm hallarına, məişət zorakılığına belə yol aça bilir”.

QHT sədri problemin həllini bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanmasında görür: “Mən düşünürəm ki, bu məsələ qanunda öz əksini tapmalıdır. Belə olduğu təqdirdə gənclər ailə həyatı quracağı şəxsin narkotik asılılığı olub-olmadığını biləcək və nikahın baş tutub-tutmaması barədə özləri qərar verəcək”.

Bəs nikahdan öncə verilən qan analizlərində konkret nələr yoxlanılır

Qeyd edək ki, nikahdan öncə verilən qan analizlərində aşağıdakı xəstəliklər yoxlanılır:

1) hemoqlobinopatiyalar:

1.1. böyük beta-talassemiya;

1.2. aralıq beta-talassemiya;

1.3. drepanotalassemiya;

1.4. oraqvari hüceyrəli anemiya;

2) İİV/QİÇS;

3) sifilis

Mövcud qanuna narkoloji müayinəni də əlavə etmək mümkündürmü?

Fazil Mustafa: "İranın Ermənistanla yaxınlaşması bu rejimin əsl mahiyyətini ortaya qoyur"

Fazil Mustafa: “Bu məsələ mütləq şəkildə icra olunmalıdır, çünki…”

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa qeyd edir ki, bununla bağlı tələb hökmən icra olunmalıdır:

“Heç kim bundan çəkinməməlidir və gələcək ailələrin qorunması üçün bu çox vacibdir. Yəni yeni evlənənlər mütləq şəkildə narkoloji müayinədən də keçməlidir. Bu sektorda formal arayış vermək anlayışından birdəfəlik qurtulmalıyıq.

Hesab edirəm ki, bu məsələni televiziyalarda da təbliğ etmək lazımdır. Yeni ailə qurmaq üçün bu, mütləq vacibdir. Bir daha qeyd edirəm ki, bu məsələdən çəkinmək lazım deyil, hansısa bəy və gəlin üçün bu nöqsan sayılmamalıdır. Həmçinin bu məsələ dövlətin ciddi nəzarəti altında olmalıdır. Hansı həkim yalan, formal bir arayış verirsə, xəstəliyin, pis vərdişlərin gizlədilməsinin təmin edirsə, dərhal cinayət məsuliyyətinə cəlb olunub, cəzalandırılmalıdır. Çünki gələcəkdə ola biləcək cinayətin başında məhz həmin həkim, komissiya duracaq. Bu baxımdan, bu məsələyə xüsusi diqqət edilməlidir”.

Emil Magalov

Emil Maqalov: “Əgər kütləvi şəkildə müayinələr aparılarsa, ciddi sosial problemlərlə üzləşə bilərik”

Narkomaniya üzrə ekspert Emil Maqalov isə qeyd etdi ki, yeni evlənənlər kütləvi şəkildə narkoloji müayinədən keçərsə, bu, cəmiyyətimiz üçün bir sıra sosial problemlərə gətirib çıxara bilər:

“Əlbəttə ki, yeni evlənənlərin narkoloji müayinədən keçməsi ilə bağlı irəli sürülən təklif çox gözəl təklifdir. Lakin məsələ burasındadır ki, əgər bu məsələni təşkil edəriksə, bizə müəyyən vaxt lazım gələcək. Məsələn, elə narkotik vasitəsi var ki, o, bir gündən sonra insanın bədənindən çıxır. Əgər narkotik istifadəçisi insan bədənində bir günlük qalan narkotik vasitəsi qəbul edərsə, iki gün sonra artıq onu aşkara çıxartmaq mümkün olmaya bilər. Buna görə də  bu müayinəni gözlənilmədən etmək lazımdır.

İkinci bir məsələ, əgər bu məsələ kütləvi şəkildə aparılarsa, böyük sosial problemlərlə üzləşəcəyik. Belə ki,  narkotik istifadə etdiyi aşkarlanan şəxs işindən qovula, işsiz qala, bununla da acığa tüfeyli həyata başlaya bilər. Çünki onları müalicəyə göndərməyə yerlərimiz yoxdur. Məsələn, əgər Bakıda 5 min narkotik istifadəçisi varsa, 487 yer, Sumqayıtda 1000 narkotik istifadəçisi var, müalicə üçün 28 yer var. Yəni yerlər yoxdur, hər yerdə növbədir.

Dövlətin reabilitasiya mərkəzləri ümumiyyətlə yoxdur. Olanlar isə özəldir. Reabilitasiya olunmamış istənilən aslı isə, həmişə aslıdır. Ona görə də yeni mərkəzlərin açılmasına ehtiyac var. Lap yeni reabilitasiya mərkəzləri açılsa da, narkoloq çatışmazlığı var. Ona görə də qeyd edirəm ki, bu məsələni son 5 ildə həyata keçirmək mümkün deyil.

Yalnız Qlobal Fondun maliyyələşdirdiyi “Zərərin azaldılması” layihəsi var. Həmin layihə əsasında narkotik istifadəçiləri adları anonim qalmaqla pulsuz şəkildə müalicə və müayinə oluna bilirlər. Əgər həmin layihəyə daha böyük dəstək olarsa, hesab edirəm ki, mövcud vəziyyət bir qədər yaxşılaşar”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir